azia.az
azia.az

"Bakubus"-ın sərnişinlərin cibinə vurduğu ziyanı kim ödəyəcək? - HƏQİQƏTƏN DƏ...

28-04-2022, 10:40

"Bakubus"-ın sərnişinlərin cibinə vurduğu ziyanı kim ödəyəcək? - HƏQİQƏTƏN DƏ...
Bakıda avtobusların hərəkət intervalından narazı olmayan çox az sərnişin tapmaq olar. Əksər sərnişinlər avtobusların vaxtında gəlməməsi, yaxud dolu gəlməsindən şikayət edirlər. Bakı Nəqliyyat Agentliyi hər zaman bunu yollarda olan sıxlıqla əlaqələndirsə də, Hesablama Palatasının Bakı Nəqliyyat Agentliyində apardığı yoxlama zamanı tamamilə başqa fakt ortaya çıxıb.
Belə ki, "BakuBus" MMC tərəfindən dövlət vəsaitləri hesabına alınan avtobusların son 5 ildə orta hesabla 25,4 %-i depoda istifadəsiz saxlanılıb. Bu fakt Hesablama Palatasının "BakuBus" MMC-nin 01.01.2019-cu il tarixindən 01.01.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbiri zamanı məlum olub.
Deponun sərnişindaşıma potensialından optimal şəkildə istifadə olunmaması "BakuBus" MMC-nin müntəzəm sərnişindaşıma sahəsi üzrə gəlirlərinin tam reallaşdırılmaması, maliyyə öhdəliklərinin qarşılanması səviyyəsinin məhdudlaşması ilə nəticələnib. Təmir xərcləri üzrə maliyyə öhdəliklərinin vaxtında icra olunmaması avtobusların depoda boşdayanma günlərinin artmasına səbəb olub. "BakuBus" MMC-nin balansında olan 303 ədəd "İveco" markalı sərnişin avtobusundan 198 ədədinin istismarının dayandırılması müxtəlif nasazlıqların vaxtında təmir olunmaması səbəbindən baş verib.
Avtobus parkının bərpa olunması məqsədilə mövcud vəziyyətin aradan qaldırılması və təmir işləri üçün resursların cəlb edilməsi əvəzinə istismara yararsız həmin 198 avtobusun 80-dən (40,4%-dən) istifadəyə yararlı müxtəlif ehtiyat hissələri sökülüb və digər avtobuslara quraşdırılıb. Bu da təmirə ehtiyacı olan avtobusların daha da yararsız vəziyyətə düşməsi ilə nəticələnib.
Dia.az-ın məlumatına görə, nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu yoxlama zamanı aşkarlanan qanunsuzluqlar ictimai nəqliyyata olan inama çox ciddi təsir göstərir. Avtobusların xəttə az buraxılması insanların pik saatlarda yollarda qalmasına gətirib çıxardıb.
E. Muradlı deyir ki, bu fakt, dövlət tərəfindən yaradılmış "Bakubus" MMC rəhbərliyinin işinə laqeyd münasibət göstərməsi ilə yanaşı nəzarət mexanizminin olmamasını da sübut edir: "İş o yerə gəlib çıxıb ki, birdən-birə 300 avtobus xəttə çıxmır. Bu avtobuslar isə gün ərzində minlərlə sərnişini daşıyacaq gücdədir. Məlum olub ki, bu avtobusların çoxu nasaz vəziyyətdə olub. Birini təmir etmək üçün digər avtobusu söküb ehtiyat hissələrindən istifadə ediblər. Bu çox biabırçı bir mənzərədir. Yaxşı olardı ki, avtobusları alıb ölkəyə gətirərkən o şirkətlərlə müqavilə bağlanardı. Şirkətin üzərinə texniki xidmət məsuliyyəti qoyulardı. 300 min manatlıq avtobusu söküb ehtiyat hissələrinə çevirməkdənsə, texniki xidmət almaq daha yaxşı olardı. Belə halda avtobusların bu qədər yararsız vəziyyətə düşməsi də baş verməzdi".
Ekspert bildirir ki, bu məsuliyyətsiz yanaşmanın ziyanı bir tərəfdən büdcəyə, digər tərəfdən də vətəndaşa dəyib. Avtobuslar qarajda saxlanıldığından sərnişinlər taksi xidmətindən yararlanmalı olublar: "Avtobusların intervala uyğun işləməməsi taksilərə təlabatı artırdığı üçün yollarda sıxlıq yaranıb. Bütün bunlar bir-birindən zəncirvari bağlıdır. İndiyədək buna nəzarətin olmamasının ziyanını ən çox çəkən elə sərnişinlər olub".
Ekspert deyir ki, avtobusların qarajda saxlanılmasının ətraf mühitə də ziyanı böyük olub. Çünki, müasir avtobuslar sıxılmış qazla işləyir: "Bakıda 2200 avtobus var. Biz bu rəqəmi 2600-a çatdırmağı hədəfləsək də, "Bakubus" alınmış avtobusları nasaz vəziyyətdə qarajda saxlayıb. Halbuki, bir avtobusla bir reysdə 80 sərnişin daşımaq mümkündür. Bir avtobusun gün ərzində 10-12 dövrə etdiyini nəzərə alsaq, bu gündəlik 1600-2000 sərnişin daşıması deməkdir. 300 avtobusun olmaması yüz minlərlə sərnişinin yollarda qalmasına səbəb olub. Nəticədə sərnişinlər 30-40 qəpiklik yolu "Bakubus"ın səhvinə görə minimum bir manata getməli olublar. Bu da gündəlik hər sərnişinin ən azı 70 qəpik itirməsi deməkdir. Çünki, avtobus vaxtında gəlməyəndə sərnişinlər əlacsız qalıb minimum bir manatlıq taksilərdən istifadə edirlər".
Bakı Nəqliyyat Agentliyi Hesablama Palatasının Bakıda nəqliyyatın işinə cavabdeh olan qurumda aşkar etdiyi nöqsanlara izahat verilib. Bildirilir ki, 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Hesablama Palatasının tövsiyələri nəzərə alınmaqla həll edilir: "Yoxlama başlayan tarixə qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 ədəd avtobusdan 395 ədədi Bakı şəhərinə idxal olunub. 20 ədəd avtobusun idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqlardan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatdırılma prosesi ləngimədən həyata keçirilib. 415 ədəd avtobusun idxalı tam yekunlaşdıqdan sonra müvafiq dövlət orqanına nizamnamə kapitalının artırılması üçün müraciət olunub".
Qeyd edək ki, dövlət büdcəsinin investisiya xərcləri hesabına Agentlik tərəfindən ümumilikdə 165 milyon 836, 9 min manata 415 ədəd avtobusun alınması (16.11.2018 tarixli və 03.04.2020 tarixli müqavilələrlə) əməliyyatların başa çatması və həmin avtobuslarda ilkin dəyəri 159 milyon 211, 1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırmaqla əvəzsiz olaraq "BakuBus" MMC-nin istifadəsinə verilməsi şəraitində investisiya qoyuluşunu aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi