azia.az
azia.az

"Azərbaycan-İsrail münasibətləri İranı narahat etməməlidir" - Deputat

12-01-2023, 09:16

Xəbər verdiyimiz kimi, bu gün Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bəs, İsraildə yeni səfirliyin açılması və artıq səfirin təyin olunması iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək? Və anti-Azərbaycan mövqeyində olan cənub qonşumuz İranın buna reaksiyası nə olacaq?

Suallarımızı Milli Məclisin deputatı Hikmət Babaoğlu cavablandırdı.

O, Redaktor.az-a bildirdi ki, Azərbaycanın İsrailə səfir təyin etməsi dövlətlərarası münasibətlər tarixində tamamilə yeni bir hadisədir və bu özlüyündə iki ölkə arasındakı əlaqələrdə yeni bir tarixi mərhələ yaradır.

“İsrail- Azərbaycan münasibətləri tarixin sınaqlarından çıxmış dostluq münasibətləridir. İnama, etimada, qarşılıqlı hörmətə əsaslanan əlaqələrdir. Eyni zamanda, İsrail-Azərbaycan münasibətləri iki ölkə xalqlarının ümumi iradəsinin diktə etdiyi bağlılıqdır. Tarixən formalaşan münasibətlər Azərbaycan dövlətçiliyi tarixinin bütün mərhələlərində xoş olubdur. Daim özünün xüsusi səciyyəsi ilə fərqlənibdir.

Bu da Azərbaycanda tarixən formalaşan yəhudi icması, İsraildə də çoxsaylı azərbaycanlıların yaşamasından irəli gəlir. Eyni zamanda Azərbaycan kökənli yəhudilər yaşayır. Onlar bizim soydaşlarımızdır. Onların hər biri Azərbaycan dilinin, mədəniyyətinin, azərbaycanlı təfəkkürünün daşıyıcılarıdır. Biz 44 günlük müharibədə də bunu çox aydın gördük. Ona görə də bir-birinə həm mental etibarı ilə, həm real sosial, mədəni münasibətlər kontekstində yaxın olan iki dövlətin arasında diplomatik münasibətlərin yeni səviyyəyə qalxması hər iki ölkənin maraqları baxımından olduqca vacib idi ki, hazırda biz bu hadisəyə şahidlik edirik”, - deyə deputat vurğuladı.

Azərbaycanın İsraildə səfirlik açması və artıq səfir təyinatının olması ilə bağlı İranın reaksiyası məsələsinə gəldikdə isə millət vəkili qeyd etdi ki, Azərbaycanın xarici siyasətində heç vaxt iki ölkə arasında olan hər hansı bir münasibət üçüncü ölkəyə qarşı yönəlməyib:

“Ona görə də Azərbaycanın İsraildə səfirlik açması və yeni səfir təyin etməsi heç bir üçüncü ölkəyə qarşı deyil. Sadəcə, Azərbaycanın müstəqil xarici siyasətindən narahat olan bəzi qonşularımız var ki, İsrail-Azərbaycan yaxınlaşmasını manipulyasiya edərək tamamilə fərqli kontekstdə ictimai rəyə təqdim etməyə çalışır. Bu, yanlışdır. Ona görə də Azərbaycan-İsrail münasibətlərinin yeni tarixi mərhələdəki yeni inkişafı nə İranı, nə də heç bir başqa ölkəni narahat etməməlidir. Çünki Azərbaycan müstəqil dövlətdir, hansı ölkəyə, hansı səviyyədə, necə əlaqə əlaqə quracağını, qonşuların bu hadisəyə münasibəti üzərində deyil, Azərbaycan xalqının maraqları üzərində qurur".

Nərmin VÜQARQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi