"Heç 10 il deyil o avtobusların istismar olunur..." - BU NƏDİ BELƏ?
Paytaxt Bakının ətraf qəsəbə, kəndlərində avtobus çatışmazlığı və həmin ərazilərə işləyən avtobusların yararsızlığı sakinləri narahat edən məsələ olaraq qalır.
İllərdir Bakının mərkəzi küçələrində müasir tipli, çoxtutumlu avtobuslar hərəkət etsə də, Bakının ətrafında vəziyyət başqadır. Həmin avtobuslar işdən, dərsdən yorğun halda çıxıb evinə getmək istəyən sərnişinləri öz nasazlığı, narahatlığı ilə ikiqat yorur. Onsuz da intervalın çoxluğu, gur saatlarda yollarda yaranan tıxac ucbatından gecikən avtobuslardan sərnişinlər bir də kiçiktutumlu olduqları səbəbindən istifadə edə bilmirlər. Yorğun insanları pandemiyanın davam etdiyi vaxtda ayaqüstə, sıx şəkildə balaca, az qala sovetdən qalmış avtobuslara yığmağın məntiqi yoxdur. Sərnişinlər mənzil başına gecikməmək üçün həmin avtobuslardan istifadə etmək məcburiyyətində qalırlar. Nəticədə onsuz da narahat olan avtobuslar qəsəbədən avtovağzala qədər qapısı açıq vəziyyətdə hərəkət edirlər ki, bu da olduqca təhlükəlidir. Məsələn, əməkdaşımız hər gün Xocahəsən qəsəbəsi-“Avtovağzal” metrostansiyası marşrutu üzrə hərəkət etdiyi 157 saylı aztutumlu avtobuslarda sərnişin o qədər çox olur ki, sürücü qapıları açıq sürmək məcburiyyətində qalr. Bu da potensial təhlükədir.
Bu durumda sürücülər də çarəsizdir, sərnişinlər də. Aidiyyəti qurumlar isə hər dəfə mətbuata məsələnin həll olunacağını bildirsələr də, problem qalmaqdadır. Bakıda ətraf ərazilərə işləyən yeni avtobuslara tələbat böyükdür. Bu cür problemlərin olduğu vaxtda “BakuBus” MMC-nin yeni avtobuslara olan real illik tələbatdan artıq avtobus alışına yol verdiyi və avtobusların depoda qaldığı məlum olub.
Bu, Hesablama Palatasının “BakuBus” MMC-nin 01.01.2019-cu il tarixindən 01.0.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı üzə çıxıb. Kənar dövlət maliyyə nəzarəti həmin illərdə bu qurum tərəfindən istifadə olunmuş ümumilikdə 80,0 mln. manata yaxın vəsaiti əhatə edib. Qeyd olunub ki, yeni avtobuslara olan real illik tələbatdan artıq avtobus alışına yol verilməsi ilə yanaşı nəqliyyatın hərəkəti tezliyinin sərnişin dövriyyəsi ilə nisbətinin kifayət qədər optimallaşdırılmaması və yeni marşrut xətlərinin müəyyənləşdirilməməsi şəraitində dövlət vəsaitləri hesabına alınan avtobusların son 5 ildə orta hesabla 25,4 %-i depoda istifadəsiz saxlanılıb.
Əlavə olaraq 320 ədəd sərnişin avtobusunun hazırkı məlum alış prosesi də nəzərə alınmaqla cari vəziyyətdə qeyd olunan faiz nisbətinin daha da artacağı gözlənilir. Deponun sərnişindaşıma potensialından optimal şəkildə istifadə olunmaması isə öz növbəsində “BakuBus” MMC-nin müntəzəm sərnişindaşıma sahəsi üzrə gəlirlərinin tam reallaşdırılmaması, maliyyə öhdəliklərinin qarşılanması səviyyəsinin məhdudlaşması ilə nəticələnir.
Eyni zamanda, təmir xərcləri üzrə maliyyə öhdəliklərinin vaxtında icra olunmaması da avtobusların depoda boş dayanma günlərinin artmasına səbəb olur. Sərnişinlərin və sürücülərin məsum olduğu bu durumda günahkar axtarmağa ehtiyac qalmır.
Bir tərəfdə dövlət hesabına alınan və depoda istifadəsiz qalan rahat, iritutumlu avtobuslar, digər tərəfdə evinə, işinə tələsən, ancaq qapısı bağlanmayan, oturacaqları sınıq, təhlükə mənbəyi olan avtobuslarda mənzil başına çatmağı ümid edən yorğun insanlar.
Problemin həlli üçün dövlət vəsaiti hesabına alınan avtobusları depoda istifadəsiz saxlamaqdansa xəttə buraxmaq olmazdımı?
Məsələyə münasibət öyrənmək üçün “BakuBus” MMC ilə əlaqə saxlamağa cəhd etsək də, telefonlarımız cacabsız qalıb. Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan nəqliyyat məslələri üzrə ekspert Elməddin Muradlı deyib ki, məsələyə hüquq-mühafizə orqanları ciddi münasibət bildirməlidirlər:
“Bunu bu cür etmək olardı, çox təəssüf ki, etməyiblər. Bunun əksinə olaraq bəzi avtobusları yararsız vəziyyətə salıblar. Hövsan qəsəbəsində “BakuBus”un qarajı var, qaraja baxsanız orada hazırda 300-ə yaxın avtobus “yatır”.
Saz, yoxsa nasaz vəziyyətdə olduğunu onlar deyə bilərlər. Məsələyə dövlət tərəfindən ciddi nəzrət olunmalı, hüquq-mühafizə orqanları məsələyə ciddi reaksiya verməlidir. Biz təbliğat aparırıq ki, vətəndaşları ekoloji təmiz nəqliyyat vasitələrinə, ictimai nəqliyyata yönləndirək. Baxırıq ki, ictimai nəqliyyat bərbad vəziyyətdədir. Vətəndaş deyir ki, avtobusu yarım saat- bir saat gözləyirəm, amma gəlmir. Niyə gəlmir? Çünki qarajda çürüyür. Təzə avtobusları söküb yenilərə ehtiyat hissələri kimi istifadə ediblər”.
Ekspert bildirib ki, 15 avtobusun buraxılması lazım olan marşrut xəttinə cəmi 2 avtobus buraxılır:
“Bu vəziyyət insanı məyus edir. Dövlətimiz son 20 ildə ilk dəfə dövlət şirkəti yaratdı, vəsait xərclədi, sonu da bu vəziyyətə gəlib çıxdı. Yəni avtobuslar bərbad vəziyyətdədir. Gün ərzində 300 avtobusun xəttə buraxılması o deməkdir ki, minlərlə sərnişin ya qucaq-qucağa gedir, ya da avtobus tapmır. Bu gün “BakuBus”a məxsus elə marşrut xətləri vr ki, orada 15 avtobusun xəttə buraxılması nəzərdə tutulduğu halda cəmi 2 avtobus xəttə buraxılır. Belə olan halda təbii ki, sərnişinlər yolda qalacaq və ya basabasda hərəkət etməli olacaq. Bakı Nəqliyyat Agentliyi illərdir təbliğat aparır ki, özəl daşıyıcı şirkətləri sıradan çıxaraq, nəqliyyat sistemi dövlətin olsun. Buradan sual yaranır. Bu, dövlətin idi də, bunu niyə bu günə qoydular? Buna görə bütün ictimai nəqliyyatın dövlətin olmasını istəyirdilər?”
Elməddin Muradlı hesab edir ki, ictimai nəqliyyat özəl sektorun əlində olmalıdır:
“Mən ictimai nəqliyyatın özəl sektorun əlində olmasının tərəfdarıyam. Sahibkar avtobus alanda onu dağıtmağa yox, yaxşı vəziyyətdə saxlamağa maraq göztərir. Çünki bunun qazancı oradan çıxır, onu saz vəziyyətdə saxlayır. Amma dövlətin olanda rəhbər kim gəlirsə, deyir, əşi, mənim deyil və başlayır dağıtmağa. Heç 10 il deyil o avtobusların istismar olunur, artıq 300 avtobus kənarda qalıb. Amma Bakı kəndlərinə işləyən ağ avtobuslara baxın, bəlkə də 20 ilin avtobuslarıdır, amma görün necə işləyirlər. Mən onun tərəfdarı deyiləm, sadəcə nümunə kimi deyirəm ki, baxın dövlət necə, sahibkar necə işlədir. Dövlətin burada heç bir günahı yoxdur, günah ora rəhbərlik edən şəxsdədir. Heç bir strategiya, proqram olmadan bu cür yanaşma nümayiş etdirib. Adam da təzə avtobusu söküb, köhnəyə ehtiyat hissəsi edərmi? 5 il ərzində “BakuBus”da 8 dəfə rəhbərlik dəyişib, hər dəyişilən yeyintyə yol versə, bir avtobusu söküb dağıtsa, hər müdir 5 avtobus “yesə”, milyon yarım pul edir”.
Ekspert Bakı kənd və qəsəbələrinə iritutumlu avtobusların buraxılmamasının da səbəblərinə toxunub:
“Bakı kəndləri istiqamətində avtobuslar azdır. Bunu sahibkara vermək lazımdır və ondan saz vəziyyətdə saxlamasını , işlətməsini tələb etmək olar. Bu gün Bakı kəndləri istiqamətində layihələr icra olunur. Sadəcə, Bakı kəndlərinin, bəzi qəsəbələrinin tikinti normaları elə vəziyyətdədir ki, ora iritutumlu avtobus salmaq olmur. Məsələn, Masazır və Sulutəpə qəsəbəsinə irituutmlu avtobus salmaq üçün yolları söküb genişləndirmək lazımdır. Çünki vaxtilə Abşeronun icra başçısı, bələdiyyələr gözlərini yumub oraları metr-metr satıblar. Nə yol şəbəkəsini, nə kommunal xətləri nəzərə alıblar. Ancaq pul düşünüb satıblar. Alverçilər oranı qram-qram satıblar. Orada 12 metrlik avtobuslar necə hərəkət eləsinlər?! Düşünürəm ki, ora hələki “Qazel”ləri buraxmaq lazımdır. Ora iritutumlu avtobuslar girərsə, çıxa bilməyəcək. İndi həmin adamların yaxasından yapışasan ki, get, sök, düzəlt. Amma bu gün üçün real deyil. Məsələn, Mərdəkan, Maştağaya da iritutumlu avtobuslar girə bilmir. Çünki qədimdən salınmış qəsəbələrdir, vaxtilə at arabaları üçün nəzərdə tutulmuş yollar olub. İndi Mərdəkan yolunda bir dənə “BakuBus” avtobusu hərəkət etsə, qarşıdan gələn maşınlar ya səkiyə dırmaşmalıdır, ya da avtobus onları əzməlidir. Ona görə də belə şeyləri nzəərə alıb, istiqaməti müəyyənləşdirib, ona uyğun da avtobus sifariş verirlər. Həm Bakı Nəqliyyat Agentliyi, həm daşıyıcı şirkətlər tələbi bu formada qoyur. Yəni hansı ərazidə işləyəcəksənsə, ona uyğun da avtobus al”.
Mənbə:My Webpage