Alı Qocayevin saxtakarlıqları bitmir ki bitmir… - NARAZILIQ VAR!
Binəqədi rayon sakini Əsgərova Almaz İsa qızı “Aktualxeber.az”ın redaksiyasına şikayət edərək bildirib ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev vaxtilə Binəqədinin icra başçısı vəzifəsində çalışarkən ondan 20000 manat alaraq rayon ərazisindəki torpaq sahəsinin onun mülkiyyətinə keçirəcəyinə söz verib. Daha sonra A.Qocayev onlara həmin pulun müqabilində saxta sənədlər verərək cinayət törədib. Məsələnin üstü Almaz Əsgərovanın həmin ərazidə tikinti işi aparmasından sonra açılıb.
O da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının sayəsində. Yəni bu polis qardaşlarımız hər dəfə gəlib “şirinlik” istəməsəydilər, Almaz xanım da məcbur qalıb sənədləri yoxlatdırmasaydı onların saxta olduğu bilinməyəcəkdi. O gündən bəri Alı Qocayev bu ailəni “pulu bu gün verəcəm sabah verəcəm” metodu ilə aldadır. Üstündən 10 ildən çox keçməsinə baxmayaraq şikayətçi pulunu ala bilmir.
Amma Alı Qocayevin saxta sənəd qalmaqalı bununla bitmir…
Vaxtilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olarkən qudası- Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun yüksək vəzifə tutması səbəbindən özünü “toxunulmaz” kimi hiss edən Alı müəllim demək olar ki, torpaqları saxta sənədlərlə satıb. Misal üçün, bir neçə il əvvəl “Yeni Müsavat” qəzetində dərc edilən materiallarda oxuyuruq:
“Söhbət əsnasında aydın oldu ki, Binəqədi rayonunun icra başçısı Alı Qocayev neft ərazilərinin 80 faizə yaxınını satıb. İcra başçısının göstərişi ilə neft sahələrində bir sot torpaq sahəsi 1000 manata vətəndaşlara satılır. Buna görə vətəndaşlara heç bir rəsmi sənəd vermir. Vətəndaşı razı salmaq üçün icra nümayəndələri bələdiyyə sədrlərinə tapşırıq verib ki, onlar vətəndaşlara saxta sənədlər versin. Hətta bu sənədlərin saxta olduğu ARDNŞ əməkdaşlarının araşdırmaları zamanı üzə çıxıb. Belə görünməsin ki, başçı təkcə Rəsulzadə qəsəbəsində torpaq alveri ilə məşğuldur. Rayonun boş qalan bütün torpaqları satışa çıxarılıb. Bura 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, Sulutəpə və Xocahəsən qəsəbələri də aiddir. Qəsəbənin II mədən 78-ci korpus ünvanında yaşayanlar isə sosial problemlərdən şikayətçidir. Deyirlər ki, kanalizasiya, su və qaz xətləri yerdən keçir. Ona görə də avtobus keçəndə kommunikasiya xətləri tez-tez partlayır. Kərim adlı sakin köhnə kanalizasiya xəttinin üfunət qoxusu yaydığını söyləyir: “Pəncərələri aça bilmirik. Bütün ölən heyvan cəsədləri və məişət tullantıları da ora atılır. Antisanitariya şəraitində yaşayırıq. Yay aylarında heç dayanmaq olmur”.
“Yeni Müsavat” qəzetində də dərc edilən digər məlumat belə deyilir:
“A.Qocayev 7-ci mikrorayon ərazisində yeni inşa edilməkdə olan “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən parkı hissələrə bölərək satır. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, metro tikintisindən istifadə edən icra başçısı bağdakı ağacları kökündən çıxartdırır. Buna etiraz edən sakinlər deyir ki, çıxarılmış ağacların hava limanına gedən yolun kənarlarına əkildiyi bildirilir: “Bizə deyirlər ki, bağdan çıxarılan ağaclar prezident İlham Əliyevin hər gün keçdiyi hava limanına gedən yolun kənarlarına əkilir. 20-dən artıq yaşı olan iri palıd ağaclarının harasa aparılıb əkilməsi mümkün deyil axı. Sadəcə olaraq, Alı Qocayev prezidentin adından istifadə edir”.
Alı Qocayevin Binəqədidə işlədiyi dövrdə qanunsuz əməllərinin o dövrdə mətbuatda geniş müzakirə olunması onun işdən azad edilməsi məsələsini gündəmə gətirsə də, Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun sayəsində ucqar bir rayona sürgünə yolladılar…
Hazırda Samux rayonunda başçı vəzifəsini daşıyarkən də öz qanunsuz əməllərindən əl çəkmir. Bu barədə isə yaxın günlərdə dərc edəcəyimiz materialda ətraflı bəhs edəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mənbə:My Webpage