Elman Nəsirov: “Maduronun Bakıya səfəri məntiqlidir”
“Venesuela prezidenti Nikolas Maduronun Azərbaycana səfərinə kimlərinsə fərqli bucaq altında yanaşması anlaşılan deyil. Həmin insanlar sanki unudurlar ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Venesuela isə bu hərakatın üzvlərindən biridir. Bu baxımdan da Maduronun Azərbaycana ilk səfəri deyil. Ona görə də buna fərqli prizmadan yanaşmaq motivlərini anlamaq mümkün deyil. Maduro ilə dünyanın müxtəlif siyasi dairələrinin anlaşılmazlığı ola bilər, yaxud da kimlərsə onun legitimliyini şübhə altına almaq istəyə bilərlər, amma bu heç nəyi dəyişmir. O, müstəqil bir dövlətin siyasi rəhbəridir. Azərbaycan isə həmin dövlətin daxil olduğu Qoşulmama Hərakatının sədridir. İndi də Azərbaycanda böyük bir tədbir, IX Qlobal Bakı Forumu keçirilir və bu forum çərçivəsində də Maduronun Bakıya səfəri məntiqlidir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən, yürütdüyü siyasət nəticəsində Azərbaycanın dünya ölkələri ilə dostluq münasibətləri var: “Azərbaycana beynəlxalq aləmdə böyük etimad var. Ölkəmiz BMT kimi nəhəng təşkilatın Təhlükəsizlik Şurasına sədrlik edib. Azərbaycan bütün dövlətlərlə mehriban münasibətlərin tərəfdarıdır. Bu baxımdan da qeyd etmək lazımdır ki, Böyük Britaniya ilə də dostluq münasibətlərimiz var. Məsələn görürük ki, “BP” şirkəti Azərbaycanın enerji sektorunda əsas oyunçulardan biridir və burada operator kimi fəaliyyət göstərir. Yəni kimlərinsə Azərbaycana Venesuela prezidenti Nikolas Maduronun, Ukraynaya isə Böyük Britaniyanın Baş Naziri Boris Consonun səfərini müqayisə etməsi anlaşılmazdır. Bu müqayisə, ümumiyyətlə, məntiqsizdir. Napoleonun məşhur sözü var: “kimin nədə, hansı sahədə problemi çoxdursa, ondan danışır”. İndi kimlər ki, bu müqayisəni aparır və fərq axtarmağa çalışırlar, onlara bildirmək lazımdır ki, tamamilə yalnış yanaşmadır. Azərbaycana istənilən ölkənin siyasi rəhbərliyi gələ bilir. Təbii ki, hələki Ermənistanın rəhbərliyi istisna olmaqla. Bunun da səbəbləri bəllidir. Yəni bir daha qeyd edirəm ki, bu səfərdə başqa motiv və səbəb axtarmaq yalnışdır, çünki Azərbaycan tərkibində 120 dövlətin olduğu Qoşulmama Hərəkatına sədrlik edir. Bu hərakat çərçivəsində də istənilən dövlətin rəhbəri Azərbaycana gələ bilər. Burada heç bir məntiqsizlik yoxdur. Kimlərsə belə düşünürsə, deməli, onlar proseslərə düzgün qiymət vermirlər”.