
Leysan Məmmədov ətrafında səsləndirilən iddialar: tenderlər, audit və milyonluq layihələr
Uzun illər ərzində böyük həcmli dövlət vəsaitlərinin idarə olunmasında iştirak edən Məmmədovun fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda mətbuatda bir sıra ciddi iddialar səsləndirilib. Həmin yazılarda dövlət satınalmaları, tikinti layihələri, maliyyə əməliyyatları və ailə üzvləri ilə əlaqəli şirkətlərin dövlət sifarişlərində iştirakı məsələləri gündəmə gətirilib.Məmmədovun Gənclər və İdman Nazirliyində çalışdığı dövr də müxtəlif media materiallarında mübahisəli məqamlarla əlaqələndirilib.Mətbuatda Hesablama Palatasının audit materiallarına istinadən Şəmkir, İsmayıllı, Göyçay, Hövsan və Şağan ərazilərində inşa edilən idman obyektləri ilə bağlı ümumilikdə 14 milyon manatdan artıq vəsait üzrə maliyyə pozuntuları, mənimsəmə və təyinatdan kənar xərclər barədə iddialar dərc olunub.Həmin məlumatlarda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparıldığı və Məmmədovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulduğu da iddia edilib. Buna baxmayaraq, sonrakı mərhələdə onun Qarabağda bərpa və tikinti layihələrinə rəhbər vəzifəyə gətirilməsi bəzi media orqanlarında ciddi suallar doğurub.
Qarabağ layihələri və tenderlərlə bağlı suallar
Mediatvaz.com xəbər verir ki,Məmmədovun Qarabağdakı fəaliyyəti dövründə də müxtəlif satınalma prosedurları ilə bağlı iddialar ortaya çıxıb.Mətbuatda Xocavənd və Füzuli istiqamətində həyata keçirilən layihələr üzrə tender proseslərinə müdaxilə edildiyi və bəzi sifarişlərin müəyyən şirkətlərə üstünlük verilməklə verildiyi iddia olunub.Xocavənd rayonunun Qarakənd kəndində 40 fərdi yaşayış evinin təmiri üçün bir mənbədən satınalma üsulu ilə “İmza Construction” MMC-yə 2,3 milyon manatlıq sifariş verildiyi barədə məlumatlar yayılıb. Yazılarda layihə üzrə bir kvadratmetr təmir işinin sənədlərdə 349 manat göstərildiyi və qiymətlərin şişirdildiyi iddia edilib. Füzuli şəhərində yaşayış məhəllələrinin layihələndirilməsi ilə bağlı sifarişlərin nizamnamə kapitalı cəmi 10 manat olan şirkətə verilməsi də mediada sual doğuran məsələlərdən biri kimi təqdim olunub.
Bundan başqa, deputat Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən “Diler İnşaat” QSC-yə təxminən 8 milyon manatlıq sifariş verilməsi də maraqların toqquşması ehtimalı kontekstində müzakirəyə çıxarılıb.Media materiallarında xidməti avtomobillərin təmiri adı altında dövlət büdcəsindən təxminən 5 milyon manat vəsaitin xərcləndiyi barədə iddialar da yer alıb.
“Platin” MMC və ailə əlaqələri barədə iddialar
Mətbuatda yayılan araşdırmalarda Məmmədovun rəhbərlik etdiyi qurumların həyata keçirdiyi bəzi layihələrdə onun ailə və qohumları ilə əlaqəli şəxslərin və şirkətlərin iştirak etdiyi iddia edilir.Bu kontekstdə ümumi dəyəri 25 milyon manatdan artıq olduğu bildirilən üç Qarabağ layihəsinin bir mənbədən satınalma yolu ilə “Platin” MMC-yə verilməsi xüsusi diqqət çəkib.Media yazılarında şirkətin formal rəhbərliyinin başqa şəxsin adına rəsmiləşdirildiyi, lakin layihələrin maliyyə idarəçiliyində və pul axınlarının təşkilində Məmmədovun oğlu Elnur Məmmədovun rolunun olduğu iddia olunub.Həmçinin “Amirşin” MMC, “Kənanşin” MMC və “MNR Construction and Equipment” MMC-nin bir-biri ilə əlaqəli subpodratçı şəbəkə təşkil etdiyi və dövlət vəsaitlərinin müxtəlif mexanizmlərlə nağdlaşdırılmasında istifadə olunduğu barədə də iddialar yayılıb.Bu məlumatların hər biri üzrə hüquqi qiymətin müvafiq istintaq və məhkəmə orqanlarının yekun qərarları ilə müəyyənləşdirilməsi vacibdir.
Elnur Məmmədov və “Sea Breeze”də baş verdiyi bildirilən insident
Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı isə daha əvvəl paytaxtdakı “Sea Breeze” istirahət kompleksində yerləşən “Rose Bar” əyləncə məkanında baş verdiyi bildirilən kütləvi dava ilə bağlı xəbərlərdə hallanıb.Mətbuatda yayılan məlumatlara görə, mübahisə söyüş zəminində başlayıb və sonradan əlbəyaxa davaya çevrilib. İnsident zamanı ərazidəki avtomobillərə zərər dəydiyi və asayişin pozulduğu bildirilib.Sabunçu Rayon Məhkəməsində araşdırılan cinayət işi çərçivəsində Elnur Məmmədovun zərərçəkmiş statusu aldığı, digər şəxslərin isə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyi barədə məlumatlar yayılıb.Məhkəmə proseslərində bəzi təqsirləndirilən şəxslərin Məmmədov ailəsinin vəzifə imkanlarından istifadə etməklə hadisənin əsl iştirakçısının məsuliyyətdən kənarda saxlanıldığını iddia etdikləri bildirilib. Elnur Məmmədovun isə məhkəməyə çağırışlara baxmayaraq bəzi iclaslarda iştirak etmədiyi barədə məlumatlar dərc olunub.
Hesablama Palatasının audit materialları
Məmmədovun rəhbərlik etdiyi qurumların fəaliyyəti ilə bağlı ən ciddi məsələlərdən biri də Hesablama Palatasının audit materiallarında əksini tapdığı bildirilən maliyyə pozuntularıdır.Mətbuatda yayılan məlumatlara əsasən, Qarabağdakı Tikinti və İdarəetmə Xidmətində dövlət əmlakının satışından əldə olunan vəsaitlərin digər layihələrin maliyyələşdirilməsinə yönəldilməsi zamanı müəyyən qayda pozuntularına yol verildiyi qeyd olunub.Bundan başqa, təyinatdan kənar maliyyə əməliyyatları, ştat cədvəlləri üzrə artıq və qanunsuz ödənişlər və digər maliyyə pozuntuları barədə də məlumatlar yayılıb.Audit nəticəsində böyük məbləğdə maliyyə təhriflərinin müəyyənləşdirildiyi və toplanmış materialların hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərildiyi bildirilib.
Fəhlələrin etirazı və prokurorluq araşdırması
Məsələnin digər tərəfi isə Qarabağda aparılan tikinti işlərinə cəlb olunan fəhlələrin əməkhaqları ilə bağlı narazılıqlardır.Mətbuatda yayılan xəbərlərə görə, Xocavənd rayonunda bərpa layihələrində çalışan bəzi subpodratçı şirkətlərin işçiləri aylarla əməkhaqlarını ala bilmədiklərini bildirərək etiraz aksiyası keçiriblər.İşçilərin sosial şəbəkələr vasitəsilə dövlət rəhbərliyinə müraciət etdikləri və şikayətlərin ictimai rezonans doğurduğu qeyd olunub. Bundan sonra Baş Prokurorluq tərəfindən məsələnin araşdırılması üçün tədbirlər görüldüyü və podratçı müqavilələri üzrə yoxlamaların aparıldığı barədə məlumatlar yayılıb.
Leysan Məmmədovun adı ətrafında illər ərzində müxtəlif xarakterli iddiaların səsləndirilməsi dövlət vəsaitlərinin idarə olunması, satınalma prosedurlarının şəffaflığı və mümkün maraqlar toqquşması məsələlərini yenidən gündəmə gətirir.Olimpiya komplekslərindən Qarabağdakı bərpa layihələrinə, tenderlərdən subpodratçı şirkətlərə, audit materiallarından fəhlələrin şikayətlərinə qədər uzanan bu məsələlərin hər biri üzrə son hüquqi nəticənin aidiyyəti dövlət qurumlarının rəsmi qərarları ilə müəyyənləşdirilməsi vacibdir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
