azia.az
azia.az

ÜST-dən şok xəbərdarlıq - Daha dəhşətli pandemiya gəlir!

22-06-2023, 15:57

Həkimlər isə deyir ki, növbəti pandemiyanı qrip yarada bilər; “RNT nüvəli virusların kökünü kəsmək müşkül məsələdir...”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus sensasion sayıla biləcək açıqlama verib. ÜST rəhbəri bildirib ki, COVID-19-dan qat-qat qorxulu pandemiya təhlükəsi istisna edilə bilməz.

“Yeni xəstəlik və ölüm hallarına səbəb ola biləcək başqa bir variantın (COVID - red.) yaranması təhlükəsi hələ də qalır. Həmçinin daha ölümcül potensiala malik yeni patogenin təhlükəsi qalmaqdadır”, - deyə ÜST rəhbəri təşkilatın Cenevrədəki illik assambleyasında çıxışı zamanı deyib və dünyanı bu təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb.

Söhbət hansı yeni və daha ölümcül virusdan gedir? Təhlükə nə dərəcədə ciddidir?

İnfeksionist-hepatoloq  Mərdan Əliyev “Yeni Müsavat”a dedi ki, hazırda dünya çox qloballaşıb və dünyanın bir nöqtəsindən digər nöqtəsinə asanlıqla gedib-gəlmək mümkündür: “Hazırda gediş-gəliş çoxdur. Afrikada meydana çıxan bir xəstəlik bir gün sonra Azərbaycana da gələ bilər. Bu kimi hallar pandemiyanın yaranmasına şərait yaradır. ÜST-nın baş direktorunun açıqlaması o demək deyil ki, mütləq xəstəlik meydana çıxacaq. Amma xəstəliyin meydana çıxma ehtimalı var. Hətta bir qrip virusunun da pandemiya yaratma ehtimalı var. Növbəti pandemiya qripdən də ola bilər. Yaxud koronovirusdan yoluxmalar hələ bitməyib, onun yeni ştammı əmələ gələ bilər. Amma bu ehtimal bir az azdır. Burada dünya hazırlıqlı olmalıdır. Karonavirus pandemiyasındakı kimi dünya hazırlıqsız olarsa, yenə çox böyük iqtisadi, sağlamlıq, psixoloji problemlərə səbəb ola bilər. Ona görə də dünya infeksion xəstəliklər üzərində nəzarəti daha ciddi təmin etməlidir. Hər bir ölkənin infeksion-nəzarət sistemi daha güclü olmalıdır ki, belə pandemiyaların qarşısı asanlıqla alına bilsin.

Təkrar edirəm, bu yeni pandemiyanın yaranacağı anlamına gəlmir, insanları qorxutmaq lazım deyil. Təbii ki, müəyyən dövrdən bir müəyyən pandemiyalar olur. Əvvəllər də daha çox bakterial infeksiyalarla bağlı pandemiyalar olurdu. İndi isə virus pandemiyalarının olması mümkündür. 50-100 ildən bir pandemiya hər zaman olub. Bundan sonra nə zaman olacağını demək mümkün deyil, amma olma ehtimalı var. Buna hər zaman hazırlıqlı olmaq lazımdır".

Bəzi ekspertlər bildirir ki, yeni pandemiya olsa belə vəziyyət əvvəlki kimi olmayacaq. Çünki artıq dünya ölkələri koronavirusa qarşı mübarizədə təcrübə toplayıb, vaksinlər icad olunub.

Yeri gəlmişkən, Azərbaycan tibb elmi də az öncə ilkə imza atıb. COVİD-19-un bütün ştammalarına qarşı həm vaksin, həm də dərman hazırlanıb. Bu barədə  AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib.

Həkim-ekspert, professor Adil Qeybulla “Yeni Müsavat”a dedi ki, COVİD 19 əleyhinə hazırlanmış vaksin molekulyar biologiyanın ən müasir nailiyyətlərindən alınıb: “Burada virusun platformasında onun üzərinə həmin S zülalı implant olunub, yapışdırılıb, bu yolla orqanizmin vaksindəki komponentləri karonavirus kimi tanıyır və ona qarşı əks cisimlər hazırlayır. Həmin hazırlanan adenavirus da inaktivasiya olunub, yəni onun xəstəlik törətmək imkanı qalmır. Ona görə də bunlar müasir texnologiyalı, yüksək səviyyəli hazırlanan vaksindir. Azərbaycanda hazırlanan vaksin haqqında isə bir söz deyə bilmərəm, çünki onunla bağlı heç bir açıqlama yoxdur ki, burada hansı texnologiyadan istifadə olunub, necə hazırlanıb. Əgər bu  hansısa müştərək şirkətlərlə dünyanın aparıcı laboratoriyaları ilə birgə hazırlanmış olarsa, bunun özü bir yenilik sayıla bilər.

İkincisi, heç vaxt ribonuklein turşusu (RNT) daşıyıcısı virusların bir universal vaksini dünyada yoxdur. Çünki bu viruslar hər dəfə dəyişir. Bunun forması eyni qalmır. Ona görə də bu viruslarla mübarizə məsələsi müşküldür. Elə olsaydı qripin də axırına çıxardılar. Qripin 2 mindən çox ştammı var. Hər il də müxtəlif ştamlarla peyda olur. Ona qarşı da hər il vaksin hazırlanır. Bu il olan qrip növü gələn il olmur. Koronavirus da RNT daşıyıcı virusdur. Vaxtilə insanlara adi soyuqdəymə törədən bu virus axırda pandemiyaya səbəb oldu. Pandemiya da elmi bir nəticə idi. Çünki nəticədə RNT-ribonuklein turşusu nüvəsində olan  virusların hamısı mutasiya qabiliyyətinə malikdirlər. Bunlar mutasiya nəticəsində daha yoluxucu formaya çevrilib, sonda pandemiya yarada bilirlər. O cümlədən biz qripin neçə dəfə pandemiya yaratdığını bilirik. Nə vaxtsa da qripin pandemiya olması gözlənilir. RNT nüvəli virusların kökünü kəsmək üçün hələ son vasitə düşünülməyib, hazırlanmayıb, bunun hazırlanması da müşkül məsələdir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi