İcra başçısı müavini Leysan Məmmədov nazirliyin “kölgə” adamına necə çevrildi?/FOTO
Son illərdə korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlərin üzə çıxartdığı faktlar göstərir ki, Azərbaycanın nazirlik, komitə və sair dövlət qurumlarının əksəriyyətində büdcə vəsaitlərinin oğurlanması prosesi baş verir. Təcrübə göstərir ki, bir quruma ayrılan vəsait nə qədər çoxdursa, korrupsiyanın, mənimsənilən pulların həcmi də bir o qədər böyük olur. Təcrübə onu da göstərir ki, korrupsiyanın yüksək təşəkkül tapdığı sahələr arasında tikinti sektoru birinci yerdədir. Cəmiyyətdə oturuşmuş qənaət belədir ki, hansı nazirliyə, quruma tikinti üçün daha çox vəsait ayrılıbsa, orada daha çox dövlət vəsaiti təyinatından yayındırılaraq mənimsənilib…
Azərbaycan təcrübəsindən o da aydın olur ki, adətən, dövlət vəsaitləri mənimsənilən qurumlarda qanunsuz əməllərin əlaqələndiricisi olur. Bu əlaqələndirici korrupsiya sxemini yaradır, rəhbərə təklif edir, daha sonra onun həyata keçirilməsini, dəqiq işləməsini təmin edir. Belə adamlar adətən hər hansı formada gözə dəymirlər – necə deyərlər, kölgədə qalmağa üstünlük verirlər. Onların adları demək olar ki, heç vaxt mətbuatda hallanmır, çünki proseslər daha iri fiqurun adı ilə bağlı olur. Çox böyük maliyyə vəsaitlərinin hərəkətinə nəzarət, iri layihələrin həyata keçirilməsinə rəhbərlik edən “kölgə” adamlar rəhbərlərin tapşırıqlarının icraçısı kimi tanınsalar da, öz maraqlarını da böyük ölçüdə təmin etməyi bacarırlar.
Belə “kölgə” adamlardan biri də hazırda Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsini tutan Leysan Məmmədovdur. Birdən-birə üç ixtisasa (ikisini 2000-ci ildən sonra əldə edib) YİYƏLƏNİB – inşaatçı-mühəndis, iqtisadçı, həm də hüquqşünas ixtisaslarına sahibdir.
Binəqədi İH-nin İnternet saytında yerləşdirilən məlumatdan aydın olur ki, L.Məmmədov 1988-ci ildə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisasını, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2003-cü ildə Ali Diplomatiya Kollecinin Hüquqşünaslıq fakültəsini bitirib. Yəni həm dövlət qulluğunda çalışıb, həm də iki yerdə oxuyub(?)
L.Məmmədovun fəaliyyət dosyesi çox zəngindir. Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə, rəngsaz, başı mexanik, iş icraçısı, tikinti ustası və nəhayət, rəis vəzifələrində işləyib. Tikinti sahəsində bir sıra orta və xırda vəzifələrdən sonra o, 1996-cı ildə Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin nəzarət-təftiş idarəsində baş müfəttiş vəzifəsinə çata bilib.
1998-ci ildən isə tamam fərqli bir sahədə – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatında nəzarət şöbəsində əmək müfəttişi işinə başlayıb. Əmək Müfəttişliyinin qaz vurub qazan dolduran vaxtlarında 8 ilə yaxın baş müfəttiş vəzifəsində işləyəndən sonra 2006-cı ildə daha gəlirli yerə gedib – Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə əvvəlcə direktor müavini, 2009-cu il ildən 2021-ci ilin yayına qədər isə direktoru kreslosunu tutub.
Vikipediyada yazılana görə, L.N. Məmmədov Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirib: “Belə ki, o, gənclər və idman obyektlərində aparılan tikinti-quraşdırma və təmir-tikinti işlərinin layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə, vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə nəzarət edir, başa çatmış obyektləri baş podratçı ilə birgə qəbul komissiyasına təqdim edir, podratçı təşkilatla müqavilə bağlanmasını təmin edir, aparılan tikinti-quraşdırma və təmir-tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun aparılmasına, texniki nəzarət etdiyi obyektlərdə aparılan işlərin tikinti norma və qaydalarına uyğunluğuna nəzarət edir, tikinti prosesində ortaya çıxan digər məsələləri həll edir”.
Məlumatda qeyd olunur ki, 2006-ci ildən başlayaraq vəzifədən çıxarılana qədər(maraqlıdır ki, L.Məmmədovun GİN-dəki vəzifəsindən azad olunma tarixi və səbəbi heç yerdə açıqlanmır –red.) Leysan Məmmədovun bilavasitə rəhbərliyi altında respublikamızın əksər bölgələrində onlarla gözəl memarlıq nümunəsi olan olimpiya idman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib: “Şəmkir, Hövsan, İsmayıllı, Şağan Olimpiya İdman Kompleksləri (2009-cu il); Ağdaş, Göyçay, Balakən OİK-ləri, Kür Avarçəkmə müəssisəsi (2010-cu il); Tovuz, İmişli, Sumqayıt, Qəbələ Olimpiya İdman Kompleksləri (2011-ci il); Astara OİK, Səadət Sarayının çox yüksək səviyyədə yenidən qurulması, Tofiq Bəhramov adına Stadionun yenidənqurma işləri (2012-ci il); Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Komplekslərinin tikintiləri (2013-cü il); respublikamızın bölgələrində çoxlu sayda idman zalları, gənclər evləri, futbol meydançaları və digər idman obyektləri”…
Hələ bunlar harasıdır, məlumatdan o da aydın olur ki, Bakıda keçirilən Birinci Avropa Oyunları üçün tikilən bütün obyektlərə nəzarəti də Leysan Məmmədov həyata keçirib.
Olimpiya kompleksləri, idman sarayları, Avropa oyunları üçün binaların tikintisində yol verilən korrupsiyaya dair müstəqil jurnalist araşdırmalarının nəticələrini kənara qoyaraq, rəsmi açıqlanan faktlara diqqət yetirək. Hesablama Palatasının 2013-cü ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, Dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib. Hesabatda bildirilir ki, Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra obyektin təyinatı dəyişdirilərək onun bazasında Gənclərin Təlim və İstirahət Mərkəzi tikilib.
Başqa 2 rayonda isə olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton örtüyü işləri tam yerinə yetirilmədiyi halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanıb.
Hesabata görə, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib, 2 rayonda tikintisi başa çatmış kompleks istifadəyə verilsə də, dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilib.
Həmçinin tikintisi başa çatmış 14 obyekt üzrə dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmayıb, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilib.
Gənclər və İdman Nazirliyi palatanın nöqsanlarının aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib.
Gənclər və İdman Nazirliyinin məlumatına əsasən, 2012-ci ilədək ölkədə 33 OİK mövcud idi və onlardan 18-i istifadəyə tam hazır idi. Komplekslərdən 16-nı Gənclər və İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komitəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib.
2005-2012-ci illərdə Gənclər və İdman Nazirliyinə 475 milyon manat (o vaxtkı məzənnə ilə təxminən 600 milyon dollar) dövlət investisiyası yatırılıb. Bu da ölkəyə böyük neft pullarının daxil olması nəticəsində dövlət investisiya xərclərinin artması ilə bağlı olub. Ondan əvvəlki illərdə büdcədən investisiya xərclərinə elə də böyük vəsait ayrılmadığından, 2002-2005-ci illərdə büdcədən idmanın inkişafı istiqamətində ayrılan vəsaitin də həcmi 100 milyon dolları ötməyib.
Maraqlıdır ki, L.Məmmədovun bilavasitə rəhbərlik etdiyi olimpiya idman komplekslərinin tikintisi ayrı-ayrı rayonlarda fərqli məbləğlərə başa gəlib. Məsələn, Sumqayıtda OİK-in tikintisinə 16 milyon manat, İmişlidə OİK-in tikintisinə təxminən 13 milyon manat, Tovuzda, Göyçayda və Qəbələdə OİK-lərin tikintisinə təxminən 12 milyon manat, İsmayıllıdakı OİK-ə 11,5 milyon, Ağdaş, Şağan və Hövsandakı OİK-lərə 10, 5 milyon, Şəmkir və Balakəndəki OİK-lərə 10 milyon, Biləsuvar və Kürdəmirdəki OİK-lərə 9,2 milyon, Füzuli və Oğuzdakı OİK-lərə 8,5 milyon, Ağdamdakı OİK-ə 3,6 milyon, Sabirabaddakı OİK-ə isə 837 min manat vəsait xərclənib.
Dövlət büdcəsindən maliyyələşsə də, komplekslərin tikintisinə xərclənən vəsait arasındakı bu qədər böyük fərqin məntiqi izahını tapmaq mümkün deyil. Məsələn, Sabirabadın Qalağayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında cüzi fərq olmasına baxmayaraq, xərclənən vəsait arasında 12 dəfə fərq var. Bu o deməkdir ki, həmin OİK-lərin tikintisinə ayrılan vəsaitlərin ən azı 70-80 faizi mənimsənilib.
Qeyd edək ki, L.Məmmədov Avropa oyunları üçün obyektlərin tikintisinə rəhbərlik etməsini fəxrlə öz tərcümeyi-halına daxil edib. Avropa Oyunlarının keçirildiyi Su İdmanı Sarayının tikintisi 200 milyon manatdan çox, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi 110 milyon manat, Avropa Oyunları Parkı 100 milyon manatdan bir qədər az məbləğə başa gəlib. Bu məbləğləri mərhum nazir Azad Rəhimov açıqlasa da, nazirliyin internet saytında bu məlumatlar yerləşdirilməyib.
Bu haqda məlumatlar Hesablama Palatasının dövlət büdcəsinin icrası haqqında rəylərində əksini tapır. Məsələn, Palatanın 2014-cü ildə dövlət büdcəsinin icrasına dair rəyində qeyd olunur ki, 2014-cü ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan idman obyektlərinin tikintisinə 925 milyon manat vəsait istifadə olunub. Bu vəsait hesabına digər idman obyektləri ilə yanaşı, Avropa Oyunları Parkı, Su İdmanı Sarayı, BMX Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparklarının tikintisi, Stend Atıcılığı üzrə İdman Kompleksinin yenidən qurulması işləri də maliyyələşdirilib. Palata bu obyektlər üzrə 2014-cü ildəki xərcləri açıqlamır.
Palatanın 2015-ci il büdcəsinin icrası haqda rəyi daha şəffafdır. Rəydə qeyd olunur ki, həmin il idman obyektlərinin tikintisinə aşağıdakı həcmdə pul xərclənib:
• Su İdmanı Sarayının tikintisi – 20 milyon 499,7 min manat;
• Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması – 39 milyon 984,9 min manat;
• Avropa Oyunları Parkının tikintisi- 8 milyon manat;
• BMX Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparkların tikintisi -7 milyon 648,0 min manat;
• Abşeron rayonunda Olimpiya İdman Kompleksinin tikintisi – 597,9 min manat;
• Yardımlı rayonunda İdman Kompleksinin tikintisi – 196,7 min manat.
Hesablama Palatası 2015-ci ildə I Avropa oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlərlə bağlı investisiya xərclərinin 1 milyard 329 milyon 184,5 min manat olduğunu açıqlayıb.
Hökumət 2017-ci ildə idman obyektlərinin tikintisinə dövlət əsaslı vəsait qoyuluşundan 330 milyon 300 min manat vəsait ayırıb. Bunu da Hesablama Palatası dövlət büdcəsinə dair rəyində açıqlayıb.
2018-ci ildə isə yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsait ayrılıb.
2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsi üzrə idman obyektlərinin tikintisinə 202 milyon manat xərclənib.
L.Məmmədovuyn rəhbərliyi ilə idman obyektlərinin tikintisində daha hansı qanunsuzluqlara, artıq və əsassız xərcləmələrə yol verilib;
Onun Gənclər və İdman Nazirliyindən Minaların Təmizlənməsi Agentliyinə keçidi necə baş verib, niyə orada möhkəmlənə bilməyib;
Leysan Məmmədov Binəqədi İcra Hakimiyyətində hansı “sahəyə” və necə nəzarət edir…
Bütün bunlar barədə növbəti yazıda…
Musavat.com