Bayramovun TƏBİB-ə gəlişi “bayram” gətirmədi
Azərbaycan səhiyyəsinin son illərdəki mənzərəsi bir dram əsərini deyil, daha çox sonu görünməyən bir xaos xronikasını xatırladır. İslahat adı altında qurulan, böyük vədlərlə fəaliyyətə başlayan TƏBİB, bu gün xalqın gözündə şəfa ocağı deyil, bürokratik əngəllərin, mənasız kadr dəyişikliklərinin və məsuliyyətsizliyin simvoluna çevrilib.
Ortada olan acı həqiqət isə budur: TƏBİB rəhbərliyi kreslo davası apararkən, xəstəxanaların qapısında can verən vətəndaşın fəryadı göyə bülənd olur. Mediada yayılan, insanlara qarşı edilən zülmü əks etdirən dəhşətli görüntülər və təkzibolunmaz faktlar göstərir ki, bu qurum artıq tibbi xidmət mərkəzi deyil, bir işgəncə poliqonuna çevrilib.
Son həftələrdə TƏBİB-də baş verən “vəzifə yerdəyişmələri” sanki bir şahmat oyununu xatırladır. Yeni sədr Anar Bayramovun gəlişi ilə nəsə dəyişdimi? Əsla! Rəhbər şəxslərin yerlərinin dəyişdirilməsi, bir ismin digəri ilə əvəzlənməsi xalqın ağrısını azaltmır. Sistemin mahiyyəti dəyişməyibsə, idarəçilik fəlsəfəsi kökündən yenilənməyibsə, adların dəyişməsi sadəcə kosmetik bəzək və şəxsi maraqların təminatıdır. Yeni sədrin idarəçilik “istedadı” özünü xəstəxanaların qapısında çarəsiz qalan insanların ah-naləsində büruzə verir. Bir xəstəni nə “Yeni Klinika”, nə “Semaşka”, nə də digər dövlət xəstəxanaları qəbul etmirsə, o zaman sual olunur: Anar Bayramov o kresloda nə üçün oturub? Bu nəhəng binalar, bu milyonlarla manatlıq avadanlıqlar xalq üçün deyilmi? Əgər təcili yardım maşınında can çəkən insan “yer yoxdur” bəhanəsi ilə qapı-qapı gəzdirilirsə, deməli, yeni rəhbərlik bu sistemi xəstəni sağaltmaq üçün deyil, onu süründürmək və daha da məhv etmək üçün proqramlaşdırıb.
TƏBİB-in yeni sədri görünür elə bilir ki, səhiyyə idarə etmək sadəcə əmrlər imzalamaq, təmtəraqlı toplantılar keçirmək və tabeliyindəki şəxsləri “öz adamları” ilə əvəzləməkdir. Anlamaq lazımdır ki, səhiyyə hər şeydən əvvəl vicdan və sürət deməkdir. Savadlı həkimləri müxtəlif bəhanələrlə sistemdən uzaqlaşdıran, onların yerinə isə yalnız “sadiqlik” və korporativ maraqlar prinsipi ilə kadr toplayan Anar Bayramovun təfəkkürü, əslində xalqın sağlamlığına birbaşa qəsddir. Bu gün TƏBİB-in dəhlizlərində “kim hara təyin olunacaq?” sualı, “hansı xəstəyə necə kömək edək?” sualını çoxdan üstələyib. Yeni rəhbərlik öz rahat kabinetində kreslo bölgüsü və intriqalarla vaxt öldürərkən, xəstəxana həyətlərində insanlar rəsmən zülmə məruz qalır. Bu, sadəcə bir idarəçilik qüsuru deyil, bu, Anar Bayramovun rəhbərliyinin mənəvi iflasıdır.
Dövlət başçısı səhiyyə sahəsində islahatların aparılması, icbari tibbi sığortanın tətbiqi və insanların keyfiyyətli tibbi xidmət alması üçün bütün imkanları səfərbər edib. Lakin TƏBİB-in yeni sədri bu etimadı doğrultmaq əvəzinə, dövlətin resurslarını öz kadr oyunlarının qurbanına çevirir. Vətəndaşın dövlətə olan inamını sarsıtmaq, xəstəxanada yardım ala bilməyən insanın ümidini qırmaq – bu, birbaşa xəyanətdir. Anar Bayramov, siz hansı islahatdan danışırsınız? İslahat odur ki, xəstə gələndə xəstəxananın qapısı onun üzünə taybatay açılsın. İslahat odur ki, həkim kadr deyil, xilaskar kimi görünsün. Amma sizin gəlişinizlə biz yalnız direktorların qovulmasını, şöbə müdirlərinin sıxışdırılmasını və xəstələrin təcili yardım maşınlarında ölməsini görürük.
Əgər bu gedişlə, bu sistemsizliklə davam edəcəksə, Anar Bayramovun o kresloda oturmasının heç bir mənası yoxdur. Çünki o kreslo artıq şəfa verən bir qurumun rəhbərliyi deyil, xalqın nifrət və narazılıq ocağının mərkəzidir. TƏBİB sədrinə xatırlatmaq lazımdır: Sizin uğrunda mübarizə apardığınız o vəzifələr müvəqqətidir, amma xəstəxanada sizin səriştəsizliyiniz ucbatından itirilən bir canın hesabı əbədidir. İnsanları süründürməyi, bürokratik oyunları və kadr intriqalarını bir kənara qoyun. Əks halda, o xəstəxanaların soyuq divarları arasında yaranan zülmün ah-naləsi sizi o kreslolardan çox tez endirəcək. Sizin rəhbərlik etdiyiniz qurum insanları sağaltmaq yox, onları daha da xəstə salmaq, ümidlərini öldürmək missiyasını yerinə yetirir. Səhiyyə sistemini “ölüm konveyeri”nə çevirməyə heç kimin, ən başda da sizin haqqınız yoxdur!
Əli Səfərli,
NOCOMMENT.az