Razi Nurullayevin müavini: “Ola bilsin, qurban ətinə şərab qataraq üstündən qatıq yeyiblər”
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin xalqımızı və dövlət başçısını bayram münasibəti ilə təbrik etməsi bəzi qarınquluları narahat edib. İçlərinə elə ağrı dolub ki, sosial şəbəkələrə qusa-qusa özlərini də batırıblar. Bayramlarda təbrikləşmək, xoş arzular bildirmək, hətta bəzi bayramlarda küsülülərin barışması xalqımızın min illik ənənəsidir. Dövlətçilik maraqları naminə ortaq nöqtələrdə iqtidarla müxalifətin yaxın mövqelərdə bulunması da siyasi əxlaqdır.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan bildirib.
“Necə ki, 44 günlük Vətən müharibəsində ümummilli xalq mövqeyinin vəhdəti iqtidar-müxalifət birliyinə də gətirib çıxarmışdı. Dövlətin başçısını bayram münasibəti ilə təbrik etmək müxalifətçini müxalifətlikdən çıxarmaz. Əksinə, bu, bir mədəniyyət, siyasətdə etika, sivil mübarizənin düşmənçilik olmadığının nümünəsi, göstəricisidir. İndi bəzi naxoş və siyasi cəhətdən nasaz adamlar ola bilsin bir az da qurban ətinə şərab qataraq üstündən qatıq yeyiblər. İndi də qarınlarına sancı dolub, texniki səhv axtarışına dalıblar. Əsas təbrikin mahiyyətidir, ifadələrin fərqli olmasının qüsuru yoxdur. Əsas olan odur ki, Razi Nurullayev dövlət və xalq maraqlarının müdafiəsi məsələsində partiyamızla birgə dövlətin, dövlət başçısının yanında olmasını ifadə edib. Bu təbrikdən sancılanan mərəzlərə aptekə yaxınlaşmaları tövsiyə olunur” – T.İrfan qeyd edib.
Kənan