azia.az
azia.az

İcra başçıları qarşısında qoyulan iki aylıq möhlət bitdi - Bakıdakı hansı binalar söküləcək?

12-05-2022, 18:17

İcra başçıları qarşısında qoyulan iki aylıq möhlət bitdi - Bakıdakı hansı binalar söküləcək?
Paytaxtdakı qəzalı binaların müəyyən edilməsi ilə bağlı araşdırma və baxış tədbirləri həyata keçirilir.
Bakının 12 rayonunda komissiyanın üzvləri və mütəxəssislərlə birlikdə bütün binalara baxış keçirilməsinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığından sonra paytaxt rayonlarında inventarizasiya işləri gedir.

Binaların son vəziyyəti müəyyən edilir. Ehtiyac olan yerlərə ekspert qrupları cəlb olunur. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alır.

Rayonlar üzrə məlumatlar toplanaraq ümumi məlumatlar yekunlaşdırılaraq Bakı şəhər icra hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunacaq. Komissiyanın çıxardığı yekun qərara əsasən, bu binalar barədə məlumatlar Nazirlər Kabinetinə göndəriləcək.

Nazirlər Kabinetinin qəbul etdiyi qərarə əsasən, həmin qəzalı binaların gələcək taleyi müəyyənləşdiriləcək. Lazım gələrsə, bina söküləcək və uyğun olarsa onun yerinə yenisi tikiləcək. Bu zaman sakinlərin köçürülmə prosesi də qanunauyğun aparılacaq.

Əgər sökülən binanın yerinə yeni bina tikmək mümkün olmazsa, bu zaman sakinlərə kompensasiya ödəniləcək. BAKU.WS-in məlumatına görə, Bakı şəhəri üzrə kompensasiyanın ən aşağı məbləği hər kvadrat metrə görə 1500 manat müəyyən edilib. Bu məbləğ paytaxtın əraziləri üzrə bazara uyğun dəyişə bilər.

İnventarizasiya prosesi başlayanadək Bakıda 90 binanın qəzalı olması barədə rəy mövcud idi. Yoxlamalara başlanılandan sonra Bakının bütün rayonları üzrə qəzalı binaların sayı 1000-ə çatıb. Paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonu ərazilərində belə binalara rast gəlinir.

Xatırladaq ki, 2019-cu ildə Bakıda 17 binanın qəzalı olduğu və istismara yararsız olduğu müəyyən edilmişdi. Bu binalardan biri - Xətai rayonu ərazisində yerləşən tikili artıq sökülüb. Həmin binanın yerində yenisi ucaldılıb. Digər 16 binanın çoxu isə Sabunçu rayonu ərazisindədir. 2020-ci ildə isə koronavirus pandemiyası ilə əlaqədar qəzalı binaların müəyyənləşdirilərək sökülməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı.

Qeyd edək ki, bu ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib və icra başçılarına ciddi xəbərdarlıq edilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də Prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib.

Bildirilib ki, son vaxtlarda rayon icra hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib. Buna baxmayaraq, rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıblar və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.

Toplantıda paytaxtın hər bir rayon icra hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdığı vurğulanıb və bildirilib ki, RİH-in qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi icra hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti hallarının qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb. Qeyd edək ki, həmin iki aylıq müddət ötən gün bitib.BAKU.WS


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi