20 manatlıq bileti sərnişinlərə 50 manata satdılar - VİDEO
Bəzi turizm şirkətləri Əhmədbəyli - Şuşa - Əhmədbəyli istiqamətinə getmək istəyən vətəndaşları aldadıblar. Onlar 20 manat 80 qəpiyə olan bileti vətəndaşın öz adına onlayn yolla alıb və elə onun özünə 45-50 manata satıblar.
Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı - Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti araşdırma aparıb.
Dövlət Xidmətinin sektor müdiri Sübhan Əbilovun sözlərinə görə, məlum olub ki, aprelin 26-da Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər satışa çıxarılandan sonra bir neçə şəxs Əhmədbəyli - Şuşa - Əhmədbəyli reysinə ayrı-ayrı şəxslərin adına müxtəlif tarixlərə, lakin qrup şəklində biletlər alıb.
Daha sonra isə həmin şəxslər Bakıdan Əhmədbəyli istiqamətinə xüsusi avtobus reysi təşkil edərək bilet aldıqları vətəndaşları həmin ərazidə Əhmədbəyli - Şuşa - Əhmədbəyli müntəzəm marşrutu üzrə hərəkət edən avtobusa transfer ediblər.
Sübhan Əbilov bildirib ki, həmin şəxslərə bu cür fəaliyyəti dayandırmaları haqqında ciddi xəbərdarlıq edilib. Artıq həmin elanlar şirkətlərin sosial şəbəkə hesablarından silinib.
Qanunsuz bilet satışı ilə rastlaşan vətəndaşlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat verə bilərlər.
Qeyd edək ki, may ayından etibarən Bakı - Şuşa - Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə - cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir. Əhmədbəyli - Şuşa - Əhmədbəyli istiqamətində isə həftənin 3 günü - bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri səfər etmək mümkündür.