ŞƏHİD SURƏTİDIR BOY ATAN ÇİÇƏK
ŞƏHİD SURƏTİDIR BOY ATAN ÇİÇƏK
(ikinci hissə)
Ağdam... düşmənə aman verməyən, amma düşmənin amansızlığına məruz qalan, köksü dağ-dağ olan ruhlar şəhəri... Ağdam... amansız yağılara qarşı keçilməz sipərə çevrilən, güllədən bağrı şan-şan olan əzəmətli qala şəhərim... Ağdam – adı gələndə düşmənin canına vəsvəsə düşən, cəsur, dəliqanlı oğullarının baxışlarından xoflanan, qorxudan sarılığını udan qarı düşmənin iştah çəmbəri, yaxuddəyanətli oğulların qeyrət düşərgəsi... Ağdam – bir yanı aranlı, bir yanı dağlı, bir yanı cəh-cəhli, bağlı-bağatlı, bir yanı gündüşər yaşıl ormanlı, bir yanı suların çağladığı yer, bir yanı gur səsli, muğam sədalı, bir yanı Səxavətli, Arifli, Mənsumlu, Nəzakətli, Təyyarlı doğma diyarım. Səni sənsiz, sənsiz sənlə yaşadım uzun illər. Ağrılara tab gətirmyim damarlarımda axan “Segah”ın harayı, acılara dözməyim “Cahargah”ın ərşə qalxan fəryadı idi. Bəlkə də ana laylası qədər həzin olan “Rast”ın, Allahverdi, Sənan və Yaqub kimi oğulların qüdrətindən ilhamlanan “Qatar”ın ruhları vəcdə gətirən hikməti olmasaydı, susuzluqdan quruyan çiçək kimi vaxtsız-vədəsiz solub gedər, düşmən caynağında didim-didim olan torpağa qarışardım. Qarışardımmı?! Nəfəsim dəyməyən, əlim yetməyən, ünüm çatmayan torpağa qarışmaq bu qədər asan idimi bəyəm?! Bilmirəm.
Daş üstündə daş qalmayıb, daşdan da qisas alıblar. Daşların bağrı da güllədən deşik-deşik olub. Daşlar da köksündə qəlpə gəzdirir, ağaclar da. Hərdən düşünürəm ki, kaş mən də daş olaydım, sinəmdəki yaraları min illərin o üzünə daşımaq üçün... Çünki həsrətli, ələmli, niskilli ömrümü başa vurandan sonra köksümdəki qəlpələrlə birlikdə gömüləcəm qara torpağa. Unudulacaq... dərdlər də, sevinclər də, düşmənə olan nifrət də, aldığım yaralar da. Unutqanlıq ruhumuzdadır deyəsən. Düşmənin nə qədər əzazil, zalım, qəddar olduğunu bu qədər tez unuduruq təəssüf ki.
Ağdam... xarabalığın rəngsiz illüstrasiyası... Sənə baxmaq cürət istəyir, təpər istəyir. Qollarımı boynuna dolamaq, sarılmaq, hönkür-hönkür ağlamq keçir könlümdən. Şəhidlərin qanından boy atan ağaclardan utanıram. Susuzluqdan quruyan çinarların xiffəti göynədir içimi. Dəli-dolu oğulların harayı, Bəxtiyarın, Əlinin vaxtsız axıdılan qanı, Xuraman ananınağbirçək öyüdü parçalayır qəlbimi.
Ağdam... səni kərpic-kərpic, səni mismar-mismar söküblər. Çünki sən onlara qənim idin əzəldən. Ona görə də qisas almağa çalışdılar. Odlara qaladılar.
Nə qədər ağrılı, göynərdici olsa da, sinəm göyüm-göyüm göynəsə də, viranəlikdən boy atan çiçəklər ümid işığı kimi qabardır sinəmi. Yenilməz oğulların rəşadətini düşünəndə 44 günün hikməti silkələyir ruhumu. Hicran, ayrılıq, niskil dağarcığına dönən qəlbim bir anda riqqətə gəlir. Qürur hissi silkələyir vücdumu. Şükür edirəm, şükür edirəm ki, tarixlərə imzasını həkk eləyən yenilməz bir xalqın övladıyam.
Artıq yenidən boy atırsan, sənə dönən oğullar sənə nəfəs verib cana gətirməkdədir. Artıq məhəllələr sıralanıb, küçələr boy verib.
Veteran qardaşımız İlqar əyləci basmasaydı, bəlkə də avtomobildə olduğumu hələ gec xatırlayacaqdım. Gördüklərim xəyallarıma qoşulub üz tutmuşdu qərbə tərəf. Arzularımın çiynindəƏsgəran istiqamətində irəliləyirdik.
-Yaman xəyala dalmısan, - İlqar dilləndi.
Nəsə demək istəsəm də, bacarmadım. Səsim batmışdı elə bil. Hiss etdim ki, kövrəlmişəm möhkəmcə.
-Səsin çıxmır, dağlar oğlu? – İlqar bir daha səsləndi.
Könülsüz-könlüsüz cavablamağa çalışdım.
-Az öncə yolun kənarında bir tank gördüm, deyəsən düşmən tankı idi.
-Bəli, əsgərlərimizin əl işi idi, sənət əsəridir. Onu muzeyə qoyub gələcək nəsillərə göstərmək lazımdır.
İlqar sözünü tamamlamamışTəvəkkül müəllim (təqaüddə olan polis rəisi) dilləndi:
-Doğrudan da gözəl yerlərdi. Düşmən yaxşı bilir harada yaşamaq lazımdır. Ona görə də hər qərinədənbir iştahlanır. Bizimkilər də cavabını verib geri oturdur. Amma bu dəfə birdəfəlik kəsdilər ayaqlarını. İnanıram ki, bir daha bu torpağa ayaq basa bilməyəcəklər.
-İnşallah ki, elə də olacaq, rəis.
Yenə də sükut çökdü.
Yol növbəti dəfə burulanda qala divarları ilə üzbəüz idik.
-Saxla, saxla!
Səsim yüksəlmişdi deyəsən.
Ağcabədi qış yataqlarına bu yol aparırdı bizi. O zaman orta məktəbdə oxuyurdum. Hər dəfə qışlağa gedəndə sürücüdən xahiş eləyirdim ki, avtobusu saxlasın, Əsgəran qalasını ziyarət edim. O da ironiya ilə üzümə baxıb artırırdı sürəti. Ümid eləyirdim ki, növbəti dəfə gələndə başqa sürücü olacaq, yəqin o, məni başa düşər. Amma o da əvvəlki kimi fərqinə varmadan qazı artırırdı. Mən də sürücünün qarasına o qədər deyinirdim ki... Cümhuriyyət dövrünün generallarının o qala ətrafında düşmən ordusuna qarşı mübarizəsi haqqında xəbərləri yoxdumu görəsən?! Nəsib bəy Yusifbəylinin düşmənə vurduğu zərbədən, itki verilsə də qalanın düşməndən təmizlənməsindən xəbər tutmayıblarmı sürücü əmilər?! İnsan keçmişinə bu qədərmi laqeyd olar?! Elə hey gileylənirdim.
Bu dəfə İlqar sükanı sola burdu. Avtomobil yoldan çıxıb qala qapısında dayandı. İllərin həsrəti gözlərimdə nəmə çevrildi. Daşların yanağını oxşayırmış kimi sığal çəkdim. Köksünə qısıldım qalanın. Analıq hissini duymaq çətin deyildi. Qollarımı boynuna doladım. Öpdüm yanaqlarından. Asfaltdan qalxan ilğım yanağımı qarssa da, məmnun idim halımdan. Amma düşüncələrimin narahatlığı hələ də içimdə idi. Görəsən bu möhtəşəm, əzəmətli qalanı yararaq yol çəkmək o qədər vacib idimi?! Qalanın alt hissəsindən çəkmək mümkün olduğu halda niyə bunu etmədilər?! Düşündükcə elə zənn etdim ki, yarılmış divarın yaralarından qan sızır.
Qala divarlarına toxunanda mənə elə gəldi ki, əcdadlarımızın nəfəsini duydum. Qılıncın, qalxanın səsini, atların kişnərtisini eşitdim. Duyğulandım bir daha. 44 günlük savaşın cəsur döyüşçüləri sanki əl eləyirdi kənardan. Beləcə, şükür duamı etdikdən sonra günümüzü şəkilləndirib yola rəvan olduq.
Qarşıda Xocalı vardı. Sinəmizin göynərtisi, qaysaq tutmayan yaralarımızın ağrısı, illəti. Düşmənin ən çox işgəncə verdiyi, əzaba düçar etdiyi, qoca, cavan demədən zillət verdiyi, əhalisini soyqırımına məruz qoyduğu, köksündə həm də 366 yaranın olduğu Xocalıya tərəf gedirdik. Sanki havada qan qoxusu vardı. Mənə elə gəldi ki, ətrafdan boylanan çiçəklərin hər biri bir şəhidin surətidir. Həm də baxışlarında qürur, məmnunluq var. Çünki əzəli və əbədi sahiblərinin ayaq tappıltısını rahatlıqla duya bilirlər.
Sehirli aləmə düşmüşdüm. Sanki çiçəklər məni haraylayır, “mənə də bax, mənə də sığal çək, məni qə qoxla” deyirdi. “Bir qalanın sirri” filmindəki Elşən zənn etdim özümü. Dil açan kitablar “məni oxumasan çiçəklərin, quşların sirrini öyrənə bilməyəcəksən”, - deyirdi. Burada isə çiçəklər haray salıb: “məni qoxlamasan filan şəhiddən xəbər tutmayacaqsan” - deyə hıçqırırdı elə bil. Aman Allah, necə də dəhşətli mənzərə idi.
Hava limanını öz canı, qanı bahasına qorumağa çalışan Əlifin, silahsız, ayaqyalın, başı açıq camaatın təhlükəsiz yerə çıxarılmasında fədakarlıq göstərən Tofiqin, əhalinin ölümdən qurtulması üçün düşmənin qarşısına ətdən sipər çəkən Ələsgərin, isti ocağının, ana yurdunun yağmalanmasına göz yummayan, düşmənə qan udduranDavid və Şahin qardaşlarının, Sərvanın, qəhrəmanlıq dastanı yazan Füzulinin, Eldarın, İbrahimin, qorxmazlıq mücəssiməsi İslamın, Hikmətin, Telmanın, Orduxanın, düşmənin kabusuna çevrilən Arazın, cəsarəti ilə hər kəsə örnək olan Aqilin və 2 yaşlı Nişanənin, 1275 girovun, tamamilə məhv olan 8 ailənin, yaşlı nənə-babaların, dilsiz körpələrin və hələ də vücudunda qəlpə gəzdirən qazilərin fəryadı yolumdan əylədi məni. Hıçqırtımı boğa bilmədim. Düşmənin vəhşiliyinə, məkrli xislətinə, əqidəsinə, amansızlığına lənət oxuya-oxuya özümü ovundurmağa çalışdım. Amma faydası yox idi. Hündür binaların qarşısından keçərkən əlində bayraq yelləyən bir uşağa sataşdı gözüm. Üçüncü mərtəbənin eyvanından boylanırdı, dağların arxasından yenicə boylanan günəş kimi... Sanki “xoş gəlmisiniz, qədəmləriniz mübarək olsun, burada olmaq qürur verir insana” deyə salamlayırdı bizi. Üzünün cizgilərini seçə bilməsəm də, mənə elə gəldi ki, yanaqları sevincdən allanıb. Hətta elə zənn etdim ki, gülüşü qulaqlarımı cingildədir. Bayrağın rəngi hopmuş qızcığazın təbəssümü ovqatımı təzələdi. Qismən də olsa ağrılardan silkindim bir az.
Xeyli rahatlanmışdım. Çünki xarabalığın içindən boy atan Xocalı artıq pöhrə verib, qol-qanad açıb. Şəhid qanı ilə daha da müqəddəsləşən torpaq göylərə baş çəkən binaların təməlini möhkəmləndirir, dayanaqlılığını artırır nə yaxşı ki... Amma ağrılı hicran şirin vüsala çevrilsə də, yaraların sağalması uzun illər zamanın boğazından əl çəkməyəcək.
Şükür ki, Xocalı ağrılardan qurtulub sabaha dikələn yola işıq tutmaqdadır. İşığın gur, yolun çıraqban olsun, Xocalı!
...Tozlu-torpaqlı yollardan keçib Xanın kəndinə yaxınlaşdıq. Bir zaman aylarla qonağı olduğum şəhəri addım-addım dolandıq. Gur fəvvarəli parka – məşhur pianonun öz ifaçısını gözlədiyi məkana enib, buz su ilə əllərimizi yuyub, sərinlik tapdıq. Dişgöynədən dağ suyu əziz balası kimi dodaqlarımızdan öpdü. Çıraqban, əl-əlvan küçələrlə Qarabağ Universitetinə tərəf irəlilədik. Bu günü gördüyümüz üçün qürurumuz köksümüzü qabartdı. Beləcə, “Sərin” restoranında dostumuz Faiqin qonağı olduqdan sonra gilənarın, qara tutun dadına baxıb qala şəhərə - Şuşaya tərəf yol aldıq.
...Ağa körpüsü. Və ətrafda gedən tikinti-quruculuq işləri sabahımıza işıq tutur. Məhz o işıq bütün dünyanın diqqətini Xankəndiyə yönəldib. Şəhərin mədəni, elmi, siyasi mərkəzə çevriləcəyi şübhəsizdir.
İsa bulağına enəndə azan səsi dərələrdə əks-səda verdi. İlahi, qüdrətinə şükür, deyib fürsəti dəyərləndirdik. Buz suda dəstəmaz alıb ruhumuzu rahatladıq. Gur meşə, ulas, vələs, ağcaqayın ağacları, mərsin, itburnu kolları, bir də günəşin üzünü örtən əlçatmaz, boyubilinməz ağacların kölgəsində dincəldikdən sonra ana yurda – Laçına üz tutduq. Məhəbbət Kazımovun səsi pəncərədən ətrafa yayılırdı. Artıq niskil, kədər arxada qalmışdı. Avtomobil dolayı yollarla irəlilədikcə, çiçəklərin ətri salona dolur, feyzyab edirdihər birimizi.
Sərin hava barıt deyil, çiçək qoxuyurdu. Quşların çikkiltisi yaşıl yarpaqların pıçıltısına qarışıb ovsuna çevrilmişdi. Bir tərəf seyrək meşəlik, hündür qayalıq, digər tərəf isə sıx orman və bir-birindən ətirli güllərin kök saldığı yamacdan ibarət idi. Əlçim-əlçim pəmbə buludlar günəşin qarşısını kəsməyə tələsirdi sanki. Bəlkə də bizi yandırıcı istidən qorumağa çalışırdı.
İlqar sükanı sola burdu, avtomobil əsas yoldan çıxıb sıx meşəliyə girdi.
-Elə burada dincimizi alaq, sonra davam edərik, - rəis dilləndi.
Hündür ağaclar yola kölgə salmışdı. Sərinlik adamı özünə çəkirdi. Avtomobil meşənin dərinliyinə doğru irəlilədikcə, ayrılığın acısı vücudumuzu tərk edir, yanaqlardan təbəssüm bərq vururdu. Şırıltı nəğmə qoşurdu dərələrdə.
-Hə, bu da Turşsu bulağı, - İlqar dilləndi.
Bulağın başında 10-12 nəfər əyləşmişdi.
-Görəsən çoxmu gözləyəcəyik, səhv etmirəmsə saat yarımdan bir qaynayır.
-Yox, gəlişimiz şərəfinə bizi gözlətməz, axı xeyli yolumuz var. Cavabım hər kəsi ümidləndirdi. Elə çeşmənin başına çatmışdıq ki, çoşub-çağladı. Sanki yerin təkində özünə yer tapa bilməyib, nəfəsi daralıb, aydınlığa çıxmağa çalışırdı. Əl-üzümüzü yuyub doyunca içdikdən sonra üstəlik qablarımızı da doldurduq.
Vaxt tamam olan kimi su taqətdən düşüb borunun boğazına tıxandı. Bəlkə də gün işığından qorxub çəkildi qınına. Min dərdin məlhəmi olan Turşsuyun 7 dəqiqəlik fəvvarəsini görmək, doya-doya içmək üçün saat yarım deyil, günlərlə gözləməyə dəyər.
Füsunkar meşənin cazibəsindən vəcdə gəlib bir ağız muğam oxuyan xanəndə kimidi Turşsu bulağı. Möcüzəvi gözəlliyi ilə yoldan keçənləri heyran edən qəmzəli qız kimidi bu şəfa qaynağı. Ətri ilə könülləri ovsunlayan çəmən çiçəyidir illərlə həsrətində olduğumuz bu məlhəm çeşmə. Bu çeşmədən qidalanan oğul və qızların dəyəri, qiyməti, elə, obaya bağlılığı, vətənpərvərliyi, dosta səxavəti, vəfası, qeyrəti ölçüyəgəlməzdir. Çünki bu məlhəm su ölçü meyarıdır. Damarlarda axdıqca, keyfiyyəti cilalayır, dəyəri artırır, vücudu sağlamlığa qovuşdurur.
Ayrıla bilmirdik bulaq başından. Doyunca içsək də, doymamışdıq elə bil. Nə isə... günümüzü şəkilləndirib yola varid olduq.
Bu da Saxsı bulaq.
Bura hər kəsin bəyəndiyi bir məkan - ən çox da pitisi ilə məşhur olan restoran idi. Gedəndə də, gələndə də marşrutlar mütləq burada saxlayar, yeməklərin dadına baxmadan keçməzdilər. Qarşısındakı buz su da dərdlərin məlhəmi idi. Hazırda restoranın əvvəlki görkəmindən əsər-əlamət qalmasa da, bulaq həminki kimi çağlayır, gedənləri yolundan əyləyir.
...Ah, ulu dağlar, ah, gur meşələr. Neçə illərdi üzünə həsrətik. Bu illər ərzində nə yelin yanağımızı oxşayıb, nə küləyin telimizə sığal çəkib. Yeddiqatın yeddi qatından keçən ağrılar boğazımızdan dərd kimi asılıb. Amma yaxşı ki, ümidimiz heç vaxt öləziməyib. Dönəcəyimiz günə doğru inamla addımlamışıq. İnamımız və imanımız bizi haqqa – torpaqlarımıza qovuşdurub.
Yeddiqatı endikcə sanki qanadlanıb uçacaqdım. Bir qərinədən artıq zaman arxada qalmışdı. Ağaclar yerində idi, başqaları da boy atmışdıətrafda.
-Səhv etmirəmsə 3-cü qata enəndə bir bulaq olmalıdır, daşların arasından çağlayır, - qeyri-ixtiyari sualıma İlqar cavab verdi.
-Narahat olma, o suyun da dadına baxacağıq.
...Rəis dilləndi. O yuxarıda görünən yol hara gedir, təzə çəkilib deyəsən?
-Gedər-gəlməz yoludur, rəis, - sanki cavabım hazırdı.
-Necə yəni gedər-gəlməz?
-O yolu 44 günlük qələbədən sonra ermənilər üçün çəkdik ki, Laçına girmədən Xankəndi – Gorus marşrutu ilə hərəkət edə bilsinlər. Onlar da çox məmnun halda təhlükəsiz olduğunu zənn edərək istifadə etdilər. Daha düşünmədilər ki, Azərbaycan ordusunun son əməliyyatı üçün geri dönüşü olmayan bir qapıdır o yol. Beləcə, o gün o yolla getdilər, bir daha dönməmək şərti ilə.
-Doğrudan da gedər-gəlməz yolu imiş. Rəis dodaqaltı daha nələrsə pıçıldadı ermənilərin qarasına...
Avtomobil dolayı yollarla irəlilədikcə kəklikotunun, ümumiyyətlə havadan çiçəklərin ətri duyulurdu. Sanki nəfəs almaq üçün burun kifayət eləmirdi. Ona görə də ağzımı daha geniş açmaq, ciyərlərimi sərinlətmək istəyirdim. 30 il üzünə həsrət qaldığımız təmiz havanın, büllur kimi saf suyun məlhəm olduğunu duyduqca, quşların cəh-cəhindən yaranan həzin musiqini şərbət kimi içmək istəyirsən. İstəməsən də ruha dolur, damarlara axır. Sərin meh telləri daraqladıqca, məmnunluq hissi bütün vücudu sarır. Oğulluq hissi baş qaldırır. Bu yurdun oğluyam, - deyə fərəhlə dolur qəlb.
Növbəti döngə bizi Laçına çatdırır. İldən-ilə çiçəklənən Laçın dağın sinəsinə sərilmiş xalını xatırladır. Kənardan baxanlar hətta çiçək topasına da bənzədir Laçını. Məskunlaşanların sayı artdıqca, qonaq-qara da çoxalır. Dincəlmək, istirahət etmək istəyən hər kəs adı kimi vüqarlı Laçına - buzlu bulaqlar, sıx meşələr, qıjhaqıjlı çaylar, şəlalələr qoynuna üz tutur. Adicə göy çəmən üstə uzanıb yatmaq insanı qayğılardan, qəmdən-qəhərdən arındırır. Hər bulaq min dərdə dərman, hər ot min xəstəliyə şəfadı axı...
Həkərinin sahilində bir restoran var – adına Riversaid deyirlər. Adı dilimizə yatmasa da, Laçın təravətli dadlı yeməkləri ilə tanınır. Axı Laçının havasında saf su ilə bişirilir hər biri. Ona görə də toqqamızı bərkitmədən restoranı tərk edə bilmədik.
Həkəri körpüsünü keçib Zabuxçay boyunca doğma kəndimizə - Quşçuya yol aldıq. Çayın şırıltısı yol boyu bizi müşayiət edir, niskilli duyğulardan uzaqlaşdırmağa çalışırdı sanki. Al-yaşıl, qaya sinəli dağların başında dolaşan şahinlər bənzərsiz gözəlliyə rəng qatırdı. Ara-sıra eşidilən qartalların qıyı şırıltının ritmini dəyişməkdə, ahəngi pozmaqda israrlı idi. Amma daşlara çırpılan su elə bir səs-küy yaradırdı ki, hətta yük daşıyan ağır tonnajlı arabaların da səsi eşidilməz olurdu.
Günəş qüruba endikcə, şəfəqlər çırmanıb üz tutur dağalara tərəf. Kəndlər bir-bir geridə qalır. Qarşıda isə əsrlərdən bəri nəğməkar çayın şırıltısında feyzyab olan Qarıqışlaq kəndidir. Yol yoldaşımızın biri də elə bu kənddəndir. Bol suyu, sıx meşələri ilə tanınan bu kənd gəloxçu türk tayfasının sıx yaşadığı ən böyük yaşayış məskənidir. Havası təmiz, bulaqları duru, torpağı münbit, barlı, bərəkətli...
Qarşıda isə ana ocağım – ziyarətgahım, ibadətgahım, məbədgahım Quşçu kəndidir. Qarıqışlaqdan altı kilometrlik məsafədə - dağların sinəsində yerləşir. Təxminən 650 ildən artıq yaşı olan Tək ağac (pir deyirlər adına) kəndin simvoluna çevrilib. Qədim mağaralar (kahalar), tarixi abidələr, məzarlıqlar, kurqanlar, at-qoç füqurları, bulaq abidələr, yazılı daşlar və yaşayış məskənlərinin qalıqları kəndin ən qədim tarixə malik olduğuna əyani sübutdur. Ərazini qalalar şəhərciyi də adlandırmaq olar. Bu kənd Quşan (kuşan) türk tayfasının nişanəsidir. İtib-batmaqda olan Uşaq qalası (Kuşan qalası) da quşanların adını özündə simvolizə edir.
O gecəni alaçıqda qarşıladıq. Çayın şırıltısı və cırcıramaların cırıltısı bir-birinə qarışıb axdı könlümüzə. Düzü, necə yuxuya getdiyimizdən xəbərimiz olmadı heç. Səhərin gözü açılmamış Həşim kahası – Arıxyomalan – Moruq çəmən istiqamətində kəklikotu axtarışında idim. Şeh ayaqlarımı yumuşdu yaxşıca. Torbanı doldurub alaçığa dönəndə Ər təpənin kölgəsi çəkilmişdi yollardan. Biz də fürsət bilib Qızılqayadan keçən yolla ora çıxdıq. Yaşıllığa bürünən Ər təpə yüksəklik olduğu üçün kəklikotu yenicə baş qaldırmaqda idi. Amma güllərin ətri adamı məst eləyirdi. Aşağıda - yolun altında sürü kürnəşə yığışmışdı. 3-4 alaçıq vardı. Çiynində səhəng bir qız su daşıyırdı haradansa. Bir anlıq uşaqlığım – Quşçuda gömdüyüm xatirələrim yadıma düşdü. Baldırğanın, piltanın, cacığın, kortunun, yemliyin, qatırquyruğunun, zirinc yarpağının dadı burnumu qıcıqlandırdı. Uzunqulağın belində daşıdığım su bedonlarının cingiltisi qulaqlarımı titrətdi. Kəhər atın ayağı büdrəyib yıxıldığı zaman heç bir zədə almadan qurtulduğum o günlər gözlərim önündə canlandı.
O günlər geridə qalmışdı ta.
Kömür saçlar ömrün məngənəsində sıxılıb bəyazlaşmışdı.
Zaman iti, səbr qəti, sürət isə zəifləmişdi xeyli.
Çünki vaxt yəhəri atmışdı belindən.Amma yəhərsiz, yüyənsiz ömür təngnəfəs olmaqda idi...
Geri dönərkən Qızılqayadan daman,o nəhəng daşın bağrını çatladan buz sudan içməmək günah olardı bəlkə də. Gələrkən bir tovuzlu balasına da yer vermişdik maşında. O da təbiətin gözəlliyindən, Laçın sakinlərinin igidliyindən, mərdliyindən, buz bulaqların məlhəmindən, şəfasından ağız dolusu danışırdı. Qısa zamanda yaxşı tanımışdı bu yerləri.
Bənzərsiz gözəlliklərə heyranlıqla tamaşa edir, elə bil bu yerlərin ilk dəfə qonağı olurduq. Amma yox, xatirələr beşiyi olduğu üçün gözümüzü ayıra bilmirdik bu gözəlliklərdən. Hər daşında, qayasında, enişində, yoxuşunda acılı-şirinli bir həyat hekayəsi gizlənirdi. O hekayələri vərəqləmək, yaddaşın süzgəcindən keçirmək sonu bəlli olmayan filmi xatırladırdı. Filmin ssenari müəllifi də, rejissoru da, baş qəhrəmanı da özümüz idik. Sonu qələbə ilə başa çatan 44 günlük müharibədən əvvəl yazmışdıq bu ssenarini, yeniyetməliyin və gəncliyin diktəsi ilə...
...Obaşdan tək-tənha yola düşdüm. Hovuzun yanından diklənib nəfəs dərmədən irəliləyir, ara-bir geri boylanaraq ötən illərin iz saldığı acılardan qurtulmağa çalışırdım. Həşim kahasının bərabərinə çatanda kəklikotunun ətri əylədi məni. Bir neçə dəstə bağlayıb doya-doya qoxladımmin illərin həsrətlisi kimi. Yolun kənarında yenicə qından çıxmış almanın dadına baxmadan ötə bilməzdim. Onun qoxusu da başqa idi. Dişlərim yaxşı hiss eləyirdi. Unutmamışdı o dadı.
Qalacığın boynundan kəndə aşan yolda kəklikotu topası yenə salamladı məni. Demək olar ki, torbamı dolduracaq qədər bol idi. Artıq kəndlə üzbəüz dayanmışdım. Ağ duman kəndin başı üzərinə elə çökmüşdü ki, sanki ağ şal bağlamışdı başına. Mənə elə gəldi ki, saçları ağarıb kəndimin. Dumanın köksündən qopan çiskin dumana qarışıb geri çəkilirdi yavaş-yavaş. Elə bu an başım üzərində qartalın qıyını duydum, yuxudan ayıldım sanki. Hündür boylu, sərt və şüllüt qayaların arası ilə kəndə doğru addımlayırdım. Talanmış, yandırılmış ikimərtəbəli evlər sanki pişvazıma çıxmışdı.
-Xoş gəldin, ay vəfasız, bizi düşmənin ixtiyarına necə buraxa bildin,etibarın bu qədər idimi?!
Evlərdən qopan bu səs getdikcə artır, vahimələndirirdi məni. Mənə elə gəldi ki, elə bu dəqiqə yarıuçuq evlərin divarları axıb töküləcək üstümə, məni daş-qalaq edəcək. Heyrətdən tutulmuşdu əl-ayağım...
Qartal yenidən qıy vurdu, bəlkə də məni nəhayətsiz düşüncələrdən ayırmaq üçün yenidən geri dönmüşdü.
İçimdən bir səs qopdu, səs sözə çevrilib misralandıqca, köksümə hopan ağır yük pərvazlandı elə bil.
Hələ də başı çənnidi
Sünbüllüdü, süsənnidi
Köksü rahatdı, nənnidi
Quşçu kəndi, Quşçu kəndi.
Qoç oğulların diyarı
Sədaqətdi mülkü, varı
Xiridarlar xiridarı
Quşçu kəndi, Quşçu kəndi.
İgidi coşqun, alovlu
Qibləgahı – Dəmirovlu
Bulaqları qoşa novlu
Quşçu kəndi, Quşçu kəndi.
Gərək çəkəm dünyaya car
Burda cənnət də bərqərar
Hər daşında min sirr yatar
Quşçu kəndi, Quşçu kəndi.
Heyrətamiz mənzərəsi
Hikməti şəhid nəfəsi
Yaranışın bünövrəsi
Quşçu kəndi, Quşçu kəndi.
Yamacı çiçək rəngidir
Yamaclar yeli ləngidir
Vallah Allahın lütfüdür
Quşçu kəndi, Quşçu kəndi.
Adam boyundan hündür otların, kol-kosun bağrını yararaq kəndin mərkəzində - dəyərli həmkəndlim, dostum, qələmdaşım Mübariz Laçındağlının (təəssüf ki, ana yurda qovuşmadan həyatla vidalamalı oldu) bir zamanlar yaşadığı evin həyətində əsrlərin o üzündən nişanə qalan daş kitabələrlə (işğal zamanı ermənilərin müdaxiləsi apaydın sezilir) görüşməli idim. Üzərində qoç başı, rəqs edən qız, müxtəlif ornamentlər və alban hərfləri ilə yazılmış uzun-uzadı cümlələr... Təəssüf ki, bu günə qədər heç bir tədqiqatçı tərəfindən araşdırılmayıb. İllərin, əsrlərin gizli nişanələri heç kimə bəlli edilməyib.
Böyük bulaq alban dövrünün ən qiymətli yadigarı kimi hələ də öz əzəmətini qoruyub saxlayır. Təəssüflər olsun ki, ərəblərin dağıdıcı istilasından sonra təmirə ehtiyacı olan abidənin yeni tarixi keçmişə kölgə saldı.Bu ən ağrılı məqam olsa da, müasir tarixçiləri heç də narahat etmir.
Bulaq erməni işğalı zamanı qismən uçulub-dağıldığı üçün kənd sakinləri tərəfindən təmir edildi. Usta Habillə Əbülfəzin danılmaz zəhməti bulağı növbəti təhlükədən sığortaladı. Hələ üstəlik bulağa ziyarətə gələnlər üçün sərinlik odası tiklidi. Uçulmaqda olan, hətta su üzünə həsrət qalan Korca bulaq da təmir edilib əvvəlki görkəminə qaytarıldı. Daş nov yenidən islana bildi.
Viranəyə çevrilən evimiz sanki haray çəkirdi. Uçulmuş daşlar qan ağlayırdı. Əlimin tumarı, isti nəfəsim ovuda bilmədi yanağımda islanan daşları. Barlı ağaclar nəvaziş görmədiyi üçün qup-quru qurumuşdu xiffətdən. Yerində kol-kos, vəhşi meşə ağacları boy atmışdı.
Böyük bulaqdan doyunca içib torbamı çiynimə aşırdım. Quzeylə Qalacığa tərəf yön aldım. Çiçəklərin ətri sanki ruhuma sarılıb əyləməyə çalışırdı. Ayaqlar altında əzilən çiçəklərin harayı qulaq deşirdi elə bil. Az öncəki çiskinlikdən hələ də qurumayan budaqlar islatmışdı üst-başımı. Beləcə, Qalacığın boynundan aşıb Çaxmaqlının döşü ilə sola buruldum. Dərədə - Göyüşün bağı adlanan ərazidə alaçıqlar görünürdü. İnəklərin böyürtüsü, quzuların mələrtisi cəh-cəhli təbiətin cazibədarlığına rəng qatırdı. Hər yan yaşıl xalıya bürünmüşdü. Buralarda sürü otardığım, kəhər çapdığım günlər məni uşaqlığıma qaytardı. Deyəsən nəmlənmişdi gözlərim. Sağ tərəfdə - Naxırçı dərəsinə enən cığırda bir haluş ağacı vardı. Nədənsə, adına pir deyirdilər. Kim onun yanından keçirdisə, mütləq bir daş atmalı idi dibinə. Neçə-neçə yaşlı insanlardan onun kəramətini soruşmuşdum, ancaq “biz də belə eşitmişik”, - deyib cavabdan yayınırdılar elə bil. Yəqin ağsaqqalların bildikləri bir şey var, düşünürdüm. Yoxsa kor-koranə bu qədər daşı ağacın dibinə toplamaqda nə məna var ki... İllər keçəndən sonra anlamışdım daş qalağının mahiyyətini. Qayalıqda, həm də gündüşər yerdə bitən ağacın dibi qurumasın, nəm qalsın deyə daş qalağı ən ağıllı və düşünülmüş tədbir idi. Yoxsa susuzluqdan bağrı çatlayan torpaq ağacın inkişafına yardım edə bilməzdi. Bu da ağsaqqallar tərəfindən atılmış uğurlu bir addım idi ki, hər kəs ağacın müqəddəs olduğunu zənn edib riayət eləsin.
Düşündükcə, saflığımın aynasında məsum baxışlarımı gördüm. O, mən idim. Ağacın budaqlarına tumar çəkir, duyğularımın hərarətindən ilğımlanan söz qatarının dalınca gülümsəyirdüm.Kinin, küdurətin, ironiyanın, qəzəbin, nifrətin kök atmadığı qəlbimlə yaşamışdım bu saf dağların köksündə. Şiş qayalardan əzəməti, dağlardan vüqarı, yollardan təpəri, yellərdən cəsarəti öyrənmişdim. Bu yerlərin füsunkarlığı isə mənə təb vermişdi düşüncələrimi ipə-sapa düzmək üçün. Bəlkə də bu Tanrının neməti idi. Bəzən qədrini bildiyim, bəzən bilmədiyim nemət...
Düşüncələrin ağuşunda Çaxmaqlıdan keçib kəndə çıxan yola endim. Ara-bir kəklikotudan, dazıotudan dəstələyib torbaya pərçimləyirdim. Yolaşana çatanda (Zoraslıdan kəndə dönən yol) arxadan bir maşının gəldiyini gördüm. Qeyri-ixtiyari ayaq saxladım. Təbii ki, Quşçuya gedirdi. Sürücü əyləci basdı. Usta Habil atasını, ailəsini kəndə aparırdı. Qabil müəllimlə baxışlarımız toqquşanda qəhərləndim. Çünki müəllimimin gözlərindən qəlbləri titrədən niskil boylanırdı. Bəlkə də burada görüşməyimizin ilahi ədalət olduğunu düşünüb qürurdan qəhərlənmişdi. Bəlkə də bu günə şükür etdiyi üçün sevinc göz yaşlarına bələnmişdi.
Ayaqüstü hal-xoş eləyib sağollaşdıq. Mən Gavın dərəsinə, onlar isə kəndə tərəf yol aldı. Sıx kol-kosun arası ilə zahmanları enmək elə də asan deyildi. Əl-qolum, üz-başım cızıq-cızıq olsa da, dərəyə enə bildim. Dərənin güney tərəfindən çəkilən yol diqqətimi çəkdi. Bir il öncə buraları ziyarətə gələndə nə yol vardı, nə də cığır. Xeyriyyəçi İsgəndərin umacaqsız zəhməti nəticəsində Nuhcan şəlaləsinə qədər uzanırdı bu yol. Yorğunluğa baxmayaraq, şəlaləyə tərəf üz tutdum. Sıx ağacların arası ilə bəzən daralan, bəzə də enlənən yol ümid çırağına, daha dəqiq desək funikulyora bənzəyirdi. Zərbalı kahasının qarşısındakı kölgəlik dincəlmək, nəfəs dərmək üçün rahat bir məkandır. Dərin dərənin, sıx meşənin bəxş etdiyi sərinlik yandırıcı günəşdən qoruyur hər qonağını. Beləcə, mehdən titrəşən yarpaqların pıçıltısı artdıqca, şəlalənin hıçqırtısı daha aydın eşidilir.
Bu da Nuhcan şəlaləsi.
Elə yenicə çatmışdım ki, azan səsi dərədə əks-səda verdi. Nuhcanın şırıltısında dəstəmaz almaq necə də qürurlu idi, İlahi...
Buz sularla bir xeyli dərdləşdikdən sonra torbamı çiynimə aşırdım. Ayrılmaq elə də asan deyildi. Çünki şaqraqlıq təbimi titrətməkdə idi. Yaxşı ki, misraları ipə-sapa düzməkdə telefonun kövrək düymələri dadıma çatdı.
Laylası çiçək bitirər
Nəğməsi mürgü gətirər
Duamı haqqa yetirər
Sədası Nuhcanımızın.
Şahiddi Gavın dərəsi
Səsi ruhun mərtəbəsi
Dərdə məlhəmdi nərəsi
Şəfası Nuhcanımızın.
O Quşçudan ilham alır
Şaqraqlığı ilmə çalır
Kim görərsə ovsunlanır
Davası Nuhcanımızın.
Min illərin yadigarı
Saf eşqimin ilk nübarı
Ruhumuzun bayraqdarı
Nəvası Nuhcanımızın.
Kim görərsə qaynar qanı
Unudammaz ötən anı
Şırıltısı sübh azanı
Səfası Nuhcanımızın.
***
...Minkəndin mənzərəli, səfalı yerlərini gəzmək üçün sanki hər kəs məni gözləyirmiş. Toqqamızı bərkitdikdən sonra yola düşdük. Yenicə qonağımız olmuş İlqarın dostu da bizimlə birgə idi. Qarşıdakı yollar daha eniş-yoxuşlu olduğu üçün razılaşdıq ki, onun maşınında gedək.
Fatiq (əslində Fateh) bulağına çatanda böyük bir canlanma vardı. Müxtəlif bölgələrdən gələn qonaqlar təbiətin möcüzəsinə heyranlıqla tamaşa edirdi. Dağın sinəsindən çağlayan şəlalələr dərəyə nəğmə qoşmaqda idi. İnsanların səsi şırıltıya qarışıb yox olurdu. Sərt və məğrur qayalar bənzərsiz təbiətin əzəmətini daha da artırırdı. Quşların cəh-cəhi qıjıltıda əriyir, qartalın qıyı eşidilməz olurdu. Təbiət gülürdü hər gələn qonağın üzünə. Arıların vızıltısı qulaq batırmırdı ta, çünki şəlalənin, çayın şaqraq zənguləsi qəlblərə diktə edirdi.
Hər damlası dizə təpər, gözə nur
Hər damlası ruh ovsunu, şəfadı.
Hər damlası cəsarətdən don biçir
Hər damlası etibardı, vəfadı.
Hər damlası min dərd üçün bir təbib
Hər damlası qeyrət mücəssiməsi,
Hər damlası bir bəstəsiz nəğmədi
Hər damlası ulu Haqqın töhfəsi.
Gen dərələr, uca dağlar güc alır
Şırıltısı muğamatdı bəlkə də.
Hər damlası cavanlığın iksiri
Baş lazımdır hikmətini dərk edə.
Sərt qayalar qartalların yuvası
Qoç ərənlər nemətidi bu yurdun.
Torpaq loğman, hava məlhəm, su təbib
Ulu Tanrım, bunları sən buyurdun.
Hər damlası çiçəklərin ətrinə
Meyil salıb, nur çiləyib, bələnib.
Hər damlası ulu yurdun xətrinə
Ulu Haqqın ürəyindən ələnib.
Füsunkarsan, valeh olur hər gələn
Cazibəni görən düşür heyrətə.
Nə sirri-xudadı, nə möcüzədi –
Layiq görülmüşük səntək sərvətə.
Ey Fateh bulağı, sən ömür nəşəm
Köksümdə ürəksən, damarımda qan.
Ey Fateh bulağı, nazlı güleyşəm
Şükür ki, qovuşdu sənə Ötərxan.
Hər tərəf baldırğanlıq idi. Fürsəti fövtə vermək olmazdı. Bilək qədər yoğun, bir qarış qədər boyu olan baldırğan yüz dərdin dərmanı olsa da, vücudundakı su damcıları ona əl üzadanın əlini, dil uzadanın dilini təbibə ehtiyacı olmayan yaraya bələyir. Bəlkə də bu su damcıları onun özünümüdafiə instiktidir. Bəlkə də insan bədənində olan bir çox xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. Bəlkə dəhə, bəlkə də yox. Fərqinə varmadan xeyli doğrayıb dadına baxdım, açıq qollarım üstə dəstələyib geri döndüm. Hər kəs bəh-bəhlə, iştahla yeyirdi.
-Bu qısaqol köynək başına oyun açacaq, ay Ötərxan, - İlqar dilləndi.
-Narahat olma, baldırğana öyrəncəklidir qollarım.
-Mən sözümü dedim, vaxtında çarə qıl.
-Dərmanı varmı ki, çarə də qılım?
Beləcə, baldırğanın dadına baxdıqdan sonra geri döndük. Minkənd körpüsünün həndəvərindəkidar yoldan keçərkən uçurumun sinəsindən bir topa kəklikotu boylanırdı bizə tərəf. Sanki gəl-gəl deyirdi. Ötüb-keçmək olmazdı. Avtomobili saxlatdırıb özümü ona yetirmişdim ki, qarşı maşının sürücüsü məni qabaqladı.
-Sizin qismətiniz imiş, buyurun qardaş, deyib geri döndüm. O da insafən ədalətli adam idi. Bizi yolumuzdan əyləyib kəklikotu topasını iki yerə böldü. Hər ikimizin qismətidir, yoxsa mənim üçün haram olar. Beləcə, halallaşıbİstisuya endik. Əl-üzümüzü yuyub məlhəm sudan doyunca içdikdən sonra qablarımızı da doldurduq.
Kəklikotunun qoxusu salona dolmuşdu. İştahverici bir ətri vardı. Bəlkə də bu növə ilk dəfə rast gəlirdim. Hər kəs heyranlıqla salondakı ətri ciyərlərinə çəkməyə çalışırdı.
***
...Çayın sahilində böyük bir bağ vardı. Gilası, alması, armudu, tutu, qozu ilə məşhur olan bağ demək olar ki, meyvəsi ilə kəndi tam təmin etmək gücündə idi bir zamanlar. Qarı düşmənin caynağına keçdikdən sonra isə kəsildi, doğrandı, yandırıldı. Boş çöllüyə çevrilən ərazi bu gün zəhmətkeş oğulların sayəsində əkilib becərilməkdədir. Kartof, soğan, kələm, sarımsaq, turp, kök və s. bitkilərin yetişdirilməsi xeyriyyəçi kimi tanınan Eldənizlə İsgəndərin zəhmətinin bəhrəsidir. Təbii yollarla yetişdirilən tərəvəzlər süfrələrə ayaq açdıqdan sonra ağızların dadı da dəyişib. Burada Elsevərin də zəhməti var, - deyə düşündüm. Qanlı-qadalı illərin ağrısı gizildətdi vücudumu. Çünki vətənpərvərliyi ilə örnək olan Elsevər hər iki savaşın (1-ci və 2-ci Vətən müharibəsinin (Qarabağ savaşının)) iştirakçısı olmaqla, hər bir döyüşü ilə Azərbaycan hərb tarixinə imza atan oğullarından olub. Belə bir oğulla görüşmək, şərəfli qələbə tarixini təkrar-təkrar vərəqləmək qürur deyilmi?!
Çayın şırıltısı fikirlərimə rəng qatmaqda idi.
Yeni-yeni şəkillər çəkmək üçün telefonun yaddaşını yükdən boşaldırdım ki, İsraillə İran arasında müharibənin başlandığı xəbərini aldım. Qızğın döyüşdə İranın bir neçə generalı məhv edilmiş, strateji obyektləri vurulmuşdu. Qarşılıqlı hava hücumunda hər iki tərəfdən xeyli itki vardı. Ədalət zəfər çalsın, Haqq yerini bulsun, demək istəyirdim ki, Elsevəri qarşımda gördüm. Ayaqüstü söhbətlər uzun çəkməsə də, bir çox məsələlərdən hali etdik bir-birimizi.
Yurd azad olan gündən Moruq çəmən Elsevərin obasına çevrilib. 400 metrlikdə qaynayan Bəylər bulağını borularla çəkib gətirib alaçığın yanına. Obaşdan elə həmin bulağın yanında yenidən görüşdük. Buz su ilə gözlərimizə sığal çəkdik. Arıların vızıltısında çiçəklərin ətrini duyduq. Kəndimizin ağbirçəyi Mərziyə nənə də övladları ilə birgə Elsevərin qonağı idi.
Ötən günlərdən, xoş xatirələrdən söz açıb əhvalımızı yüngülləşdirdikdən sonra özümü vurdum baldırğanlığa. Hətta Mərziyə nənə ilə birlikdə dadına baxdıq.
..Rasim tor atmışdı o səhər. Hər birinin çəkisi təxminən 250 qram olan 4 qızılbalıq düşmüşdü tora. Buna da şükür, deyib çəkmişdim şişə. Bənzərsiz dadı vardı. Hiss etdim ki, uzun illərin ayrılığı bu dadı bizə unutdurmağa çalışsa da, bacarmamışdı.
...Mirikdəki turşsudan qablarımızı doldurub geri dönən gün Qaraxangörükənə, Əysiyala, Xınalığa baş çəkdikdən sonra Dəvəboynu dağının sinəsində köç salan qarıqışlaqlı Şakir kişinin kətə süfrəsinə qonaq olduq. Qaymaqlı gicitkən kətəsi həm də ona görə dadlı idi ki, sacda bişirdi. Yenicə hazırlanmış nehrə yağı kətənin hərarətində əriyib yox olduqca dadı bir o qədər də artırdı. Ocağın qoxusu da bir yandan ləzzət verirdi gicitkən kətəsinə.
O gün vaxt tapıb yemliyin, şoşanın, cacığın dadına baxa bilsəm də, piltandan soraq tuta bilmədim təəssüf ki...
...Artıq Həkəri körpüsünü keçib Laçına doğru irəliləyirdik. Zamanın hər anını yaddaşa köçürmək üçün telefonun obyektivi müntəzir idi. Bir daha günümüzü şəkilləndirib Şuşa istiqamətində yol aldıq. Sürücü qardaşımız “Turşsu ilə sağollaşmadan ötə bilmərik”, - deyib yenə yoldan buruldu. Bu dəfə Aşağı Turşsuyun qonağı olduq.
Qarşıda uzun-uzadı yolumuz vardı. Şirin söhbətlərin fonunda qurduğumuz pilləkən bizi mənzil başına rahat çatdıracaqdı.
Gördüklərimi tamamən göz yaddaşıma köçürmüşdüm. Uzun-uzadı ayrılığın acısını silmək üçün dadıma çatsın deyə.
ÖTƏRXAN ELTAC