azia.az
azia.az

"Möhür Hacıbala Abutalıbovda olurdu, bizə vermirdi"- Bakının baş memarı suallara cavab verə bilmədi MƏHKƏMƏ

21-09-2021, 08:44


Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsi baş tutub.
"Möhür Hacıbala Abutalıbovda olurdu, bizə vermirdi"- Bakının baş memarı suallara cavab verə bilmədi MƏHKƏMƏ
Xəbər verilir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Sonuncu prosesdə şahid qismində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Bərpası, İnkişafı və Qorunması üzrə Dövlət Xidmətinin keçmiş əməkdaşı Feyzi Rzayev ifadə verib.

O deyib ki, tarixi binanın yaxınlığında yeni bina tikilən zaman tarixi binada çatlar əmələ gəlib:

"Biz Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə əraziyə baxış keçirdik. Həmin vaxt yeni binanın zirzəmisi tikilirdi. Məsələ ilə bağlı müvafiq qurumlara məlumat verdik. Ümumiyyətlə, qeyd edim ki, tarixi binalar, abidələr biz mütəxəssislər tərəfindən qeydiyyata alınır və Nazirlər Kabinetinin müvafiq şöbəsinə göndərilir.

Binanın Mədəniyyət Nazirliyinin tarixi abidələrin siyahısından silinməsi ilə bağlı məsələdən xəbərim yoxdur. Həmin binanın tarixi abidə olması ilə bağlı sakinlərin bəzilərində müqavilələr olub. Onların şikayəti əsasında ərazidə yoxlamalar aparmışıq. Baxış keçirdik, şəkillər çəkdik, arayış aldıq. Bundan sonra Fövqəladə Hallar Nazirliyini dəvət etdik, onlar da rəy verdilər".

Məhkəmədə şahid qismində Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini və Baş memarı olmuş Akif Abdullayev də dindirilib.

Baş memar bildirib ki, tarixi binaların sökülməsi ilə məşğul olmayıb. O, yalnız təzə tikilən binalara nəzarət etdiyini deyib.

"Bakı şəhər İcra Hakimiyyəti sərəncam verəndən sonra mən həmin sərəncamı icra edirdim. 1976-cı ildən Memarlıq və Şəhərsalma Baş İdarəsində işləmişəm. Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü Hacıbala Abutalıbovda olurdu. Rasim Quliyevi tanıyıram. Dilarə Əliyeva 141 ünvanının sökülməsi ilə bağlı sərəncam verilib. Sonradan dedilər ki, həmin ərazidə metro stansiyası tikmək istəyirdilər. Ona görə sərəncam dayandırıldı".

Məhkəmədə prokurorun suallarını cavablandıran A.Abdullayev Rasim Quliyevi aparat rəhbəri kimi tanıdığını deyib:

"Bilmirdim ki, Rasim Quliyev icra başçısının müavini səlahiyyətlərini icra edir. Mən o məsələlərlə maraqlanmırdım. Rauf Pənahov həm Bakı şəhər İcra Hakimiyyətinin birinci müavini, həm də Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi səlahiyyətlərini icra edirdi. 2008-ci ildə mən idarənin rəis müavini təyin olundum. Möhür Hacıbala Abutalıbovda olub. Heç vaxt bizə vermirdi. Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu ondan xəbərim olmurdu və maraqlanmırdım".

Həbsdə olan Rasim Quliyev isə bildirib ki, Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunandan sonra möhür Akif Abdullayevə verilib: "Mənə heç bir möhür verilməyib. Məndə olan möhürü vəzifədən azad olunanda aktlaşdırıb təhvil vermişəm".

İzahat zaman Akif Abdullayev bildirib ki, hər hansısa bina tikintisinə icazə verilərkən sənədləri araşdırmaq ixtiyarı olmayıb.

Onun sözlərinə görə Memarlıq və Şəhərsalma Baş İdarənin səlahiyyətləri tikinti üzrə sənədləri araşdırmaq olub: “Hacıbala Abutalıbov sənədləri araşdırıb qərara gələndən sonra rəylər bizə daxil olurdu, biz də razılıq verirdik".

Daha sonra isə A.Abdullayev prokurorun suallarını cavablandırmaqdan yayınıb və bu zaman ona xəbərdarlıq edilib.

Hakim bildirib ki, sualları düzgün cavablandırmaq lazımdır:

"Tikinti ilə bağlı müraciət olunarkən araşdırma aparılanda hansısa bir qurum mənfi rəy verdisə, onu kim araşdırırdı?".

Akif Abdullayev deyib ki, Bakı şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərə mənfi rəy verilməyib: "Yerli icra hakimiyyəti rəy bildirirdi, Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verirdi".

Hakim "kimsə müraciət etsə ki, Qız Qalasını sökün, sökəcəkdiniz?",- deyə şahidə sual verib.

Baş memar deyib ki, rəy olsa, sökmək olar. A.Abdullayev suallara "xatırlamıram", "bilmirəm" deyə cavab verib. Hakim ona xatırladıb ki, növbəti prosesdə yenə dindiriləcək.

İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.

İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.

Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.Musavat.com

İlkin Muradov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi