Tibbi mübahisələrdə həkimin məsuliyyəti barədə Ali Məhkəmə İZAH VERDİ-TƏCİLİ
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir? - Ali Məhkəmədən izah
Səhiyyə sahəsində yaranan mübahisələrdə cəmiyyətdə adətən xəstənin səhhətində arzuolunmaz nəticə baş verdikdə bunun avtomatik olaraq həkim səhvi olduğu düşünülür. Halbuki tibbi müdaxilənin arzuolunmaz nəticə ilə yekunlaşması hər zaman həkimin hüquqi məsuliyyəti demək deyil.
E-huquq.az xəbər verir ki, həkimin məsuliyyəti ilk növbədə tibbi müdaxilənin mövcud tibbi göstərişlərə uyğun aparılıb-aparılmaması, diaqnozun düzgün müəyyən edilməsi, müalicə taktikasının tibbi standartlara cavab verməsi və müdaxilənin peşəkar qaydada icra olunması əsasında qiymətləndirilməlidir. Təkcə xəstədə sonradan müəyyən fəsadların meydana çıxması həkimin təqsirini təsdiq etmir.
Yəni tibbi mübahisələrdə məhkəmə yalnız nəticəyə deyil, həmin nəticəyə aparan prosesin düzgün icra olunub-olunmadığına qiymət verir. Əgər həkim diaqnozu mövcud müayinələrə əsasən düzgün müəyyən etmiş, müalicə üsulunu düzgün seçmiş, əməliyyatı tibbi standartlara uyğun icra etmişdirsə, arzuolunmaz nəticənin baş verməsi özü-özlüyündə həkimin hüquqi məsuliyyət daşıdığını göstərmir.
Ali Məhkəmənin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarında qeyd olunmuşdur ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir.
Nəzərə alınmalıdır ki, tibbi mübahisələrdə ən mühüm sübutlar məhz tibbi sənədlərdir. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Buna görə xəstənin şikayətləri, aparılan müayinələr, diaqnoz, əməliyyatın səbəbləri, əməliyyat protokolları və pasiyentin məlumatlandırılması və razılığının alınması tam və düzgün sənədləşdirilməlidir. Sənədləşmədə boşluqlar olduqda, hətta tibbi müdaxilə düzgün aparılmış olsa belə, bu vəziyyət sonradan sübutetmə baxımından ciddi çətinliklər yarada bilər.
Xüsusilə xəstəyə əməliyyat barədə lazımi məlumatın verilməsi və razılığının alınması proseduru formal sənəd imzalatmaqdan ibarət olmamalıdır. Pasiyentə planlaşdırılan əməliyyatın məqsədi, mümkün risklər, ağırlaşmalar və gözlənilən nəticələr sadə və anlaşılan şəkildə izah edilməli, bu proses lazımi qaydada sənədləşdirilməlidir. Bu yanaşma həm pasiyentin hüquqlarının qorunmasına, həm də sonradan yarana biləcək mübahisələrin qarşısının alınmasına xidmət edir.
Beləliklə, tibbi xidmət sahəsində hüquqi risklərin azaldılması üçün həm həkimlər, həm də xəstəxanalar fəaliyyətlərini yalnız keyfiyyətli tibbi xidmətlə məhdudlaşdırmamalı, hüquqi baxımdan da düzgün təşkil etməlidirlər.