"Respublika Prokurorluğuna müraciət edirəm ki, tikdirdiyim evlə bağlı qanunu yolla deklarasiya verməyimi tələb etsinlər"
"Mənə qarşı şər və böhtan xarakterli ittihamları irəli sürənlər oğurladıqları pulların, tikdirdikləri milyon manatlıq mülklərin hesabatını versinlər"
"Yazdığım kitabları yığsam, hacı Əbdüldən də, Rövnəq Abdullayevdən də uca durar!"
Xəbər verdiyimiz kimi, bugünlərdə "Hürriyyət" qəzetinin elektron versiyası olan Hurriyyet.org saytına yenidən haker hücumları təşkil olunub. Düzdür, hazırda saytımız fəaliyyətini davam etdirsə də, ara-sıra süni texniki problemlərlə qarşılaşırıq ki, bunun da kökündə duran əsas səbəb ADP-nin, bir qrup konqresmenin Azərbaycana və Türkiyəyə səfərlərini təşkil edən, FETÖ imamı kimi tanınan və bu yaxınlarda Ermənistanda yaxalanan K.Öksüzün SOCAR-la bağlı əlaqələrinin araşdırılması ilə bağlı Respublika Prokurorluğuna ünvanladığı müraciətin qəzet və saytımızda yayımlanmasıdır.
Əbdül Əbdülov adının mənasına uyğun olaraq qulluq, köləlik vəzifəsini icra edərək verilən əmrə itaət edib
Məsələnin maraqlı tərəfi ondadır ki, məhz bundan sonra, 1991-ci ildən nəşrə başlayan "Hürriyyət" qəzetinin elektron versiyasının loqotipindən istifadə edərək, daha dəqiq desək, müəllif hüquqlarını kobud surətdə pozaraq, eyniadlı Hurriyyet.com domeni altında sayt yaradıldı. Qeyd edək ki, bu sayt fəaliyyətə başlayar-başlamaz ilk hədəf kimi məhz ADP sədri Sərdar Cəlaloğlunu seçdi və onun barəsində hər hansı tutarlı dəlilə, fakta söykənməyən əsassız ittihamlar yayımladı. Bir məqamı da vurğulamaq lazımdır ki, dizayn baxımından olke.az və oxu.az saytlarına bənzəyən Hurriyyet.com domeninin qiyməti 2000-2500 dollar civarındadır. Saytın yığılmasına da təqribən, bir o qədər xərcləndiyini nəzərə alsaq, belə çıxır ki, Hurriyyet.org saytının loqotipini oğurlayan Hurriyyet.com məhz Sərdar Cəlaloğluna qarşı, yəni onu gözdən salmaq məqsədiylə yaradılıb. Söz yox ki, bu işdə adıçəkilən plagiat sayta tərəfdaş, ADP sədri barəsində ağzına gələni danışacaq biri lazımdır. Odur ki, onlar dərhal "Tövbə" cəmiyyətinin sədri hacı Əbdül Əbdülovo müraciət ediblər. O isə öz növbəsində, adının mənasına uyğun olaraq qulluq, köləlik vəzifəsini icra edərək verilən əmrə itaət edib və Sərdar Cəlaloğlunun ünvanına hədyanlar yağdırıb.
"Bu gün mətbuatın böyük bir hissəsinin sifarişçisi korrupsioner məmurlardır"
Prezidentliyə keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğlu isə adıçəkilən saytda barəsində yazılanlara münasibət bildirərkən, bu gün ölkədə azad mətbuatdan danışmağın mümkün olmadığını, yəni faktiki olaraq media orqanlarının böyük bir hissəsinin ayrı-ayrı məmurların nəzarəti altında fəaliyyət göstərdiyini qeyd etdi. ADP sədrinin sözlərinə görə, bu tip mətbuat vasitələri onları himayə edən məmurların korrupsioner fəaliyyətini ört-basdır etmək, həmin məmurları onlara qarşı irəli sürülən ittihamlardan müdafiə etmək, eyni zamanda onları ittiham edənlərə qarşı müəyyən hücum kampaniyası təşkil etmək vəzifəsini icra edirlər: "Belə bir məşhur söz var ki, pulu kim verirsə, musiqini də o, sifariş edir. Faktiki olaraq, bu gün mətbuatın böyük bir hissəsinin sifarişçisi korrupsioner məmurlardır. Yəni artıq Azərbaycanda korrupsioner məmurlarla bəzi media qurumları arasında bit ittifaq yaranıb. Bu ittifaqların biri də Rövnəq Abdullayev və onun SOCAR-dan oğurladığı pullar hesabına saxladığı media orqanlarıdır. Bildiyiniz kimi, biz Azərbaycan dövlətinin və millətimizin maraqlarını qorumaq məqsədiylə, heç də qərəzli yox, tamamilə obyektiv bir təklif vermişik. Belə ki, ADP İdarə Heyəti Ermənistan hüququ-mühafizə orqanları tərəfindən saxlanılan, beynəlxalq axtarışda olan FETÖ imamı K.Öksüzün bir qrup konqresmenin Azərbaycana və Türkiyəyə səfərlərini təşkil etməsi, SOCAR-la bağlı əlaqələrinin aşkarlanması faktlarını diqqətə alaraq, Respublika Prokurorluğunu onun haqqında araşdırmalar aparmağa, konqresmenlərin rüşvətlə ələ alınması, FETÖ ilə bağlılığı və digər cinayət faktlarını ortaya çıxarmağa çağırıb. Qeyd edim ki, uzun müddət müxtəlif mətbuat vasitələrində Azərbaycan neftinin və qazının Ermənistana verilməsi ilə bağlı çəlumatlar gedirdi, SOCAR isə bunu təkzib edirdi. Hətta bir dəfə Rövnəq Abdullayev diliylə dedi ki, biz Gürcüstandakı erməni kilsələrinə pulsuz qaz veririk. Lakin Ermənistana neft və qazın verilməsini etiraf etmirdi. Ancaq sonradan məlum oldu ki, SOCAR-la bağlılığı olan Öksüzün Azərbaycanda qurduğu əlaqələrə ekvivalent olaraq Ermənistanda da çox ciddi əlaqələri var. Beləliklə də, Öksüz SOCAR-Ermənistan, SOCAR-ABŞ konqresmenləri əlaqələrini yaradıb və Azərbaycan xalqına məxsus milyardlarla pul ölkəmizə qarşı düşmənçilik edən bir dövlətə, eləcə də Azərbaycan dövlətinə və xalqına qarşı yanlış mövqe tutan insanlara rüşvət kimi axıdılıb. Bilirsiniz ki, bundan öncə də Türkiyənin "Halkbank"ı ilə bağlı ABŞ-da məhkəmə prosesi getdi və bu zaman həmin bankın sədri tutuldu. Əgər indi ABŞ konqresmenlərinə rüşvət verilməsi təsdiq olunacaqsa, təbii ki, bu, bir cinayətdir. Odur ki, ABŞ həmin cinayətdə iştirak edən digər tərəf - SOCAR-ın rəhbərliyi haqqında da cinayət işi qaldıracaq. Eynilə də Türkiyə Öksüzlə bağlı apardığı cinayət işində onun SOCAR-la, FETÖ-çü Rövnəq Abdullayevlə əlaqələrini aşkar edəcəyi təqdirdə, ən azı cinayət işi qaldırılmasa da, Türkiyə-Azərbaycan münasibətlərində çox ciddi problemlər yaranacaq. Biz nunu nəzərə alaraq, hökumətə bir yol göstərmişik ki, qabaqlayıcı tədbir olaraq özləri cinayət işi qaldırıb SOCAR-ın fəaliyyətini araşdırsınlar. Beləliklə, ya Rövnəq Abdullayevə bəraət verən sənəd ortaya qoysunlar və onun FETÖ ilə əlaqəsinin olmadığını, Ermənistana neft satmadığını, ABŞ konqresmenlərinə rüşvət vermədiyini bildirsinlər. Ya da özləri Rövnəq Abdullayevi cəzalandırsınlar ki, sabah ABŞ və ya Türkiyə SOCAR-la bağlı Azərbaycan dövlətinə, hökumətinə, şəxsən İlham Əliyevə heç bir irad tutmasın. Biz bu xeyirxah məqsədlə sözügedən bəyanatı vermişik və burda SOCAR-ın prezidentinə qarşı heç bir şəxsi qərəzimiz yoxdur".
"Mənim 2 evim, 1 maşınım olanda Rövnəq Abdullayevin şalvarı yamaqlı idi" - SƏRDAR CƏLALOĞLU
"Respublika Prokurorluğuna müraciət etmişik ki, SOCAR-ın rəhbərliyinin Ermənistan və FETÖ ilə əlaqələri araşdırılsın"
ADP-nin siyasi müxalifət olaraq SOCAR-la bağlı yeni çıxan faktlara əsasən dövlətin və millətin maraqlarını əsas götürərək hökumətə yol göstərdiyini vurğulayan Sərdar Cəlaloğlu bildirdi ki, müxalifətin vəzifələrindən biri də hakimiyyətin effektli idarəetməsinə çalışmaqdır: "SOCAR-la bağlı 2-3 ölkədə cinayət işi qaldırılır, hay-küylü kampaniyalar gedir, Azərbaycanda isə bu adamlar öz vəzifəsində qalır və hökumət heç nə olmamış kimi başını aşağı salıb öz işini görür. Bu, biabırçılıqdır. Azərbaycan dövlətini nüfuzdan salan, ona töhmətlər gətirən bir işdir. Buna görə də biz Respublika Prokurorluğuna müraciət etmişik ki, SOCAR-ın rəhbərliyinin Ermənistan və FETÖ ilə əlaqələri araşdırılsın. Çünki FETÖ imamı olan Öksüz həm Türkiyə, həm də ABŞ tərəfindən axtarılır. Biz deməmişik ki, Rövnəq Abdullayev cinayətkardır, onu tutun. Qoy araşdırsınlar, bəlkə sabah bir sənəd çıxacaq ki, ABŞ və Türkiyə məhkəmələrinin çıxardığı qərarlar əsassızdır".
"Əgər fəaliyyətimdə hər hansı kiçicik belə, qınağa məruz qala bilərəmsə, o zaman nə üçün Bilgəhin kənar ərazilərində deyil, məhz mərkəzində torpaq alıb ev tikirəm?!"
ADP-nin SOCAR-la bağlı verdiyi sözügedən bəyanatdan dərhal sonra korrupsioner məmurların nəzarətində olan bəzi media qurumlarının işə düşdüyünü deyən Sərdar Cəlaloğlu qeyd etdi ki, məhz həmin mətbuat qurumları onun barəsində yalan, şər və böhtan xarakterli məlumatlar yayırlar: "Bu gün həm bizim media orqanlarına qarşı təzyiqlər başlayıb, saytlara haker hücumları edilir, digər tərəfdən şəxsən mənim haqqımda ağızlarına gələn hədyanları yazırlar. Həmin bəyanatı ADP verib, Sərdar Cəlaloğlu verməyib. Bu, partiyanın İdarə Heyətinin səs çoxluğu ilə verdiyi qərardır. Yəni bu, mənim şəxsi iradəm deyil ki, sən mənə qarşı qərəz nümayiş etdirirsən. Konkret barəmdə yazılanlara gəlincə, məni tanıyanlar da bilir ki, xalq hərəkatına qoşulmamışdan qabaq 2 evim və 1 maşınım olub. Bu gün isə 1 maşının, 1 evim var. Qeyd edim ki, 4 övladım və hərəsinin də özünün ailəsi var. Bu 4 övladım və mənim, yəni 5 ailənin Azərbaycanda cəmi 1 evimiz var. Naxçıxanda, o cümlədən dünyanın heç bir ölkəsində evim yoxdur. Bir vaxtlar Naxçıvanda 2 evim vardı, onu satıb Bakıda bir ev almışıq. İndi övladlarım xaricdən Azərbaycana gəldikdə demək olar ki, biz bir yerdə yaşa bilmirik. Ya gərək, başqa yerdə ev tutaq, ya da övladlarım oteldə qalmalıdır. Belə olduqda, onların Azərbaycana gəlməsinin heç bir mənası qalmır. Çünki mən övladlarımla, nəvələrimlə bir yerdə qalmaq istəyirəm. Bununla da övladlarımızla belə bir qərara gəldik ki, onların və mənim yardımımla kiçik, ikinci bir ev tikək. Axı, övladlarım xaricdən gəldikdə niyə başqa ev və ya otel tutmalıyıq?! Açığı, Bakıda qiymətlər baha olduğundan və bu səbəbdən də paytaxtın mərkəzi ərazilərində ev almağa imkanımız olmadığından, Bilgəhin mərkəzində 4 sot torpaq sahəsində kiçik bir ev tikirik. Həmin ev qarşıdan baxdıqda böyük görünsə də, evin arxa hissəsi yoxdur. Yəni heç də deyildiki kimi, villa-falan deyil. Nəzərinizə çatdırım ki, bankda hardasa 30 min dollar depozitim vardı və təxminən, 2 ay öncə o depoziti götürmüşəm. Avropa Məhkəmələrində Azərbaycan hökumətini udmuşam və nəticədə hökumət mənə üst-üstə 80 min manat pul ödəyib. Hazırda isə hökumət mənə 7 min avro borclu qalıb. Həmin yeni tikilən evdə hər şey qanuni sənədlərlədir. Yəni heç də onların gic-gic danışdığı kimi 1 hektar torpaq almamışam. Əvvəla, onu deyim ki, mən siyasətçiyəm və kifayət qədər uzaqgörən adamam. Əgər fəaliyyətimdə hər hansı kiçicik belə, qınağa məruz qala bilərəmsə, o zaman nə üçün Bilgəhin kənar ərazilərində deyil, məhz mərkəzində torpaq alıb ev tikirəm?! Əgər hesabat verə bilməyəcəyim, müəmmalı, kölgəli bir iş olsa, bunu edərdim? Təbii ki, yox. Mənim 3 belə ev tikmək imkanım var. Sənədlərlə sübut edə bilərəm ki, Naxçıvandakı 2 evimi satıb Bakıda 1 ev almışdım. Həmin ev isə söküntüyə düşdüyündən o vaxt mənə yarım milyon manatdan artıq pul veriblər. Həmin puldan 100 min dollar həcmində vəsaiti saxlamışdım, qalanını isə verib ev, maşın almışdım, müəyyən problemlərimizi həll etməşim. O zaman həmin 100 min dollara 3 belə ev tikə bilərdim. Çünki o vaxt buna ehtiyacım olmayıb. İndi isə ehtiyacım olduğu üçün tikirəm".
"Mənə qarşı hücuma keçən şərəfsizlər ordusundan da eyni deklarasiya tələb olunmalıdır"
Bu gün nəinki özünə aid olan mülkiyyətlə, o cümlədən yediyi yemək, geydiyi paltarla bağlı istənilən vaxt istənilən dövlət orqanına deklarasiya verməyə hazır olduğunu bəyan edən Sərdar Cəlaloğlu bildirdi ki, ona qarşı əsassız, uydurma, şər və böhtan xarakterli ittihamları irəli sürənlər, eyni zamanda onlara bunu yazdıran şəxslər də mütləq eyni addımı atmalıdır: "Bu zaman, gərək barəmdə gic-gic şeyləri yazdıran adamlar da oğurladıqları pullar hesabına tikdirdikləri milyon manatlıq mülklərinin hesabatını versinlər. Deyirlər ki, guya milyon manatlıq villa tikdirirəm. Əvvəla, o villa deyil, 3 otaqlı bir evdir. İkincisi də, milyon manat lazım deyil, kim istəyirsə, indi o evi 100 min manata verməsəm nakişiyəm. Bu qədər gülünc ittiham olmaz. Mən bizneslə məşğul olmuram ki, desinlər vergidən yayınıb ev tikir. Gəlir gətirən hər hansı yaradıcılıq sahəm yoxdur ki, ordan pul alım. Əksinə, yazdığım kitablara özüm pul qoyuram. Hansısa dövlət postunda təmsil olunmuram ki, rüşvət alım. İqtisadi sahədə də çalışmıram ki, korrupsiya ilə məşğul olum. Hazırda Bakıda 500 min qeyri-qanuni tikili var. Bir o qədər də qanuni tikili mövcuddur. Hələ rayonlardakı həyətləri və bina evlərini bir kənara qoyuram. Bu o deməkdir ki, uşaqlarda daxil olmaqla, Azərbaycanda hər 10 nəfərdən birinə bu tip ev düşür. Yəni mən o qədər aciz insanam ki, həmin 10 nəfərdən biri ola bilmirəm?! Mən bütün həyatımı Azərbaycan xalqına həsr edən, dünyada yetərincə tanınan, siyasətdə öz sözünü demiş bir adamam. Nəyə görə evim olmamalıdır? Küçədə yatmalıyam? Azərbaycanda, xüsusən də sadə xalq kütləsində belə bir təəssürat yaradıblar ki, müxalifətçinin maşını, evi olmamalıdır. Axı, mən müxalifətə gəlməmişdən əvvəl 2 evin vardısa, bu gün 1 evim var. Mənim həyatımda geriləmə olub. Biz öz gücümüz, əlaqələrimizlə həm partiyanın, həm də qəzetin ayaqda durması üçün çalışmışıq. Lazım gəldikdə qohumlarımız, dostlarımızla birgə evimizi və maşınımızı satıb bu yolda qoymuşuq. İndi övladlarım xaricdən gəldikdə onlar və nəvələrimlə birgə vaxt keçirmək üçün bir ev tikmək istəyirəm. Beləliklə, "Hürriyyət" qəzeti və Hurriyyet.org saytı vasitəsiylə Respublika Prokurorluğuna müraciət edirəm ki, tikdirdiyim evlə bağlı qanunu yolla deklarasiya verməyimi tələb etsinlər. Mən həmin hesabatı verəcəm. Lakin eyni zamanda, mənə qarşı hücuma keçən şərəfsizlər ordusundan da eyni deklarasiya tələb olunmalıdır. Hələ prezident seçkilərində demişdim ki, SOCAR prezidentinin bir müavininin 350 evi var. Mənim 2 evim, 1 maşınım olanda, SOCAR prezidenti Rövnəq Abdullayevin şalvarı yamaqlı idi. İndi onun milyardları var, Sərdar Cəlaloğlu isə hərəkata gəlməmişdən öncə malik olduğunun yarısını itirib. Bu halda belə, mənə irad tutmaq istəyirlər".
"Hərəkata dilənçi kimi gəlməmişəm ki, indi də desinlər siyasətə gəldikdən sonra pul qazandı"
"Tövbə" cəmiyyətinin sədri hacı Əbdül Əbdülovla bağlı məsələyə gəlincə, prezidentliyə keçmiş namizəd qeyd etdi ki, ona irad tutan insanları fəaliyyətləri, qabiliyyətləri, savadları ondan qat-qat aşağıdır: "Ay hacı Əbdül, sən Sərdar Cəlaloğlu ilə necə tərəf müqabili ola bilərsən?! Mən ziyalı ailədən çıxmış, ali təhsilli həkim, kifayət qədər qabiliyyətli, yetərincə əlaqələrim olan biri, sənsə insanlığın karikaturası olan hacı Əbdülsən. Bu adam əlində bir qamçı təvvab (Tövbələri qəbul edən-red.) olan Allahın funksiyasını yerinə yetirir və deyir ki, mən adamlardan tövbə qəbul edirəm. Halbuki "Quran"da açıq şəkildə yazılıb ki, tövbəni Allah qəbul edir. Allahın varlığından xəbəri olmayan belə bir adam deyir ki, həmin torpağı mənə guya Rəsul Quliyev verib. Mənə qarşı irəli sürdükləri iddiaları sübut etməsələr nakişidirlər. Maraqlı məqam ondadır ki, eyni yerdə gah yazırlar ki, torpağı Rəsul Quliyev verib, gah bu torpağın 1 sotunun 20 min manat olduğunu, gah da sahəsinin 1 hektar olduğunu yazırlar. Axı, bu yazılanları Bilgəlilər də oxuyur. Əminəm ki, onlar "Ə alçaq, biz bilirik ki, orda cəmi 4 sot torpaq var. Sotu da 20 min deyil", deyib üzünüzə tüpürürlər. Rəsul Quliyevin isə Bilgəhdə yox, Buzovna tərəfdə ərazisi olub. Həmin torpaqları isə başqa bir adam zəbt edib. Bunu hacı Əbdül məndən də yaxşı bilir. Bir daha qeyd edirəm ki, hərəkata gəlməmişdən əvvəl 5 kişidən biri idim. Mən hərəkata dilənçi kimi gəlməmişəm ki, indi də desinlər siyasətə gəldikdən sonra pul qazandı. Bütün bunlar hamısı sadə "obıvatellər"ə hesablanıb. Çünki Azərbaycanda şəffaflıq, insanların fəaliyyəti üzərində nəzarətdə, dövlətdə deklarasiya yoxdur. Məsələn, mən ev tikirəmsə, gəlib deməlidirlər ki, torpağı hansı pulla aldığına dair deklarasiya verməlisən. Lakin bunu təkcə Sərdar Cəlaloğluya yox, hamıya - Rövnəq Abdullayevə, Prezident Administrasiyasında bu yazıları sifariş verən, bizim saytları bağlayan adamlara da deməlisən. Mən Bilgəhdə ev tikirəm, bunlarsa Nyu-Yorkda, Dubayda, Londonda ev, otellər alırlar. İndi sən gedib Londonun mərkəzində 70 milyonluq ev ala bilərsən, mənsə 4 sot torpaq alıb ev tikə bilmərəm?! Onda mən nə siyasi partiya lideriyəm ki, öz ailəmi saxlaya bilmirəm. Öz ailəsini saxlamaq imkanı, qabiliyyəti, bacarığı olmayan bir adam çıxıb deyə bilər ki, xalq mən səni xoşbəxt edəcəm?! Adama deyərlər ki, əgər gücün-qüdrətin varsa, onda birinci özün insan kimi yaşa, sonra camaata nəsə vəd ver. Mənim yazdığım kitabları yığsam, hacı Əbdüldən də, Rövnəq Abdullayevdən də uca durar! Mən deyirəm ki, bizim qazımızın Ermənistana necə, hansı yolla və kimlərin vasitəsiylə getməsi araşdırılsın. Çünki bu, Vətənə xəyanətdir. Sən dövlətin milyardlarla pulunu oğurlayırsan. Bunun ekvivalenti Sərdar Cəlaloğlunun özünə ev tikməsidir?! Onda belə çıxır ki, sən Sərdar Cəlaloğlunun acığına bu pulları oğurlayıbsan?! Mən evi təzə tikirəm, sənsə neçə ildir bu işlə məşğulsan. Bir daha qeyd edirəm ki, utanacağım, çəkinəcəyim, hesab verə bilməyəcəyim heç bir işim yoxdur".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org