azia.az
azia.az

Tanınmış ziyalı, görkəmli şairə-publisist Zərəngiz Dəmirçi Qayalı: “Arzumdur ki, haqq yerini alsın”...

Dünən, 19:00

Azia.az saytının əməkdaşının- Azərbaycan ədəbiyyatına geniş töhfələr bəxş etmiş şairə- publisist Zərəngiz Dəmirçi Qayalı ilə müsahibəsi.

- Zərəngiz xanım, Siz ədəbiyyatla bağlı keçirilən müxtəlif müsabiqələrdə yer almısınız. Ən yadda qalan və sizə xoş təsir bağışlayan ədəbi uğur və səyahətiniz hansı olub? 

  1. AZƏRTAC-da çalışırdım, 2014-cü il idi səhv etmirəmsə, böyük türk şairi, ədibi, ictimai xadimi və Cümhuriyyət dönəminin ilk müəllimlərindən olan Ahmet Hamdi Tanpınarın 100 illik yubileyi ilə bağlı müsabiqəyə onun haqqında səhifə yarım yazı hazırladım. O zaman Bakıda Yunis Emrə Universitetinin təşəbbüsü ilə “Ahmet Hamdi Tanpınarı kəşf etdim” adlı hekayə müsabiqəsi elan olunmuşdu. Universitetin rəhbəri və müsabiqənin də rəhbəri olan İbrahim Yıldırım adlı alim vardı; rəhmətlik çox müdrik və əxlaqlı, düşüncəli bir insan idi. Ona iyirmi səhifə yazı yazan bir şəxs yaxınlaşdı ki, bəziləri məni kimi 20 səhifəni yaza bilməyib, siz onunla tərəfdaşlıq edirsiniz. İbrahim bəy cavabında dedi ki: “İyirmi səhifə yazı yazmaqla deyil ki? Məsələn AZƏRTAC-ın müxbiri Zərəngiz xanım səhifə yarım elə bir yazı göndərib ki, harikadır! 
  2. Ablamın səhifə yarm yazısının hər sətirində bir dastan vardır!”. O sözü mən o qədər bəyənmişdim ki! Deyəsən, 64 nəfərdən 5 qalib seçildi, biri mən oldum. Daha sonra İbrahim bəy beş nəfər müsabiqə qaliblərini Ahmet Hamdi Tanpınarın yaşadığı və çalışdığı şəhərlərə qonaq apardı. Bu mənim Türk dünyasına ilk səfərim idi. İnanın, mən Türkiyəni gəzdikcə, sanki doğmalarımla qarşılaşırdım. O, ab-hava, o münasibətlər, isti baxışlar, onların dili ilə desək “ikram”lar, qonaqpərvərlik eyni bizdəki kimi idi. İnanın heç birimiz ayrılmaq istəmirdik bu gözəl diyardan. Qayıdanda Türkiyə ilə bağı yazdığım şeirləri Məlahət xanıma təqdim elədim, çox bəyəndi və yazıçılar birliyinin Azyb.az saytında yerləşdirdi:

Yollarında izim qaldı,

Dağlarında gözüm qaldı, 

Ürəyimdə sözüm qaldı, 

Mənim Türkiyəm, Türkiyəm....

 

  1. Zərəngiz xanım, sizin yaradıcılığınız ta uşaq vaxtlarınızdan başlayıb. Kimə bənzəmisiniz ailənizdə?
  2.  Rəhmətlik atam özü şeirlər yazarmış gəncliyində. O, danışardı ki, ata nənəsi Əsli xanım çox gözəl bayatı çəkərmiş, ağı deyəndə, qımqıma söyləyəndə göydə quşlar qanad salarmış. Elə bayatılar deyərmiş ki, hətta daşdan da su çıxarmış; hər adam onu dilinə alıb söyləyə bilməzmiş. Deyilənlərə görə, ana tərəfim- Cavanşirlərdəndir, Nəbilər də deyilir bu kökə, əsilzadədirlər. Anam da ədəbiyyatı əla oxumuşdu, qız vaxtı Vaqifi, Sabiri, Vurğunu, bütün klassikləri əzbər bilərdi. Həm də həzin, insanı titrədən, gözəl, məlahətli səsi vardı. Balaca bacılarıma layla deyəndə mən   özümü çox xoşbəxt sayırdım. Bilirsiz, elə bu gəzəlliklər, sevgilər sanki, ruhuma ötürülmüşdü. Atam həm də gözəl saz çalırdı. Uşaq vaxtı yadımdadı, Səməd Vurğunun “Dağlar” şeirini elə gözəl oxuyardı ki, o səs hələ də qulaqlarımda səslənir.
  3.  Mən Vaqifi, Sabiri, Ələsgəri, Abbas Tufarqanlını, Səməd Vurğunu, Şəhriyarı əzbər bilirdim. Hətta Vurğunun şeirlərindən əlavə, poemalarını, “Vaqif” pyesini belə başdan ayağa əzbər deyirdim. Fizikanın belə bir qanunu var, maaddə kütləsinin itməməsi qanunu; hec nə yoxdan yaranmır,  heç nə yox olmur. Maaddə bir şəkildən başqa şəklə düşür. Bəlkə də mənim əzbərlədiyim şeirlər beynimin süzgəcindən keçərək, ürəyimə, ağlıma hopur, emal olunaraq, başqa bir görkəmdə, fərqli bir rəngdə sətirlərə süzülürdü sonradan? Mənim şeirlərim Səməd Vurğunun böyük oğlu Yusif Səmədoğlunun diqqətini cəlb etmişdi. Yusif Səmədoğlu atama demişdi ki: “Demirəm bu qız şairə olacaq, bu halalca şairədir!”. Çox qəribədir ki, Yusif əmim də, Türklüyün böyük şairi Hüseyn Arif də ilk dəfə şeirlərimi oxuduqda, atamdan soruşmuşdular ki:”Bunları özünmü yazmısan?”.  Atam yox demişdi: “Yox, bunları mənim qızım yazıb, 7-ci sinif şagirdidir”. Ayrı-ayrı insanların, ayrı-ayrı zamanlarda dediyi sözlərdir! Hər iki ədəbiyyat nəhəngi, müəllifin yeddinci sinifdə oxuduğunu bildikdə təəcüblənmişdillər, həttda, şeirlərimi atamın anasının, ya da yoldaşının yazdığını düşünmüşdülər. 

-Zərəngiz xanım, uğurunuza xeyir insanlar çıxıbmış, hətta, neçə deyərlər, ədəbiyyata gəlməyiniz çox təmtəraqlı olub, deyəsən?

-Bəli, qızım, mənim ilk şeirlərim rayonumuzda dərc olunan “Qalibiyyət bayrağı” qəzetində nəşr olunub. Qəzetin şeir şöbəsinin rəhbəri, mərhum şairimiz Ələddin İncəli 1977-ci ildə atam apardığı şeirlərimin içərisindən “ Kəndimizin səhəri “ adlı şeirimi seçib qəzetdə dərc etmişdi. Bu böyük sensasiya oldu, məktəbdə və qohum-qonşular arasında məşhurlaşdım. Hətta, Ələddin müəllim atama deyib ki, bu ciddi ədəbiyyat hadisəsidir. Sən bu uşağın dalınca get. Bundan nəsə olacaq. O səbəbə görə də atam mənim şeirlərimi Bakıya, Xalq yazıçısı Yusif Səmədoğlunun və Xalq şairi Hüseyn Arifin yanına gətirdi. O dövrdə onlar meyarlar idi, atam da onların yaradıcılığını çox bəyənərdi. Onlar da, Allah hər ikisinə qəni-qəni rəhmət eləsin, mənə və yazdığlarıma çox böyük qiymət verdilər və atamı daha da həvəsləndirdilər ki, bu uşaq gələcəkdə böyük şair ola bilər. Mənim ədəbi taleyim belə başladı. Hətta Hüseyn Arif bizim evdə qonaq oldu, bütün kənd, məktəbin müəllimləri, Qazax ziyalıları orda idilər. Sonra şair şeirlərim haqqında 1979-cu ildə Qazaxdakı “Qalibiyyət bayrağı” qəzetində təqdimatla 3-4 şeirimi oxuculara təqdim etdi. Bu Qazax ədəbi mühitində, elə bizim kənddə və məktəbimizdə böyük səs-sorağa səbəb olmuşdu.

Yusif Səmədoğlu rəhmətlik də o zaman gənclərin “Ulduz” (o dərgidə baş redaktor idi) dərgisində 1983-cü ildə 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə mənim 3-4 şeirimi dərc etmişdi. Bu da daha böyük sensasiyaya səbəb olmuşdu. Mənim atam onunla yaxın dost idilər və mən, ailə üzvülərimiz dəfələrlə onun evində qonaq olmuşuq. Əvvəllər M.P.Vaqif küçəsində, “Qeyri-yaşayış məhləsi” deyilən bir binada, darısqal, şəraitsiz evdə qalırdılar. Evləri çox baslaca idi. Amma çox mehriban, sevimli həyat yoldaşı Nəmidə xanım və iki gözəl qızları- Mehriban, Humay mənim doğmalarım qədər mənə əziz idilər. Atam elə narahat olurdu ki, belə bir insanın evi darısqaldır. Sonra ulu öndər Heydər Əliyev ona Hökumət Evi ilə üzbəüz, geniş, yaraşıqlı, gözəl bir ev bağışladı. Hamıdan çox, bəlkə özlərindən də çox atam sevinirdi, alqış edirdi Hedər Əliyevə ki, bu evi ona verib. 

Məm tələbə olanda da, qızım, rəhmətlik Xalq şairəsi Mirvarid Dilbazi ilə görüşüm oldu və o mənə: “Böyük ümidlər verən şairə”-demişdi. Hətta “Ədəbiyyat və İncəsənət” qəzetində çalısan, şeir şöbəsinin müdiri,  rəhmətlik Davud Nəsibə şeirlərimin önündə çap olunmaq üçün bir Təqdimat da yazmışdı.

 “Gənclik” jurnalında da rəhmətliklər Məmməd İsmayıl, Hüseyn Əfəndi və Sabir Sarvan da mənim şeirlərimi bəyənib, dərc etmişdilər. Səhv eləmirəmsə 90-cı illər idi. Tələbəlik dövrümdə tanınmış şair, rəhmətlik Ağa Laçınlı da mənim müəllimim olub və şeirlərimi çox bəyənib. Pənah Xəlilov, Bəxtiyar Məmmədzadə, Xalid Əlimirzəyev həmişə ədəbiyyat imtahanında məni “əla” qiymətləndirirdilər. Universitetdə oxuyanda rəhmətlik Xalq Yazıçısı Sabir Əhmədov məni “Ədəbiyyat” qəzetində, sonralar Ayaz Vəfalı, Allah ona can sağlığı versin, “Ədəbiyyat və İncəsənət” qəzetində (eyni orqandır), Allah razı olsun Əməkdar İncəsənət xadimləri- İntiqam Qasımzadə “Azərbaycan” jurnalında, Elçin Hüseynbəyli “Ulduz”da dəfələrlə məni çap ediblər, sağ olsunlar. Azər Həsrət “Yalquzaq” ədəbi-ictimai saytında, rəhmətlik Ramiz Məşədihəsənli Ahısqa türklərinin “Otan-Vatan” saytında, türk rəssam və şairi Hülya  Sezgin “Ortak Ses” türk saytında, professor-doktor, həmyerlimiz İlqar Cəmiloğlu İmamverdiyevin təklifi ilə türk naşiri İbrahim Kaya “İksat Yayın Evi”ndə  mənim şeir və poemalarımı dərc etmişdilər. Bunlar uğuruma Allahın çıxardığı sənət Peyğəmbərləri, dövrümün dahi insanları idilər. Yolumda, uğurumda, sənətdə inkişafımda hər xeyir bəndə bir səbəb oldu mənə.

  1. Ən çox sevdiyiniz şairlər kimlər olub? 
  2. Səməd Vurğun, Nizami Gəncəvi, Nəsimi, Sədi Şirazi, Fizulu, Seyid Əzim, Abbas Tufarqanlı, Xəstə Qasım. Ələsgər, Yunus Əmrə, Mirzə Ələkbər Sabir, Şəhriyar, Şekspir, Heyne, Anna Axmatova yaradıcılığını başa-baş əzbər bildiyim şairlər olublar. “Hophopnamə”ni əzbər bilirdim. Çağdaş yazarlardan Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Hüseyn Arif, Söhrab Tahir, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz,  Kəmalə Ağayeva, Ramiz Rövşən kimi şairlərin yaradıcılığını çox sevirəm. Mən uşaqlığımdan çox oynayar, əyləncəni xoşlardım, açıq havada gəzməyi, səyahəti çox sevərdim. Amma yol gedəndə ətrafımdakılarla deyil, ürəyimlə söhbət edərdim, öz-özümə əzbərlədiyim şeir və poemaları təkrar-təkrar söyləyərdim, yelləncəkdə yelləndikcə yaddaşımı təzələyərdim.

 

  1. Zərəngiz xanım, tezliklə 65 illik yubileyiniz qeyd olunacaq. Öz yubileyinizdə özünüzə nə arzu edəcərdiniz? 

 

  1. Arzu tükənməz, qızım! Arzu ki var, demək ömrün var hələ! (gülür). Mən ölkə rəhbərindən və dövlətimdən razıyam; ədəbiyyat sahəsindəki əməyimə görə Prezidentin Mükafat Fondunun illik təqaüdünə layiq görülmüşəm (2009-2010). Prezident İlham Əliyevin Sərəncamı ilə bir dəfə mənzillə (2017), bir dəfə də “Mətbuatın 150 illik” yubiley (2025) medalı ilə təltif olunmuşam. Lakin, məmurlardan çox narazıyam;  mənim 55   illik yubileyimdə  və sonralar 5 dəfə mənim fəxri adla bağlı təqdimatım olub ki, heç biri Prezidentin Sərəncamına göndərilməyib, qalıb arxivdə. Onlardan 3- ü “Əməkdar jurnalist” fəxri adı almağımla bağlıdır. Bir dəfə Fatma Abdullazadə,  bir dəfə Əli  Həsənov, bir dəfə Ramiz Mehdiyev mənim adıma göndərilən təqdimatı gizlətdilər, mənim təqdim olunan  fəxri adımı vemədilər. 

       2021- ci il dekabrın 24- də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov 60 illiyimlə bağlı məni “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq bilərək, təqdimatımı irəli sürdü ki,  onu da keçmiş mədəniyyət naziri Anar Kərimov vermədi.  Sağ olsunlar, deyək ki, bu da tale işidir. 

Mən çox ümid edirəm, Allahıma, taleyimə! Bəlkə də Müzəffər Ali Baş Komandan, ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mənim onlara ünvanladığım  məktubuma layiq olduğum cavabı verəcəklər? İnanıram. Mənə “xəbərnamə” də gəlib, məktubum çatıb. Həqiqəti söyləyən bir insan kimi, istəyirəm ki, araşdırsınlar, səhv olsa məsuliyyət mənim boynuma. Dəqiq faktı və mənə olunan zəngləri əsas tutaraq deyirəm ki, 2017- ci il iyunun 18- də Prezident Aparatında mənin “Əməkdar jurnalist” fəxri adı almağımla bağlı təqdimatım var. Eyni zamanda 2 dəfə də başqa vaxtlar bu ada təqdimatım olub. Sonra, 2021- ci ildə dekabrın 24- də “Əməkdar Mədəniyyət işçisi” fəxri adı almağımla bağlı Mədəniyyət Nazirliyində təqdimatım var. Mən əminəm ki, ölkə rəhbəri və birinci xanımım mənim fəxri adlarımla bağlı araşdırmalara tapşırıq verəcək və mən fəxri adımı alacam. 8 ildir mənim təqdimatlarım gecikir.  Heç olmasa, indi, bu yaşımda, bəlkə verərlər. Mən 8 kitab müəllifiyəm, 50 poemam var, yüzlərlə şeirlərim var. Mənə bir kişi şairi göstər ki, müasir zəmanədə 50 poema yazmış olsun? Amma, mən yazmışam.  Necə olur ki, mənim “Cavab ver” poemam əsasında səhnələşdirilmiş “Xocalı” tamaşam 2025-ci il, noyabrın 30- da, okeanın o biri üzündə,   ABŞ- ın Nyu-York şəhərində keçirilən “Mark Tven” adına Teatr Festivalında  3 nominasiya üzrə 1- ci yerə layiq görülür? Münsiflər heyyətinin yekdil qərarı ilə həm müəllif işi, həm aktyor oyunu, həm də rejissor işinə görə birincilik qazanır? Mənim öz doğma xalqımın məmurları məni görməzdən gəlirlər? Beynəlxalq Festivalda,  eşitdiyimə görə münsiflər heyyətində, 2 yəhudi, bir rus əsilli Bakılı olub. Onlar Azərbaycan dilini əla bildikləri üçün, əsərin mahiyyətini tam anlayıblar və əsərimə dəyər veriblər; mən orada işğalçı erməniləri ittiham etmişəm. Həmin Festivaldan sonra, 2025- ci ilin noyabrında onlar məni Şimali Amerika Yazarlar birliyinə üzv seçdilər. Amma öz doğma ölkəmdə mən Mədəniyyət Nazirliyinə bir kitabımı dərc etməyi rica etsəm də, bu xahişim də cavabsız qaldı.

   Mən Vətənimin ağır, fəlakətli günlərini qələmə almaqla yanaşı, qəhrəmanların, zəfər sevincini, Qələbə sevincini, həmçinin qəhrəman şəhidlərin ölməzliyini də qələmə almışam; Polad Həşimov, Mübariz İbrahimov, Vəfa Dəmirçioğlu və başqa şanlı qəhrəmanlar haqqında poemalarım var. İki kitabım da maliyyə ucbatından işıq üzü görməkdə ləngiyir.

  1. Bir sualım da var. Siz, tanınmış şair, Zərəngiz Dəmirçi Qayalı  bu dövr gənclərindən kimləri bəyənirsiniz?

 

  1. Marağlı gənclər var ki, onların yaradıcılığını çox bəyənirəm: Günel Natiq, Aynur Nurlu, Sevinc Mürvətqızı, Pərviz Axund, Mövlud Mövlud (heyf ondan), Fərid, Şəhriyar bəyəndiyim gənclərdir. Bir az orta nəsil olan Hikmət Hacızadə, Əlizadə Nuri, Salamı çox bəyənirəm, onların ədəbiyyatımıza verdiyi hər qiymətli töhfələri sevirəm, dəyərli sairlərdi.. 

 

  1. Sonda ürəyinizdən keçənləri bizimlə bölüşün!

 

  1. Mən 44 il mədəniyyətimizə, ədəbiyyatımıza xidmət etmişəm, töhfələr vermişəm (sağ olsun Mədəniyyət Naziri bu haqda mənə vəsiqə verib). Doğrudur, ürəyimin tələbi ilə yazmışam, Vətənimin qəhrəman oğul və qızlarından ruhlanaraq yazmışam, təmənna güdməmişəm, amma, meyar məsələsi var axı? Biz həm də insanıq, ikinci dəfə doğulmayacam axı? Mən istəyirəm ki, sələflərim kimi, mənim də əməyimə qiymət verilə! Mədəniyyət Nazirliyinə AYB-nin tərəfindən 65 illik  yubileyimin Rəşid Behbudov adına mahnı teatrında keçirilməsi ilə bağlı təqdimat verildi. Təqdimata ünvanlanan cavab məni qane etmədi. Düzdü, razılıq veriblər, amma, mən ödəniş etməliyəm? Niyə? Mən xalqıma və dövlətimə təmənnasız xidmət etmişəm, bir dövlət təltifi, mükafat, əsərimə, kitabıma qonorar almamışam!  Nazirliksə, adi yer üçün məndən maliyyə istədi? Bu nə qədər düzgündür, bilmədim? Nədənsə, mənə çatanda yeni qaydalar çıxır? Mədəniyyət nazirliyinə “Kəlmə” mükafatı almağım üçün Anar müəllimin qolu, möhürü ilə təqdimatım yollandı və cavab gəldi ki, mükafat ləğv olunub? 

 

  1. İllər keçir və mən yaşlaşıram. Bununla belə, yaradıcılıq fəaliyyətimi davam edirəm. Bu yaxınlarda Özbəkistandan səfərdən qayıtmışam; Əlişir Nəvainin 585 illiyi və Abdulla Orufovun 85 illiyi münasibətilə keçirilən yubiley tədbirində “Turan akınçıları” arasına mən də qatılmışdım. Şuşa səfərinə də qatılmışam; Molla Pənah Vaqifin 300 illiyində  “Poeziya günləri”nə. M.P.Vaqifə müraciətlə yazdığım şeirimi ən azı

    dostlarım yüksək dəyərləndirdilər. Şuşada oxuduğum

“Qazaxdan gəlmişəm qələbəyə mən!”-şeirim çox böyük 

çoşquyla qarşılandı. Hətta Şuşaya həsr etdiyim bir şeirim də  

rəfiqələrimin favarisi oldu:

Şuşam sənə qonaq gəlim,

Arzum gözümdə qalmasın.

Həsrət gözlərim yol çəkir,

Bə nisgilim azalmasın?

 

Gülünü şehli dərərəm, 

Sinəmin üstə sərərəm.

Sevinc yaşları çilərəm,

Yollarında toz olmasın.

 

Qarabağ- tarlı, qavallı, 

Gözəlləri tirmə şallı.

Şikəstəli,  cah- cəlallı,

Coşan səsin sözalmasın.

 

Molla Pənah, sədan gəlsin,

Xurşud Banu anam gəlsin,

Seyid, Cabbar ya Xan gəlsin,

Aralıqda söz olmasın!

 

Zərəngiz muştaq halına,

Nur çilənib sağ- soluna,

Bük məni güllü çölünə,

Sevənlərim az olmasın!

  

  Bacım –Azərbaycan Ordusunun könüllü döyüşçüsü, Avey Qəhrəmanı, “Şəhidlərin qız qardaşı” Vəfa Dəmirçioğlu ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdiyimdə, necə olur ki, məndən təqdimat istəyirlər? Mənim haqqımda verilən 5 təqdimat isə cavabsız qalır? Bu Dövlətin İdarəsidir, təqdimat Prezidentin Aparatına daxil olub? Necə verməyə bilərlər? Mənə çox əcaib gəlir, təəccülüdür? Yəni bu baş verirsə, ordakılar hara baxır?  Əlbəttə bu məmurların xalqın, ziyalıların başına açdıqları növbəti, məkrli oyundur! Ramiz Mehdiyev, Fatma Abdullazadə, Əli Həsənov, Anar Kərimov mənim fəxri adlarımı vermədilər, getdilər. Amma, necə getdilər, hamımız bilirik, əməlləri çıxdı ortaya? Yarıtmaz, başabəla məmurlar kimi! Dövlətə, xalqa xəyanət edən, xalqın şairini bəyənər, ad verər? Yəqin ki, bir vaxt Ölkə Rəhbəri indiki məmurların da işlərini biləcək və “Dəmir yumruq” o kəslərin də başına enəcək! Amma mən bunu fəxri ad almağıma deyil, ədəbi yaradıcılığıma biganəlik sayıram! Getsinlər Okeanın o üzündə yaşayıb yaradan həmkarlarından-ziyalılardan dərs götürsünlər! Mənim bir tamaşama ən ali mükafatı, birinci yeri verən ziyalılardan! Axı biz “Avropa standartları”na əməl edirik?  Haqqı müdafiə etsinlər və layiq olana haqqını versinlər! Mən əminəm ki, Ölkə Rəhbəri və Birinci xanıma Müraciətimdən sonra, sizə növbəti dəfə müsahibəmdə elə  Fəxri adımla bağlı müjdə verəcəm! Çünki artıq mənə “xəbərnamə” gəldi, məktub çatıb. Allaha pənah! Xeyir Allahdan! Ümid ən sonda öləndir!

 

Aynur Nurlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi