Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
Hər bir yaşayış məntəqəsinin gələcəyində məktəb xüsusi yer tutur. Çünki burada həm də gələcəyin vətəndaşları yetişirlər. Buna görə tədris ocaqlarının vəziyyəti, onun necə təmir olunması və orada şagirdlər üçün hansı şəraitin yaradılması hər zaman diqqət mərkəzində olmalıdır.
Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəblə bağlı məsələ də məhz bu baxımdan düşündürücüdür. Böyük bir qəsəbəyə xidmət edən məktəbin təmir olunacağı xəbəri sakinlər tərəfindən elə böyük sevinclə qarşılanmışdı. Çünki gözlənti məktəbin əsaslı şəkildə yenilənməsi, illərdir yığılıb qalan problemlərin birdəfəlik aradan qaldırılması idi. Bu gözləntinin arxasında həm də məktəbin xüsusi mənəvi yükü dayanır. Belə ki, həmin məktəbin 7 məzunu Vətən müharibəsində şəhid olub.
Ancaq təmir başa çatdıqdan sonra ortaya çıxan mənzərə sakinlərin gözləntisini heç də doğrultmayıb. Döşəmələr yenilənib, pəncərələr qoyulsa da, məktəbin divarlarının çatlamış və yararsız vəziyyətdə qalması ciddi suallar doğurur. Tavan və fasad, həyət və digər hissələr də lazımi səviyyədə təmir edilməyib. Məktəbin mühafizə hasarının olmaması isə vəziyyəti daha da düşündürücü edir.
İndi əsas məsələ “görülən işlər”in məktəbin real ehtiyaclarına nə dərəcədə cavab verməsidir. Əgər divarlar çatlayıb, fasad və tavan öz əvvəlki vəziyyətində qalıb, məktəb ərazisi lazımi şəkildə qorunmayıbsa, o zaman “əsaslı təmir” gözləntisinin nə dərəcədə qarşılandığı haqlı olaraq soruşulur.
Dövlət büdcəsi vəsaiti hesabına görülən təmirin məntiqi bir olmalıdır: problem bu gün həll edilsin ki, sabah yenidən eyni problem üçün vəsait ayrılmasına ehtiyac yaranmasın. Əks halda, yarımçıq iş həm büdcə vəsaitinin səmərəliliyi, həm də təmirin keyfiyyəti ilə bağlı ciddi suallar yaradır.
Ərkivan sakinləri məktəbin əsaslı şəkildə təmir olunmasını, işlərin yarımçıq saxlanılmamasını istəyirlər. Bu, artıq sadəcə sakinlərin narazılığı ilə yanaşı, məktəbin gələcək vəziyyəti ilə bağlı haqlı gözləntidir. Məktəbə çəkilən hər xərc əslində gələcəyə qoyulan sərmayədir. Bu səbəbdən görülən işin nəticəsi yalnız bu günün görüntüsü ilə ölçülməməlidir.
Divardakı çatın üzərini örtmək asandır, amma illər sonra həmin məktəbdə oxuyacaq uşaqlar üçün təhlükəsiz və sağlam mühit yaratmaq daha böyük məsuliyyətdir. Çünki bu gün məktəbin divarlarına necə münasibət göstəririksə, əslində, sabahın uşaqlarına münasibətimizi də elə müəyyənləşdiririk.