“Xalq Bank” ASC məcburi köçkünü intihara sürükləyir-FOTO VİDEO -
Laçın rayonu 18 may 1992-ci ildən bugünə kimi erməni faşistlərinin tapdaqları altındadır və adı çəkilən bu rayondan məcburi köçkün düşmüş Budaqov Şakir Xanlar oğlu “GündəmXəbər”ə bildirir ki, “Mən “Xalq Bank” ASC tərəfindən olmazın hoqqalarla üz-üzə qalmışam”.Ona görə də, bu şəxsin üz-üzə qaldığı hoqqaların ictimailəşdirilməsinə qərar verdik.
Hal-hazırda Şakir Budaqov Mingəçevir şəhəri, Naxçıvan küçəsi-36, mən-1 ünvanda minbir əzab-əziyyətlə aldığı şəxsi mənzilində yaşayır. Onu da bildirək ki, 2010-cu ilin yanvar ayında Ş.Budaqov ailə-məişət problemlərini həll etmək məqsədilə, yaşadığı mənzilini girov qoyub “Xalq Bank” ASC-dən 20.000 (iyirmi min) manat məbləğində kreditə pul götürür. O, həmin pulun ilk ayını ödəsə də, işsizlik səbəbindən növbəti aylara görə ödəyəcəyi kredit pullarının ödənişini bir il gecikdirməyə məcbur olur. Belə bir gecikmə baş verdiyindən, “Xalq Bank” ASC Ş.Budaqova məxsus mənzilin satışını həyata keçirmək üçün “Külək” MMC-yə müraciət edir. Mənzilin satışda olduğu müddətdə ərzində isə, Ş.Budaqov hər aya görə faiz pullarını ödəyir və 2014-cü ilin fevral ayında son ödənişini ödəməklə kredit borcunu bağlayır. Hətta, mənzilinin sənədlərini “Xalq Bank” ASC-dən geri almağa da müyəssər olur. O, 2017-ci ilin mart ayında həmin mənzili bağışlama müqaviləsini notarial qaydada təsdiq etdirib ailənin kiçik övladı Budaqov Elmir Şakir oğlunun adına keçirir. Təəccüb doğuran hal o olur ki, bağışlanma müqaviləsi təsdiqləndikdən sonra “Xalq Bank” ASC mənzilin yenidən bankın balansına qaytarılması ilə bağlı iddia tələbini irəli sürür. Səbəb də, Şakir Budaqovun ödədiyi kredit pullarının “Külək” MMC-nin büdcəsinə ödənilməsini əsas gətirir. Görəsən kredit borcları tam şəkildə ödənilsə də, vətəndaşa verilən ödəniş qəbzləri “Xalq Bank” ASC-yə məxsus olsa da, bank tərəfi hansı əsasla vətəndaşdan təkrar ödənişin həyata keçirilməsini, yaxud yeganə sığınacaq yeri olan mənzili ondan almağı tələb edir?!
Azərbaycan Respublikası sivil, hüquqi dövlətdir və biz qanunların aliliyinə inanırıq. Ona görə də düşünürük ki, saxta sənədlər düzəldilsə də, vətəndaşa məxsus mənzilin ələ keçirilməsinə yönəlik addımlar atılsa da, son anda hər bir addıma hüquq müstəvisində baxılacağına və ədalətin bərpa olunacağına inanırıq. Odur ki, biz KİV nümayəndəsi olaraq yaşanan olayları diqqətdə saxlayacağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.