“Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” deyən Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? - Video
Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı.
O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib.
Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın özü ilə danışıblar.
Narahatlıq doğuran məqam isə başqadır.
Bu öz yerində ki, qafqazlıların üzr istəmək problemi var, o cümlədən də bizim ölkə vətəndaşlarının. Bəzən üzrlə bitəcək xırda bir məsələ şişirdilir, ölümlə nəticələnir. Hər addımımızla kiminsə haqqına girdiyimiz bu dünyada üzr istəməkdən gözəl nə var ki?
Lakin bir sənət adamının – Azərbaycanın ən tanınmış şəxslərindən olan Rəşad Dağlının qəribə səbəblə üzr istəməsi narahatlıq doğurur.
Axı Rəşad həmin cümlədə dinə aid zarafat, tənqid, təhqir etməyib!
Oradakı zarafat şəxslərlə bağlıdır, həm də zarafat öldürücü, təhqiramiz deyil. Bir tanınmış azərbaycanlı müasir İran ilahiyyatçı-siyasətçisi haqqında dediyi yüngül zarafata görə niyə xalq qarşısına çıxarılıb üzr istədilir? Axı burada nə din, nə peyğəmbər, nə ölkəmizdə həssas mövzulardan olan əhli-beytə nəsə deyilir!
Niyə qonşu ölkənin keçmiş Prezidenti, müasir ilahiyyatçıları haqqında xırda zarafat edən sənət adamımız kütlə qabağında sındırlır?
Ona üzr istədənlər kimlərdir?
Həmin bənd deyiləndə, demək olar ki, toydakıların hamısı bu bəndə gülür, alqışlayırlar. Bəs, Rəşad Dağlının nəzərdə tutduğu “mömin qardaşlar” kimlərdir?
Seyyid Əzim Şirvanini məsciddə tapdalayıb öldürənlər hələdəmi yaşayırlar, sağdırlar?
Axı Azərbaycan şəriət qaydaları ilə idarə olunan bir ölkə deyil ki, onun sənət adamı da qonşu ölkənin ayətullahı haqqındakı xırda zarafatına görə üzr istədilsin...
Təbii, Xomeyni, Behcət sanballı şəxsiyyətlərdəndir. Ancaq onları İranda belə tənqid edənlər var. O da qaldı sekulyar ölkə olan Azərbaycanda. Ümumiyyətlə, o adamların həyat tərzi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, nə qədər mütəvazi şəxslər olublar və əmin olun ki, dəfələrlə bu cür müdafiə olunduqları üçün narahatlıq ediblər. Tənqidə açıq olublar.