Rövnəq Abdullayev həbs olunacaq? - faktlar prosesin gecikdiyini deyir
R.Abdullayev 2005-2022-ci illərdə SOCAR-ın prezidenti vəzifəsini tutub. Bu illər ərzində dəfələlə milli neft şirkətindən külli miqdarda qazanc əldə edənlər arasında onun ən yaxın çevrəsinin adı hallanıb. Bu qazanc əsl sahiblərinin gizlədilməsi üçün hörümçək toruna bənzəyən sxemlə yaradılan onlarla şirkət vasitəsilə əldə edilib. R.Abdullayev özünə yaxın adamlar vasitəsilə şirkətlər şəbəkəsi yaradaraq SOCAR-dan külli miqdarda qazanc götürüb. Məhz ona yaxın olduğu üçün bu şirkətlər SOCAR-la bağlanan müqavilələrdə üstün şərtlər əldə edib.
Məsələn, “Bahar” və “Qum-Dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsünə dair Dövlət Neft Şirkəti sazişimzalamış “Bahar Enerji Limited” şirkəti ilə aparılan pay bölgüsü buna sübutdur. Bölgüyə əsasən, "Qum-Dəniz" və "Bahar" neft mədənlərindən götürülən gəlirin 80 faizinə "Bahar Energy Limited", 20 faizinə SOCAR sahiblənib. "Bahar Energy Limited"in R.Abdullayevin yaxın adamına məxsus olması da faktdır. Bu, görünməmiş dərəcədə acgözlüyün təzahürüdür. Bu cür sazişlər vaxtilə çox bağlanıb. Hörümçək toruna daxil olan şəbəkə şirkətlərinin SOCAR-la müqavilələrində SOCAR-ın mənafeyi məhz "Bahar Energy Limited"lə olan müqavilədəki kimi "qorunub". Qarşı tərəfə külli miqdarda qazanc əldə etmək imkanı tanınan müqavilələrdə SOCAR-ın payı "qəpik-quruş" olub desək, yanılmarıq.
SOCAR-la işbirliyi quran şirkətlərdən əlavə, R.Abdullayevin şirkətlər şəbəkəsi kənd təsərrüfatı, nəqliyyat, tikinti, turizm sahəsindən tutmuş logistikaya qədər bütün sahələrdə üstün şərtlərdən yararlanaraq külli miqdarda gəlir əldə ediblər. “Xincab” MMC, “Bakimpeks” MMC, “Sərv” MMC, Eyros MMC, “Azər Toxum” MMC, “Azər Aqro” MMC, “AST Beynəlxalq Tikinti” MMC, “Azər Yem Sənaye” MMC, “Ekol Mühəndislik Xidmətləri” QSC, “Aztrans” MMC R.Abdullayev şirkətlər şəbəkəsinin bir qismidir.
SOCAR-ın sabiq prezidentinə yaxın şirkətlərin bir çoxunun rəsmi ünvanı Bakı şəhəri, Qara Qarayev prospekti, ev 30/42, mənzil 17-dir. Mənzil deyəndə ki, onun təyinatı dəyişdirilib və hazırda burada icarə əsasında gözəllik salonu fəaliyyət göstərir. Mənzildə azı 20 şirkət (“Azəri Layt” MMC, “Samir” firması, “Olimp İsk” MMC, “Naftalan-Mall” MMC, “Tripesta Travel” MMC, “Xəzər-İR” MMC, “Story Time Uşaq Bağçası” MMC və s.) qeydiyyatdadır. Onlardan biri yuxarıda adı çəkilən “Solid Construction A” tikinti şirkətidir. Şirkət Dərnəgül prospektində üçmərtəbəli ticarət mərkəzinin (sahəsi 4,5 min kv.m), həmin ərazidə yanacaqdoldurma məntəqəsinin, eləcə də Qara Qarayev prospektində və Cəlil Məmmədquluzadə küçəsində 16-mərtəbəli yaşayış evlərinin tikintisinin sifarişçisidir. Burada qeydiyyatda olan “Tam-İnşaat” MMC Bakı-Salyan şosesinin şimal hissəsində, “Komfort-R” MMC isə Lökbatan-Xocahəsən yolunun şimal hissəsində çoxsaylı istehsal obyektləri inşa edib, “Olimp İSK” MMC ilə Bakıxanov qəsəbəsində mini futbol meydançaları qurub.
Cənab Abdullayevin yaxın çevrəsi, ailə üzvləri xarici ölkələrdə də çoxsaylı şirkətlər yaradıblar. Bu şirkətlər barədə əlavə yazımız olacaq…
R.Abdullayevin dövründə SOCAR-da işçilərin sosial müdafiəsi ilə bağlı əvvəlki illərdə atılan müsbət addımlar da ləğv edilib. İşçilərin əməkhaqlarında ciddi artıma gedilməyib. Şirkət daxilində korrupsiya pik həddə çatıb. SOCAR-ın birbaşa məsuliyyət daşıdığı sahələrdə görülən işlər qaneedici olmayıb, o sahələrdə xeyli problemlər yaranıb. Hətta Prezident İlham Əliyev də bu durumu tənqid edib. 2020-ci ilin 6 avqustunda keçirdiyi müşavirədə İlham Əliyev bütün dövlət şirkətlərinə ünvanlanmış sərt fikirlər səsləndirib. Xüsusilə Dövlət Neft Şirkətinin üzərində dayanan Prezident deyib: "Ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı bu, bilavasitə onun işidir, onun vəzifəsidir.
Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır".
SOCAR R.Abdullayevin rəhbərliyi altında olduğu dövrdə büdcənin əsas gəlir mənbəyindən dövlətin boynunda ağır yükə çevrildi. Hər il yüz milyonlarla manat dövlət vəsaiti bu və ya başqa ad altında SOCAR-a axdı. Nəhayət, 2022-ci ildə ölkə başçısının diqqətindən yayınmayan geniş korrupsiya faktları R.Abdullayevin SOCAR prezidenti kimi karyerasının sonunu gətirdi.
Lakin maraqlıdır ki, hər kəs onun həbsini gözləsə də, bu baş vermədi.
Davamı olacaq...