ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib. Qətnamə ilə bağlı səsvermə daha əvvəl üç senator tərəfindən bloklanmışdı.
Soyqırımın tanınması barədə qətnamənin Senatda qəbul edildiyini Demokrat Bob Menendez öz Twitter hesabında açıqlayıb.
"Senatın bu qətnamənin təsdiq etməsi tarixin düzgün tərəfində dayanılmasına məqsədəuyğundur," deyə Senatdakı iclasda çıxış edən Senator Menendez bildirib.
1915 hadisələrini soyqırım olaraq xarakterizə edən qətnamə Türkiyəyə sanksiya nəzərdə tutan bir başqa qətnamə ilə birlikdə 29 oktyabr tarixində Nümayəndələr Palatasında 405:11 səslə qəbul olunumuşdu.
Senatdakı səsvermə Ağ Evin təşəbbüsü ilə 3 Respublikaçı senator tərəfindən əngəllənmişdi.
Prezident Rəcəb Tayyib Ərdoğan 13 noyabrda Ağ Evi ziyarət edən vaxt Respublikaçı senatorlarla görüşdükdən sonra qətnamə üzərində səsverməni ilk dəfə Respublikaçı senator Lindsey Qraham əngəlləmişdi. Sonrakı vaxtlarda da Respublikaçı senatorlar Devid Perdü və Kevin Kramer qətnamənin təsdiqlənməsinin qarşısını almışdı.
“Qətnaməni qəbul etmək üçün səsvermə keçirməkdən ötrü bu üç həftə ərzində Senata dördüncü gəlişimizdir," Senatdakı iclasda Respublikaçı senator Ted Kruz bildirib. O, qətnamənin qəbulunu "həqiqət üçün nailiyyət, zülmətə həqiqətin deyilməsi və şərə həqiqətin deyilməsi üçün bir nailiyyət" adlandırıb.
Qətnamə 1915-ci il hadisələrini soyqırım olaraq tanımasından əlavə ABŞ rəhbərliyindən soyqırımın olmaması ilə bağlı iddianı da rədd etməsini və ictimaiyyəti məlumatlandırmasını istəyir.
Senatın qətnaməni qəbul etməsi Xarici İşlər Komitəsinin Türkiyəyə həm Suriya əməliyyatına, həm də S-400 raket qurğularının alınmasına görə sanksiyaların tətbiqindən sonrakı vaxta təsadüf edir./Amerikaninsesi.org/