Polis podpolkovnikinin evindən 5 milyon dollar tapıldı
Rusiyada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları biznesmenə sui-qəsd hazırlığı şübhəsi ilə yaxaladıqları polis podpolkovnikinin evindən 5 milyon dollar və 2 milyon rubl tapıblar. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Moskva ətrafındakı Yeqorovsk şəhərinin polis bölməsinin rəisi Oleq Yermakov adı hələlik açıqlanmayan iri biznesmenə polis orqanlarında işləyən oğlu ilə birlikdə sui-qəsd hazırlayıbmış. Onun saxlanılması barədə xəbərlər ötən gün iyulun 8-da axşam saatlarında yayılıb.
Bildirilir ki, pullar polis zabitinin şəhərətrafı evində aşkarlanıb. Habelə onun qarajından “Toyota Land Cruiser” və “Range Rover” avtomobilləri də götürülüb.
Yermakovun biznesmenə sui-qəsd hazırlığında şübhəli bilinən oğlu Aleksandr Moskva polisinin iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsində baş əməliyyatçı işləyir. Hazırda podpolkovnik və oğlunu müstəntiqlər dindirir. Məlumata görə, Moskva vilayəti üzrə Baş polis idarəsinin rəisi, general-leytenant Viktor Paukov Yermakovun “qanunazidd əməlləri” barədə xidməti təhqiqat başladıb.