azia.az
azia.az

Akademik İsa Həbibbəylinin iştirakı ilə Tarix İnstitutunun qarşısında duran vəzifələr və aparılan struktur islahatları müzakirə olunub

7-01-2023, 23:28

Yanvarın 6-da AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun qarşısında duran vəzifələr və müəssisədə aparılan struktur islahatları müzakirə olunub.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, son illərdə ölkəmizdə, regionda və dünyada baş verən proseslər Azərbaycan tarixinin müasir problemləri ilə bağlı bir sıra çağırışları meydana çıxarıb. Akademik qeyd edib ki, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra dövlət başçısının rəhbərliyi altında Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramı Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir. Akademik bildirib ki, qısa müddət ərzində aparılan geniş quruculuq işləri çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinin sakinləri öz doğma yurdlarına köçüb, Füzuli və Zəngilanda beynəlxalq hava limanları istifadəyə verilib, Şuşa, Ağdam yenidən qurulur, ümumilikdə işğaldan azad edilmiş bütün rayonlarda sürətli işlər gedir və cənab Prezidentin dediyi kimi, Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşü və səsləndirdiyi fikirləri xatırladan akademik İsa Həbibbəyli ölkə başçısının Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı tapşırıq verdiyini diqqətə çatdırıb: “Qərbi Azərbaycan, Çuxursəəd bəylərbəyliyi bütünlüklə tarixi Azərbaycan torpağı və Azərbaycanın ən qədim aborigen ərazilərindən biridir. Son 200 ildən artıq dövrdə indiki Ermənistan adlanan ərazidən azərbaycanlılar sıxışdırılıb, dövlət səviyyəsində deportasiyaya məruz qalıb, mərhələli şəkildə öz dədə-baba yurdlarından çıxarılıb, tarixi abidələrimiz, kəndlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Bu, tarixi genosiddir. Ermənilərin Ağdamda törətdikləri dağıntılar Xirosimadakı faciədən də dəhşətlidir. Bu fəlakətlər, faciələr bütün dünyaya çatdırılmalıdır. Akademiyada Qərbi Azərbaycanla bağlı ardıcıl, sistemli tədqiqatlar aparılmalı, elmi-tarixi nəzəri əsərlər ərsəyə gətirilməlidir. Xüsusilə indiki şəraitdə, Ermənistanın sülh müqaviləsindən yayınması məqsədilə müxtəlif bəyanatlar verməsi, məkrli planlar qurmasından dolayı Qərbi Azərbaycanın tarixi dərindən araşdırılmalı, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasında yaxından iştirak etməliyik. Bu konsepsiya cənab Prezidentin dediyi kimi, sülhsevər konsepsiyadır və beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Elm buna öz dəstəyini verməli, Akademiyanın ictimai elmlər üzrə fəaliyyət göstərən alimləri konsepsiyanın hazırlanmasında yaxından iştirak etməlidirlər”.

AMEA rəhbəri Akademiyada bu istiqamətdə tədqiqatlar aparmaq məqsədilə Rəyasət Heyətinin qərarı ilə Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsinin yaradıldığını söyləyib. Qeyd edib ki, Tarix İnstitutunda yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsi Akademiyada bu istiqamətdə aparılan tədqiqatların mərkəzi olmalıdır. 

Akademik İsa Həbibbəyli, o cümlədən Cənubi Azərbaycan tarixinin də geniş şəkildə araşdırılmasının əhəmiyyətini bildirib.

“Müstəqil Azərbaycan Respublikasının, Birinci və İkinci Qarabağ müharibələrinin tarixini, salnaməsini yaratmaq bizim qarşımızda duran əsas vəzifələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi altında 19 il ərzində ölkəmizdə həyata keçirilən geniş quruculuq işlərinin də salnaməsi yaradılmalıdır”, - deyə vurğulayan akademik İsa Həbibbəyli hazırda Tarix İnstitutunda yeniləşmə prosesinin getdiyini və bir sıra struktur islahatlarının aparıldığını söyləyib. 

A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov isə çıxışında bildirib ki, müəyyən vaxtlarda Tarix İnstitutuna edilən çağırışlar institutun Elmi şurasının iclaslarında geniş müzakirə olunur: “Hazırda Azərbaycan tarixinin dövrləşdirilməsi üzərində çalışırıq. Ən fundamental məsələlərdən olan Azərbaycan tarixinin etnogenezi və Azərbaycanın tarixi coğrafiyası məsələləri istiqamətdə də fəaliyyətimizi davam etdiririk”. 

AMEA Rəyasət Heyəti aparatının 

Media və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi