YDM-lərin bitməyən fırıldağı - həm cibə girirlər, həm də maşına ziyan vururlar
Ekspert: “Dövlət qurumlarının sərt tədbirlərinə ehtiyac var”
Uzun illərdir ölkəmizdə yanacaqdoldurma məntəqələrində (YDM) benzinin əskik vurulması, litrdə kələk gəlinməsinə dair iddialar, ittihamlar və faktlar var. Bugünlərdə bir vətəndaş video çəkib paylaşıb və buradan görünür ki, rəsmən 68 litr yanacaq çəni olan maşına 75 litr benzin doldurulur. Sürücü hələ öncədən çəndə də 5-6 litr benzin olduğunu bildirir.
Bu məsələyə dair illərdir danışılır, yazılır, ancaq problem qalmaqdadır. Həmçinin bəzi YDM-lərdə yanacağa əlavə maddələr (onlar benzindən çox ucuzdur, məsələn, sıxılmış maye qaz) qatırlar. Belə qənaət yaranır ki, bu məsələni rəqabət siyasəti ilə, ictimai qınaqla həll etmək mümkün olmur.
Eldəniz Cəfərov
Nəqliyyat eksperti Eldəniz Cəfərov təsdiq edir ki, Azərbaycanda YDM-də benzinin az vurulması, keyfiyyətsiz olması ilə bağlı vətəndaşların çoxsaylı şikayətləri var: “Bu problemlər uzun illərdir mövcuddur. Vətəndaşlar YDM-dən hər hansı növ qabda, ”konistr" də benzin ala bilməzlər. Əməkdaşlar deyirlər ki, bu, qadağandır. Bu da əsaslı şübhələr yaradır, çünki qanunda belə qadağa ilə bağlı heç nə yoxdur. YDM əməkdaşının vətəndaşa benzin satmamaq hüququ yoxdur. Sadəcə, “plastik kanistr”lərin baqajda daşınması xüsusilə yay aylarında təhlükə yarada bilər. Vətəndaşın istənilən qablaşdırmada benzin almaq hüququ var. YDM əməkdaşlarının satışdan imtina etməsinin iki səbəbi ola bilər: ya satışda saxtakarlığa yol verilir, ya da vətəndaş benzini laboratoriyada yoxlatdırıb, keyfiyyətsiz olduğunu sübut edə bilər".
Ekspert qeyd etdi ki, problemin ictimai qınaq yolu ilə həll olunması mümkün deyil: “Dövlət qurumlarının sərt tədbirlərinə ehtiyac var. Eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsinə dair qanun mövcuddur. Bu qanuna əsaslanaraq bütün vətəndaşlara çağırış edirəm ki, YDM-də fırıldaqla üzləşdiklərinə dair şübhələri varsa, istədikləri qablaşdırmada 5-10 litr benzin alsınlar və çənə töksünlər. Başqa yolu yoxdur”.
Elməddin Muradlı: “Qiymət müəyyən qədər dizel mühərrikli avtomobillərə təsir göstərə bilər”
Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu “Yeni Müsavat”a şərh edərkən YDM-lərdə sürücülərə qarşı fırıldaqları cinayət kimi dəyərləndirib: “İstehlakçının hüquqlarının pozulması, ona zərər vurulması cinayət əməlidir. Sürücülər aldadılır. 70 litrlik çənə 80-85 litr yanacaq vurulması iddialarını tez-tez eşidirik. Halbuki avtomobil YDM-ə qədər müəyyən miqdarda yanacaq sərf edir. Belə çıxır ki, hər litr üçün 2-5 faiz kəsinti var. Üstəlik, dərman qatmaqla, qaz vurmaqla və s. başqa üsullarla yanacağın keyfiyyətini aşağı salırlar. Nəticə etibarilə həm cibimizə girirlər, həm də avtomobilimizə ziyan vururlar. Aylar sonra mühərrikdə problem yarandıqda ustaya gedirik, usta da problemin yanacaq sistemi ilə bağlı olduğunu deyir”.
E.Muradlı yanacağın keyfiyyətsiz olmasının ekologiyaya da zərər vurduğunu qeyd etdi: “Yanacağın tərkibində oktan o səviyyədə olmalıdır ki, mühərrik onu rahat alışdıra bilsin. Əks halda, zəhərli qazlar daha çox ixrac olunur, nəticədə ətraf mühit çirklənməyə məruz qalır. Bakı şəhərində atmosfer çirklənməsinin 80%-i nəqliyyat vasitələri ilə bağlıdır. Bu da müxtəlif xəstəliklərə səbəb olur. Hesab edirəm ki, xüsusi xidmət, hüquq-mühafizə orqanlarının bu məsələyə diqqət yetirməsi məqsədəuyğun olar. Görünən odur ki, müvafiq qurumlar istehlakçıların hüquqlarını qoruya bilmir. Əvvəlki Sənaye və Energetika Nazirliyi az tanınan YDM-də reyd keçirmişdi. Halbuki problemlər böyük YDM-dədir: ”AZPETROL", “LUKOİL”, bəzən “SOCAR”ın YDM ilə bağlı da şikayətlər olur. Bu, insanlara qarşı məqsədli cinayətdir".
Ekspert vurğuladı ki, sadalananlar problemin görünən tərəfidir. Heç kimə güzəşt edilməməlidir, aidiyyəti qurumlar ciddi tədbirlər görməlidirlər.
Nigar HƏSƏNLİ,