Evdə heyvan saxlayanlara XƏBƏRDARLIQ
Evdə siqaret çəkilməsi ev heyvanlarının sağlamlığına ciddi zərər verə bilər. Tüstü heyvanlarda astma, allergiya, ürək-damar problemləri və hətta xərçəng riskini artıra bilər.
Xəbər verilir ki, bu haqda həkim Vladimir Qolubev xəbərdarlıq edib.
Ev heyvanları yalnız tüstünü udmaqla zərər görmür. Siqaret tüstüsündəki zərərli maddələr onların tüklərinə və pəncələrinə yapışır. Heyvanlar isə özlərini yaladıqda bu maddələri orqanizmlərinə qəbul edə bilirlər. Evdə siqaret çəkmək heyvanların nikotin və kanserogenlərə məruz qalmasını artırır.
Mütəxəssis siqaret çəkən şəxslərə bunu evdən kənarda etməyi, balkon və avtomobildə də siqaret çəkməməyi tövsiyə edib.
Həmçinin siqaretləri ev heyvanlarının əli çatmayan yerdə saxlamaq vacibdir. Çünki heyvanın siqareti udması ciddi nikotin zəhərlənməsinə, hətta ölümə səbəb ola bilər.
Aytəkin TOFİQQIZI