azia.az
azia.az

Saxta sənədlə 1,4 milyonluq əmlakı ələ keçirdi, 680 min manata satdı

Bu gün, 10:38

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsmənimsəmədə təqsirləndirilən Məlik İmranovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cәzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkməklə ona 11 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama əsasən, Məlik İmranov tanışı Vahab Quliyev və digər şəxslərlə qabaqcadan əlbir olaraq iki epizod üzrə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

İttihamın ilk epizoduna görə, təqsirləndirilən şəxs Vahab Quliyev və digər şəxslərlə əvvəlcədən razılaşaraq zərərçəkmiş S.S. və D.D.-yə (hər ikisinin adı və soyadı şərtidir) məxsus, birgə mülkiyyətdə olan 125,4 kvadratmetr qeyri-yaşayış sahəsini ələ keçirmək məqsədi güdüb. Sözügedən əmlak 2022-ci ildə icarə müqaviləsinə əsasən bir il müddətinə Vahab Quliyevin istifadəsinə verilib.

Həmin tarixdə obyektin real bazar qiymətinin 1 milyon 465 min manat olduğu göstərilib.

Məlik İmranov və əlbir olduğu şəxslər sonradan həmin əmlak üzərində hüquqlar əldə etmək üçün saxta sənədlər hazırlayıblar.

Belə ki, 2023-cü ilin mart ayında istintaqa məlum olmayan ünvanda bir sıra rəsmi sənədlər qanunsuz hazırlanıb. Həmin sənədlər arasında guya Rusiya Federasiyasının Kurqan şəhərində notarius tərəfindən təsdiqlənmiş etibarnamələr və razılıq sənədləri olub. Sənədlərdən birinin zərərçəkmiş S.S. adından, digərinin isə onun həyat yoldaşının adından tərtib edildiyi göstərilib.

Bundan başqa, M.Abdullayevin həyat yoldaşının adından da guya Kurqan vilayətinin Kurqan şəhər notariat dairəsinin notariusu tərəfindən təsdiqlənmiş razılıq sənədlərinin hazırlandığı ittiham edilir. Bu sənədlər Məlik İmranovun Vahab Quliyev və digər şəxslərlə qabaqcadan əlbir olaraq hazırladığı saxta sənədlər olub.

İş materiallarına əsasən, 2023-cü il tarixdə hazırlanmış sənədlər Bakı şəhərində yerləşən notariat ofislərinin birinin xüsusi notariusuna təqdim edilib. Bundan sonra qabaqcadan əlbir olduğu Vahab Quliyev zərərçəkmiş S.S. və D.D.-nin adından çıxış edən şəxs kimi göstərilib. Saxta sənədlər əsasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, 125,4 kvadratmetr qeyri-yaşayış sahəsinin təqsirləndirilən şəxsin adına satılmasına nail olunub.

Daha sonra həmin müqavilə əsasında onun adına daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı aparılıb.

İttihamın bu hissəsinə əsasən, Məlik İmranov və onunla qabaqcadan əlbir olan şəxslər 125,4 kvadratmetr qeyri-yaşayış sahəsini və həmin əmlakla bağlı hüquqları S.S. və D.D.-dən qanunsuz olaraq ələ keçiriblər.

Əmlakın həmin dövrdə real bazar qiyməti 1 milyon 465 min manat təşkil edib.

Bundan başqa, Məlik İmranov və əlbir olduğu şəxslər 125,4 kvadratmetr qeyri-yaşayış sahəsinin əslində onlara məxsus olmadığını biliblər. Onlar gələcəkdə əmlak üzərində mübahisə yarandığı halda bağladıqları alqı-satqı müqaviləsinin və sərəncam hüquqlarının ləğv edilə biləcəyindən xəbərdar olublar. Buna baxmayaraq, həmin əmlakı başqa şəxslərə satmaq qərarına gəliblər.

2023-cü ilin mart ayının sonlarında təqsirləndirilən şəxslər istifadələrində olan mobil telefon vasitəsilə istintaqla şəxsiyyəti araşdırılan “Şamil” adlı şəxsin köməyi ilə zərərçəkmiş F.F.-ə zəng ediblər. Onlara həmin 125,4 kvadratmetr qeyri-yaşayış sahəsinin özlərinə məxsus olduğunu bildiriblər.

Onlar bununla zərərçəkmiş şəxsi aldadaraq həmin əmlakı 680 000 manata almağa razı salıblar.

Bundan sonra notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, zərərçəkmiş F.F. ümumilikdə 680 000 manat ödəyiblər.

İttihama görə, Məlik İmranov əldə edilən 680 000 manat vəsaiti Vahab Quliyev və digər şəxslərlə aralarında bölüb və şəxsi ehtiyaclarına sərf edib.

Beləliklə, ikinci epizod üzrə də zərərçəkmiş S.S. və zərərçəkmiş F.F.-ə ümumilikdə 680 min manat məbləğində xüsusilə külli miqdarda ziyan vurulub.

Hadisədən sonra Məlik İmranov ölkəni tərk edərək Rusiyaya qaçıb.

İş materiallarından görünür ki, Rusiya Federasiyasının Tümen şəhəri Lenin Rayon Məhkəməsinin 2025-ci il tarixli qərarı ilə beynəlxalq axtarışda olan təqsirləndirilən şəxsin saxlanıldığı müəyyən edilib. Rusiya məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan o, Azərbaycana ekstradisiya edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi