Əbədiyaşar Lider
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" başlığı altında tədbir keçirildi. Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, bu gün Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir müstəqil Azərbaycan dövləti də olmazdı. Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil, demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Məhz bu səbəbdən Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir dövr daxil oldu . Bu dövr 1969-2003-cü illəri əhatə edir. Həmin illər ölməz bir insanın Vətəninə, xalqına xidmət göstərdiyi illərdir. O illərdə tarixə yazılan hər səhifə xalqımızın həyatında yeni bir eraya çevrildi.Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olub. Bu gün isə Ümummilli lider Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur.
Tədbirdə qonaq qismində iştirak edən Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının katibi, Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü, millət vəkili Elman Nəsirov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Əmək və Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşklatının sədri, Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının üzvü, Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Kəmaləddin Qafarov və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli çıxış edərək Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda əvəzsiz xidmətlərindən danışdılar. Azərbaycanın böyük tarixi şəxsiyyəti, Ümummilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrda onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. " Heydər Əliyev siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təksə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır" deyə bildirildi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olundu.