Pakistan baş naziri “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı
Pakistanın Baş naziri İmran Xan “Facebook” şirkətinin rəhbəri Mark Zukerberqə sosial şəbəkədə anti-islam məzmunlu fikirlərin qadağan olunması istəyi ilə müraciət edib. ![]()
O, müraciətini “Twitter” hesabında yazıb.
“Sosial media platformalarında şiddət və böhtanların çoxaldığını nəzərə alaraq, “Facebook”da əvvəllər holokosta qarşı olan qadağanın İslamofobiya və İslama nifrət məsələsinə də tətbiq olunmasını xahiş edirəm”, - İ.Xan bildirib.
Onun sözlərinə görə, dünyanın müxtəlif hissələrində müsəlmanlara qarşı təzyiqlər artıb. O, əsasən də Fransada Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasını, eləcə də Hindistandakı anti-müsəlman qanunlarını xatırladıb.
Pakistan baş naziri qeyd edib ki, İslam Fransada terrorçuluqla əlaqələndirilməyə başlayıb.
“Bu da Fransadakı müsəlmanların daha da qütbləşməsinə və kənarlaşdırılmasına səbəb olacaq”, - deyə o əlavə edib.