“TƏKİ VƏTƏN SAĞ OLSUN” – DEYƏN QAZİMİZ:“Ali Baş Komandanımız əmr verərsə,bir an belə düşünmədən yenə səngərə yollanaram”
Azia.az xəbər verir ki, Bu gün bizim qarşımızda duran ən ümdə vəzifələrdən biri, deyərdim ki, ən başlıcası Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimizin, şəhid olan döyüşçülərimizin cəmiyyətdə geniş təbliği və tanıdılması, onların keçdiyi qəhrəmanlıq yolu barədə gənclər və yeniyetmələr arasında geniş məlumatlandırma işi aparılması yolu ilə onlarda vətənpərvərlik hisslərinin daha da yüksəldilməsinə nail olmaq, işğal altında olan torpaqlarımızın azad edilməsinə onları mənəvi və psixoloji cəhətdən hər an hazır olmalarına çalışmaqdır.
Vətənini sevən, ona görə canından keçməyə hazır olan qazilərimiz çoxdur.
Bu gün haqqında söhbət açmaq istədiyim, şərəfli döyüş yolu keçmiş, doğma vətəni canından çox sevən igidimiz, Silahlı Quvvələrin kapitanı Fərhad Rüstəm oğlu Əyyubovdur. Fərhad 26 dekabr 1988-ci ildə Qazax rayonunda anadan olmuşdur.
2004-2007-ci illərdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış C.Naxçıvanski adına Hərbi Liseydə oxuyan Fərhad Əyyubov, 2007-2010-cu illərdə Türkiyənin “ Kara Harp Okulu” adlanan Ali hərbi məktəbində təhsilini davam etdirmiş, 2011-2012-ci illərdə “İzmir İstehkam Okulu”nda təlim keçmişdir. Eyni zamanda Əfqanıstanda 7 ay Sülh məramlı qoşunların tərkibində xidmət etmişdir.
2018-ci ilin avqust ayından Ağdamda erməni işğalçılarına qarşı igidliklə mübarizə aparan kapitan Fərhad Əyyubov 31 yanvar 2019-cu ildə gərgin döyüş vaxtı mənfur erməni snayperi tərəfindən sol dizinin yuxarı hissəsindən güllə yarası almışdır. Ağdam qospitalında qazimiz ayağını itirmək məcburiyyətində qalmışdır.
Hazırda igid kapitanımız Respublika Hərbi qospitalının Ortapedia şöbəsində müalicə olunur. Söhbət zamanı qazimiz Hərbi qospitalın travmatoloq-cərrah Taryel Quliyevin və orda çalışan digər tibb işçilərinin həddindən artıq diqqət və qayğı göstərdiklərini vurğuladı.
Qazimizin iki gözəl körpəsi- 5 yaşında qızı və 4 yaşında oğlu var. O, bu iki körpəni vətənpərvər ruhlu yetişdirir, onlarda Vətənə , doğma torpağa sevgi hissi aşılayır.
“ Torpaq, uğrunda ölən varsa vətəndir” devizini əsas tutan qazimiz “ Təki Vətən sağ osun” deyərək bildirdi ki, son damla qanımıza qədər torpaqlarımız uğrunda mübarizə aparacağıq və qələbə bayrağını Qarabağda dalğalandıracağıq.
Aydın Adıgözəlli
“Aydın Fikir” qəzetinin redaktoru
Aybəniz Abdulova
Xüsusi müxbir