Rövnəq Abdullayevin azadlıqda olması həm də ona görə təəccüblüdür ki…
Azərbaycanda yüksək vəzifə tutaraq külli miqdarda pul qazanan məmurların sayı onlarladır. Bura dövlətə məxsus olan, lakin təsərrüfat hesabı ilə çalışan iri şirkətlərin məmur sayılmayan rəhbərlərini də əlavə etsək, say ikiqat artar. Müsbət haldır ki, bir çox korrupsioner vəzifəlilər kürsüdən birbaşa məhbəsə gedir, onların xalqdan oğurladıqlarının mühüm hissəsi geri alınır. Elələri də var ki, uzun illər yüksək vəzifə tutaraq yüz milyonlarla manat əldə edir, daha sonra nisbətən aşağı vəzifəyə transfer olmağı bacarır və yığdıqlarını rahatlıqla xərcləyə bilirlər. Belələrindən biri də SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevdir.
Neft sahəsində fəhləlikdən başlayaraq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti vəzifəsinə qədər yüksələn R.Abdullayev heç vaxt bizneslə məşğul olmayıb. Yəni həmişə dövlət işlərində çalışıb və vəzifə maaşı ilə “dolanıb”. Lakin onun oğlu Rəşad Abdullayev hələ 25 yaşında ikən Londonun ən bahalı bölgəsində ən bahalı mənzillərdən birinə sahiblənib. Bəs bu necə baş verib? Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, R.Abdullayev dövlət işində çalışsa da, bundan öz xeyrinə yararlanmağı bacaran kadr olub. O, qohumlarının, yaxın çevrəsinin adına yaratdığı saysız-hesabsız şirkətlər vasitəsilə dövlət vəsaitlərini mənimsəməkdə ən azı neftçiliyi qədər mahirdir, desək, yanılmarıq. “Qar yağıb izləri örtmüş” olsa da, bir neçə il əvvəl Böyük Britaniyada qəbul edilən qanun eyiblərin üstünün açılmasına səbəb oldu. Belə ki, Rəşad Abdullayevin bu dəbdəbəli London mənzilinə Gernsidə qeydiyyatdan keçmiş şirkət vasitəsilə sahib olduğu məhz qəbul edilmiş qanun sayəsində mümkün olub. İqtisadi Cinayətlər (Şəffaflıq və İcra) Aktı ilə gizli şirkətlərin benefisiarları “ifşa edildi”, R.Abdullayevin şirkəti də həmin siyahıda idi.
Sənədlərdən görünür ki, 28 yaşlı Rəşad Abdullayev Londonun ən bahalı və tanınmış yerlərindən biri olan “Twenty Grosvenor” Meydanında 17,3 milyon funt-sterlinq (təxminən 22,4 milyon dollar) dəyərində dəbdəbəli mənzilin sahibdir. Mənzilin alınması üçün ödənilən pulun mənbəyi bəlli deyil.
Bu çoxmərtəbəli binanı bir vaxtlar ABŞ Hərbi Dəniz Qüvvələri istifadə edib. İkinci Dünya Müharibəsi zamanı müttəfiq qüvvələrinə rəhbərlik edən general Duayt Eyzenhauer evin sahibi olub. 2014-cü ildən etibarən şərab zirzəmisi, öz stüardı və 25 metrlik hovuzu olan elit yaşayış binasına çevrilib. Dəbdəbəli mənzillərə “Four Seasons otel” brendinin əməkdaşları gecə-gündüz qulluq edir.
Bizim varidatının mənşəyi əslində məlum olan milyonçu “iş adamı” həmvətənimiz isə binanın üçüncü mərtəbəsində yerləşən 4 yataq otaqlı mənzili alıb. Mənzil korporativ mülkiyyət məlumatları ictimaiyyətə açıqlanmayan, Gernsi adasında qeydiyyatdan keçmiş bir şirkətə məxsusdur.
İqtisadi Cinayətlər (Şəffaflıq və İcra) Aktı ölkədə mülk sahibi olan bu tipli ofşor şirkətlərin yanvarın sonuna qədər benefisiarlarını açıqlamalarını tələb edib. Əks halda onlarla bağlı ciddi ölçü götürüləcəyi də sözügedən qanunun tələblərindəndir.
Gernsidə “Mount Street Investment” adlı şirkət artıq öz benefisiarının kim olması ilə bağlı bəyənnaməsini yerləşdirib. Sənədlərə əsasən 2019-cu ilin iyun ayından etibarən şirkətin sahibi oğul Abdullayevdir. Britaniyanın torpaq reyestri sənədləri göstərir ki, həmin ilin dekabrında bu şirkət Londonda mənzil satın alıb.
“Mülkiyyətçinin məlum qanuni sərvətinin mənbəyindən qat-qat artıq dəyəri olan bir aktivi varsa, xüsusən də mülk sahibi qanuni olaraq daha çox korrupsiyaya qarışıbsa, polis həqiqətən araşdırma aparmalıdır”, – deyə Böyük Britaniyada “Transparency International” təşkilatının araşdırmalar rəhbəri Ben Koudok bildirib.
Mənzil alınarkən ödənilən pulun mənbəyi ilə bağlı Rəşad Abdullayev göndərilən sorğuya cavab verməyib. Məsələnin üstünü açan beynəlxalq araşdırmaçı jurnalistlərin təşkilatı OCCRP-nin suallarını email vasitəsilə cavablandıran Rövnəq Abdullayev deyib ki, o, bu mənzillə bağlı heç bir ödəniş etməyib və üstəlik məlumatı da yoxdur.
“Twenty Grosvenor” Meydanının qəbul hissəsindəki əməkdaşı isə Rəşad Abdullayevin binada mənzilinin olduğunu təsdiqləyib və məktubu onun köməkçisinə çatdıracaqlarını bildiriblər.
Araşdırmalar göstərir ki, SOCAR-ın illik hesabatlarında şirkətin prezidentinin və ona yaxın vitse-prezidentlərin illik maaşları və müavinətləri toplam 800 min dollardan azdır. Belə olduqda mahiyyət etibarilə Rəşad Abdullayevin atasının rəsmi gəliri ilə Londonda mənzil alınmasının demək olar ki, mümkün olmadığı üzə çıxır.
Maraqlıdır ki, oğul Abdullayevin 16 yaşında Dövlət Neft Şirkətinin marketinq və inkişaf qolu sayılan “SOCAR Trading” şirkətində işə başladığı haqda da məlumatlar yayılıb. Bu barədə hazırda silinmiş olan “Linkedin” profilində məlumatlar olub və diqqətli araşdırmaçılar tərəfindən bu fakt qeydə alınıb. Onun vəzifəsi “Ticarət və Biznesin İnkişafı üzrə Mütəxəssis” kimi görünsə də, Rövnəq Abdullayev OCCRP-yə cavabında bunun doğru olmadığını, onun SOCAR-la əlaqəli digər şirkətdə təcrübəçi kimi çalışdığını qeyd edib.
Araşdırmalar həmçinin üzə çıxarıb ki, Rəşad Abdullayev hələ 19 yaşı olanda daşınmaz əmlak üzrə investisiya, konsaltinq və əmlak idarəçiliyi şirkəti qurub. Bir neçə il müddətində, o, kurort şəhəri Bodrumda restoran sahibi və Gürcüstanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin ortağı olub.
Londonda mənzil alındığı il, OCCRP İbizada Abdullayevin 1,35 milyon dollar dəyərindəki dəbdəbəli saatın oğurlanması ilə bağlı yayılan şayiələri təsdiq edib. Lakin həmin vaxt SOCAR-in sözçüsü bu iddiaları təkzib edib. OCCRP-nin reporyorlarının şəxsən gördüyü dəyişdirilmiş polis ifadəsinə görə, Abdullayev dəbdəbəli saatın ona məxsus olmadığını, daha doğrusu, başqasından borc aldığını iddia edərək bundan boyun qaçırmağa çalışıb.
Onun Londonda 300.000 dollar dəyərində nadir “Mercedes” sürdüyü də yerli media tərəfindən dərc edilib.
Rövnəq Abdullayev hazırda SOCAR-ın prezidenti deyil. Məlum olduğu kimi, ötən il o, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəsindən azad edilərək iqtisadiyyat nazirinin müavini təyin edilib.
O SOCAR-la bağlı iddia olunan korrupsiya və qeyri-şəffaflıq qalmaqalları ilə bağlı suala cavabında “Yazılanlarla bağlı heç bir məlumatım və ya marağım yoxdur. Mənimlə bağlı yazılanlar həqiqəti əks etdirmir” – deyib.
Oğul Abdullayevin sahib olduğu yalnız həmin şirkət və həmin evdirmi? Soruşsanız, təbii ki, “yox” cavabı alacaqsınız. Onun ən böyük biznesi Türkiyədədir. Orada R.Abdullayevin adına hələ 2013-cü ildən “Alpha Roger Proje İnşaat ve Gayrimenkul Danışmanlık Sanayi ve Ticaret” anonim şirkəti yaradılıb. Şirkət 2013-cü ilin 11 iyununda İstanbul Ticaret Odasında qeydə alınıb.
Şirkət əvvəllər İstanbulun İs Esentepe məhəlləsindəki Kore şəhidləri küçəsi 40 ünvanında SOCAR prezidentinin oğluna məxsus binada yerləşsə də, sonradan İstanbulun Sarıyer bölgəsində, Ahi Evran küçəsiindəki “Polaris Plaza”nın 8-ci mərtəbəsinə köçüb.
Ümumiyyətlə “Polaris Plaza”da İstanbulun inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən böyük şirkətləri yerləşir.
Şirkət çoxsaylı binalar, ticarə və iş mərkəzləri tikintisi ilə məşğuldur, inşaat üçün İstanbulda böyük ərazilər satın alıb.
*İdealtepe Hatboyu sk No:35 Deniz Palas aprt.
*Maltepe / İstanbul 20 mənzil
*İdealtepe Mh. Beyazköşk Sk Güldoğan Aprt No:3 İdealtepe 30 mənzil
*İdealtepe Mh. Sümer Sk Manolya Aprt / 25 mənzil
*Ataşehir Yenişehir Mh. Özgür Sk Ceren Aprt. 8 mənzil
*İdealtepe Göz Vakfı 32 mənzil
*İdealtepe Sümer Sk. 25 mənzil (Manolya Aprt-2)
*Maltepe Yalı Mah Feyzullah Sk. 42 mənzil 6 ticarət obyekti
LAYİHƏLƏR
*Ulus 50 daire
*Rüzgarlıbahçe / Beykoz 4 Blok 152 mənzil
*Beykoz 578 Ada Parsel Yapılaşma Etüdü
Bu siyahı ilə “Alpha Roger Group”a aid http://www.alpharoger.com saytından tanış olmaq mümkündür.
Oğul Abdullayev “Alpha Roger Group Holding” anonym şirkətini 2014-cü il yanvarın 7-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Bu şirkət də əvvəlcə Rəşad Abdullayevin Zincirlikuyu, Esentepe məhəlləsindəki binasında fəaliyyət göstərib, sonradan Sarıyerdəki “Polaris Plaza”ya – “böyük qardaşının” yanına daşınıb.
Bunlar Rövnəq Abdullayevin oğlunun adına “risk edib” yaratdığı biznes şəbəkəsidir. Onun digər qohumlarının adına işlər gördüyü də sirr deyil, bu haqda da mediada çox yazılıb. 17 il SOCAR-a rəhbərlik edən bir şəxsin, neft gəlirlərinin ən pik həddində ən müxtəlif korrupsiya planları ilə ölkə iqtisadiyyatının digər sahələrinə çatmalı olan vəsaitlərin mənimsənməsində “müstəsna xidmətləri” olan bir məmurun hələ azadlıqda gəzməsi təəccüblüdür…
Mənbə:https://yenigundem.az/rovneq-abdullayevin-azadliqda-olmasi-hem-de-ona-gore-teeccubludur-ki/