İsmayıllıda sakinlər DAD DEYİR... - NARAZILIQ!
“İçməli suya həsrətik. Çox vaxt marketlərdən, ya da kəndə gələn su maşınlardan almaq məcburiyyətində qalırıq. Bu cür gözəl təbiəti olan bir kənddə suya həsrət qalmaq dözülməz dərddir”.
İsmayıllı rayonunun Tircan kənd sakinləri belə deyir.
Tircan ən qədim kəndlərdən hesab olunur, tarixi XVII əsrə qədər gedib çıxır. Elə bu gün də turistlərin ən çox üz tutduğu məkanlardandır. İsmayıllı rayonun mərkəzindən 23 km cənub- şərqdə, Şamaxı-İsmayıllı avtomobil yolu kənarında, dağın ətəyində yerləşir. Əhalisi əsasən heyvandarlıq və təsərrüfatla məşğuldur. Bu kənddə müalicəvi əhəmiyyətli suların olduğu deyilir. Bununla belə, kənd əhalisi illərdir içməli su problem yaşayır.
Meydan TV-yə danışan kənd sakinləri deyir ki, bu problem İsmayıllıya rəhbərlik etmiş hər kəs bilir. Amma problem həll edən tapılmayıb. Hətta bu barədə dəfələrlə məqalələr də yazılıb, yenə də nəticəsi olmayıb.
“Əslində, kəndin qədim tarixini nəzərə alsaq, su problemi burada onillərdir var. Sovet dövrü Tircan qadınları suyu səhəng ilə kəndin bulaqlarından daşıyırdılar. İndi isə o bulaqlar ya quruyub, ya da işə yaramır”, – sakinlərdən Malik Əhmədlinin media orqanlarına göndərdiyi kəndlə bağlı məqalədə belə deyilir.
Rəsmi məlumatlarda kənddə 2 minə yaxın əhalinin yaşadığı bildirilir.
“Əvvəllər əhali suyu kəndin yuxarı başındakı bulaqdan daşıyırdı. 8 il əvvəl paylayıcı boru şəbəkəsi təşkil olundu və bulaqdan evlərə su xətləri çəkildi. Amma reallıqda bu, belə deyil, suyun yalnız adı var”, – sakin deyir.
Malik Əhmədlinin sözlərinə görə, su bütün evlərə gəlib çatmır, gələndə də təzyiq çox aşağı olur. Buna görə kənd sakinləri bir-birlərindən xahiş edərək sudan növbəli istifadə edirlər.
Sakinlər deyir ki, hətta öz vəsaitləri hesabına dağın döşündən plastik borularla su çəkiblər, bu da problem həll etməyib. Çünki bu cür də su az qala damcı-damcı gəlir.
Tircanlılar problemlə bağlı yerli icra nümayəndəsinə, bələdiyyəyə, icra hakimiyyətinə illərdir etdikləri çoxsaylı müraciətlərin nəticəsiz qaldığını deyirlər:
“İllərdir bizə su əvəzinə söz verilir”.
İsmayıllı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə məsələdən xəbərdar olduqlarını deyiblər. Bildiriblər ki, kəndin coğrafi relyefi əlverişli olmadığından hazırda mütəxəssislər problemin həlli istiqamətində işləyirlər.
İcra hakimiyyətinin rəsmi saytında isə 2020-ci ildə yazılıb ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Quşencə, Tircan, İvanovka, Xəlilli, Hapıtlı və digər kəndlərdə subartezian quyularının qazılması sənəddə yer alır.
Rəsmi məlumatda bildirilir ki, kəndin “Soltanlıq” adlı yüksəkliyində mövcud olan və Tircan əhalisinə yetişməyən bulaq sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malikdir. Suyun bir hissəsinin kəndin anbarına yönləndirilməsi təklif olunub, bu məqsədlə mühəndis araşdırmalarının aparılacağı bildirilib.
Amma bütün bunlar hələlik söz olaraq qalıb.
Mənbə:My Webpage