“Marketlər dövlətin bir çox qanunlarının, o cümlədən istehlakçı hüquqlarının ən çox pozulduğu yerlədən biridi" Əyyub Hüseynov
Bakı şəhərinin böyük marketlərinin bəzisində foto və videoçəkilişlərin qadağan edildiyini özündə ehtiva edən lövhələr vurulub. Əslində ölkədə çəkilişin qadağan edildiyi kifayət qədər obyektlər var. Bu bəzi hallarda haqlı, bəzi hallarda isə haqsız qadağa sayıla bilər. Məsələn, ölkənin dövlət sirri ilə bağlı olan obyektlərində çəkilişin aparılmasına qoyulan qadağa haqlı qadağadır və ölkənin qanunları ilə tənzimlənir.
Mövzu ilə bağlı Azad İsteklakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb:
“Marketlər dövlətin bir çox qanunlarının, o cümlədən istehlakçı hüquqlarının ən çox pozulduğu yerlədən biridir. Marketin qapısından içəri girən istehlakçıya ya potensial oğru kimi baxır, onun çantasını yoxlayır, ya da çantasını alıb saxlayırlar və bu zaman çanta ilə bağlı da bir cavabdehlik daşımırlar.
Marketlərdə baş verən məsələlərlə bağlı həmişə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumatlar veririk. Lakin onların cavabı bu olur ki, marketlər biznes qurumudur, özləri bilərlər istehlakçı ilə necə davranırlar. Yəni marketlər üçün heç bir qaydalar yoxdur. Ümumiyyətlə, Türkiyə, Rusiyadan fərqli olaraq Azərbaycan marketlərində bu cür məsələlərlə bağlı qaydalar yoxdur. Ona görə də market sahibləri istədikləri tərzdə istehlakçıların hüquqlarını pozurlar.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, əgər sizi aldadırlarsa, marketlərə keçin, məhsulların keyfiyyəti, qiyməti ilə bağlı şəkil çəkin, bizə göndərin, biz də gedib orada araşdırma aparaq. Əgər market sahibi çəkilişə icazə vermirsə, onda istehlakçı marketin zalında baş verən qanunların, istehlakçı hüquqlarının pozulmasına dair informasiyanı quruma necə çatdıraq? Bütün bu anormal vəziyyətin kökündə hökumətin birtərəfli siyasəti dayanır. Yəni hökumət əsasən biznesi, onun inkişafını himayə edir, istehlakçı siyasəti isə bərbad vəziyyətdədir.
Ötən həftə ölkə rəhbərinin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında agentliyə çevrildi. Gözləyirik ki, bundan sonra hansısa dəyişiklik olar. Əgər agentlik normal işləsə, ölkədə istehlakçı siyasəti formalaşar və bu cür anormal hallar, o cümlədən istehlakçıların hüquqlarının məhdudlaşdırılması aradan qalxar.
Bir məsələni də qeyd etmək istərdim, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra qəbul edilən qərarlar adətən istehlakçının ziyanına olub. Ümumiyyətlə, bu qanun çoxdan köhnəlib, yenilənməsinə böyük ehtiyac var".