azia.az
azia.az

Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib... - NARAZILIQ VAR!

18-04-2022, 09:36

Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib... - NARAZILIQ VAR!
Qubanın 64 kilometrliyində dağların arxasından boylanan, qayalıqların üzərində yerləşən Buduq kəndinin sakinləri buradan aylarla çıxa bilmir.

Yol yoxdur, nəqliyyat işləmir. Xəstələr xüsusi əziyyət çəkir.

Yataq xəstəsinə çevrilmiş Nəsibə Hacıyeva, üstəlik, keçən ilin oktyabrından əlilliyə görə aldığı pensiyadan da məhrum olub.

"Ölməlidir bu xəstə?..”

Buduq sakini 2014-cü ildə ikinci qrup əlil kimi qeydiyyata alınıb.

Nəsibə Hacıyevaya əlilliyinə görə 202 manat təqaüd ayrılıb. Amma altı ay əvvəl illərdir xərşəng xəstəliyi ilə mübarizə aparan qadının daha pensiya ala bilməyəcəyi məlum olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası imtina sənədində əlavə müalicəyə ehtiyac olmasını əsas səbəb kimi göstərib.

Nəsibə xanımın həyat yoldaşı Oqtay Hacıyev böyük haqsızlığa yol verildiyinə əmindir.

"Bu adamın iş qabiliyyəti yoxdu, yataq xəstəsidir. Dərmanlara ömrünün sonuna qədər ehtiyac duyacaq. Müalicələri dayandırsaq, həyatda qala bilməz. Pensiya kəsilirsə, müalicəni necə davam etdirəcəyik? İmtina məktubunda yazılıb ki, müalicəyə davam. Nəylə? Ölməlidir bu xəstə?..”, – Oqtay Hacıyevin sözləridir.

Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib... - NARAZILIQ VAR!

Səhiyyə Nazirliyinin göndərişi.
Foto: Meydan TV

Bir müddət əvvəl Nəsibə Hacıyevanın başının sağ hissəsində bədxassəli şiş yaranıb. Şişin cərrahi yolla çıxarılmasından sonra həmin yerdə böyük çuxur qalıb.

"Hər yerə baş vurmuşuq. Deyirik ki, gəlin xəstənin vəziyyətini əyani görün. Cavab verirlər ki, nə təhər gələk? Bəs yataq xəstəsi necə gəlsin? Pensiyasını da kəsirsiz…” – həyat yoldaşı danışır.

"Belə haqsızlıq olmaz”

Nəsibə Hacıyeva Bakıda, Xaçmazda, Qubada xeyli xəstəxanalarda yatıb. Son aylar müalicəni ev şəraitində davam etdirməyə məcburdur. Çünki qış aylarında kəndin Quba ilə əlaqəsi kəsilir. Dağlara köhnə UAZ-dan başqa heç bir maşın qalxa bilmir: "Yollar bərbad gündədir. Heç düz-əməlli yol da yoxdur. Haqqımızı tapdalayırlar. Mübarizə aparmaq da çətindir. Elə yerdə yaşayırıq ki… Gedib-gəlmək olmur. Özünüz də görürsünüz… Xəstəni hər vaxt xəstəxanaya çadırmaq olmur. Bir az tərpədəndə halı pisləşir. Bu adamın üzünə baxanda necə vəziyyətdə olduğu görünür. Kömək olmasa, addım ata bilmir. Əlimiz hər yerdən üzülüb…”

Nəsibə Hacıyevanın başındakı şiş Təbrizdə götürülüb.

Oqtay Hacıyev deyir ki, Bakıda heç bir həkim məsuliyyəti üzərinə götürmək istəməyib, əməliyyatın uğurlu olacağına zəmanət verməyib. Buna görə də qonşu ölkəyə üz tutmaq məcburiyyətində qalıblar: "İranda 7 min manata yaxın xərcimiz çıxdı. Hələ başqa xəstəxanalardakı xərclərimizi saymıram. Ona ömürlük dərmanlar yazılıb. Bunlardan istifadə etməsə, qıcolmalar baş verir. Belə xəstəyə necə imtina yaza bilirlər axı?! Belə haqsızlıq olmaz. Necə ağır vəziyyətdədir…”


Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib... - NARAZILIQ VAR!
Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı.
Foto: Meydan TV

Hacıyevlər Tibbi-Sosial Ekspert Komissiyasına dəfələrlə müraciət edib. Onlar düşünür ki, cavablar bilərəkdən yubadılır: "Hər müraciətə üç ay sonra cavab verirlər. Son altı ayda müraciət eləmədiyimiz yer qalmayıb. Çox çarəsiz vəziyyətdəyik. Bacardıqca yubadırlar. İmtina sənədində konkret səbəb də göstərilməyib. Bizi başdan eləməyə çalışırlar. Biz Qusarda əyani komissiyadan da keçmişik. Dedilər ki, gedin nazirliyə. Həkimlərlə danışırıq. Təəccüblənirlər ki, belə ağır xəstənin əlilliyi necə ləğv oluna bilər? Gəlib nə gündə olduğunu görmək istəyirlərsə, lap yol xərcini də çəkək”.

"Əyani müayinəyə dəvət ediləcək”

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Meydan TV-yə bildirib ki, Nəsibə Hacıyevanın əlilliyinin qiymətləndirilməsi xəstəxananın elektron sistemə daxil etdiyi göndəriş əsasında aparılıb. Məlum olub ki, göndərişdə onun əsas diaqnoz və ağırlaşmalarını təsdiqləyən müayinələr tam aparılmayıb.

"Həmçinin ixtisaslaşmış tibb müəssisəsində aldığı müalicə müddəti yetərli deyil. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq, vətəndaşın göndərişinə imtina qərarı verilib. Bununla belə, vətəndaş Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinəyə dəvət ediləcək. Əyani müayinənin nəticəsinə uyğun olaraq, şəxsin əlilliyinin qiymətləndirilməsilə bağlı müvafiq qərar veriləcək”, – Tural Qurbanov belə deyib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi