azia.az
azia.az

Tenderdə qalib edəcəyi vədi ilə aldığı 240 mini kazinoda uduzdu, xaricə qaçdı

17-11-2022, 15:34


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mövsüm Mövsümovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Azia.az-ın pravda.az-a istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mövsümov Mövsüm Vaqif oğlunun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində M.Mövsümovun qeyd olunan maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb olunması haqda qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

2021-ci ilin may ayında o, Ukrayna ərazisində müəyyən edilərək həbs olunub.

İttihama görə, Mövsüm Mövsümov Nabil Quliyevə Şəki şəhərində tikiləcək, smeta dəyəri 6 200 000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı tenderdə zərərçəkmişin yaradacağı şirkəti Təhsil Nazirliyində yüksək vəzifədə işləyən, şəxsiyyəti istintaqa bəlli olmayan tanışının vasitəsi ilə qalib etdirəcəyi barədə yalandan vəd verib. M.Mövsümov 1 dekabr 2020-ci ildə, saat 16 radələrində “Təməl” yaşayış kompleksinin zirzəmisində N.Quliyevin ümumilikdə 240 000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə iclasında Mövsüm Mövsümov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini deyib.

O qeyd edib ki, mobil telefon vasitəsilə kazino oyunu oynadığından Nabildən götürdüyü puldan təxminən 10 000 manatı həmin gün uduzub:

“Sonrakı günlərdə yenə də kazino oynamağa davam etdim. Pulların hamısını yenə uduzdum. Təxminən 43-44 min ABŞ dolları pul qaldı. Bundan sonra Ukraynaya getdim. Ukraynaya getdikdən sonra qərara gəldim ki, əlimdə qalan pulla iş qurub, qazanıb Nabilin pulunu qaytarım. Əvvəllər ABŞ-nin Nyu-York ştatında uzun illər yaşadığımdan orada yaşayan tanışım İlqara 28 000 ABŞ dolları pul göndərdim ki, oradan xeyriyyə fondları tərəfindən yığılmış və istifadə olunmuş geyimlərdən Ukraynaya göndərsin və “Second hand” mağazalarına paylamaqla satım. İlqar ABŞ-də xeyriyyə fondlarından paltarları yığmaqla məşğul olmağa başladı. 28 may 2021-ci il tarixdə Ukraynanın Rovno vilayət polis idarəsinə immiqrasiya məsələsi ilə bağlı yaxınlaşarkən saxlanıldım və məlum oldu ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən barəmdə axtarış elan edilib. Təxminən altı ay Ukraynanın Rovno vilayətində istintaq təcridxanasında saxlanıldıqdan sonra Bakı şəhərinə köçürüldüm”.


  • .



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi