azia.az
azia.az

Mövlam Şıxəliyevin “xəstə” rəis müavininin sirli taleyi - MTN işində yeni detallar

9-04-2022, 11:07

Mövlam Şıxəliyevin “xəstə” rəis müavininin sirli taleyi - MTN işində yeni detallar
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. 1 il əvvəl, 2021-ci il, aprelin 5-də həbsə alınan Mövlam Şıxəliyevin mühakiməsi vaxtilə onun rəhbərliyi altında işləmiş Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir.

Səhv oxumadız, bu, faktdır və məhkəmədə Elbəy Allahverdiyev özü də təsdiq edib. Vaxtilə müstəntiq olan Elbəy Allahverdiyev Mövlam Şıxəliyevin orbitindən uzaq düşəndən sonra əyninə hakim mantiyası geyinib. Bütün bu prosesin adına da ədalət mühakiməsi deyilir.

Baş verənlərdə adı əsas fiqur kimi çəkilən Mövlam Şıxəliyevin müavini Təhsin Ağayevin istintaqdan kənar qalması da maraq doğurur.

2021-ci ilin oktyabrında Mövlam Şıxəliyevin və digərilərinin cinayət işi üzrə başlayan məhkəmə prosesində zərərçəkənlər dəfələrlə Təhsin Mirmükərrəm oğlu Ağayevin adını çəkib, onun həbsini tələb ediblər.

Təhsin Ağayev uzun illər MTN-in İstintaq Baş İdarəsində işləyib. Bir müddət İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəisi vəzifəsində çalışıb. 2010-cu ildən Milli Təhlükəsizlik Nazirliyi ləğv olunanadək İstintaq Baş İdarəsinin rəis müavini, İbtidai İstintaq İdarəsinin rəisi vəzifəsində olub.

MTN-də yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin tərkibində sahibkarlara, banklara qarşı cinayətlərdə iştirak edib. Həmin ilin oktyabrında MTN-də qəfil yoxlama zamanı həbsə alıanaraq vəzifəli şəxslər sırasında adı olduğunu yəqin bildiyindən intihara cəhd edib. O zaman sanitar qovşağa qaçan rəis müavini özünü asıb. Lakin onu xilas ediblər. Üst-başı, şalvarı bulaşmış Təhsin Ağayevi özünə gətirən xüsusi əməliyyat qrupunun üzvləri onu MTN-in inzibati binasının çölünə çıxarmaqla ərazidən qovublar.

Həmin günlərdə İstintaq İdarəsində çalışanlar dindirilərkən Təhsin Ağayev cəzadan necə yayınacağını düşünüb. O günlərdə mətbuatda bu haqda məlumatlar yayılsa da, Təhsin Ağayev ortaya çıxmadı. Onun əvəzindən ilkin olaraq arvadı Kəmalə Ağayeva danışdı. O, ərinin barəsində yazılan yazılara Meydan.tv üzərindən cavab verdi. 9 noyabr 2015-ci ildə “MTN zabitinin xanımı mediaya müraciət etdi” sərlöhvəli yazıda Kəmalə Ağayeva əri haqda yazılanları yalanlamağa girişmişdi.

Onun dediklərindən sitat: “Son günlər onun barəsində çirkin məqalələr, videoyazılar çıxmaqdadır. Onu gah kiminsə ölümündə, gah kimdənsə rüşvət almaqda, kimini də nahaq yerə həbs etməkdə günahlandırırlar. Bütün bunlar onu ləkələmək, işgüzar nüfuzuna xələl gətirmək və gözdən salmaq, şərəf və ləyaqətini alçaltmaq niyyətilə məqsədyönlü şəkildə biriləri tərəfindən davamlı şəkildə edilir”.

Kəmalə Ağayeva Təhsin Ağayevi az qala milli qəhrəman etməyə hazırlaşırdı. “Başınızı qaldırıb ətrafınıza baxın. Qonşu respublikalardakı çaxnaşmalar, terror aktları, mitinqlər, canlı bombalar, sizcə, niyə bizdən yan keçir? Cavab verim- çünki MTN hamısının qarşısını zamanında alır! Sadəcə ”Avroviziya-2012" müsabiqəsi zamanı baş tutmayan partlayışdan xəbəriniz varmı?! O zaman neçə terror-təxribat qrupları zərərsizləşdirilib. Bu işlər sayəsində minlərlə insan onları gözləyən təhlükədən xəbərsiz indi öz həyatlarını sürdürməkdədir. MTN-in gördüyü işlər barəsində kütləvi-informasiya vasitələrində dəfələrlə xəbərlər, sənədli filmlər gedib. Keçirilən əməliyyatlar zamanı MTN zabiti həyatını itirib, onlarla zabit yaralanıb. Bəs indi o ölən zabitin ailəsi nə düşünsün - oğulları hədər yerə həyatlarını qurban veriblər?!" - fikrini irəli sürürdü.

Kəmalə Ağayeva həyat yoldaşının sağ-salamat olmasını da iddia edirdi. Halbuki o günlərdə Təhsin Ağayev istintaqdan yayınırdı və bunu səhhəti ilə əlaqələndirirdi.

Kəmalə Ağayevanın ardından Təhsin Ağayevin vəkili Gülarə İlyasova da mətbuatda onun barəsində yazılanları təkzib etmək cəhdinə baş vurmuşdu. Həmin günlərdə belə xəbərlər vardı ki, Təhsin Ağayev həbsə alınacağından həddindən artıq narahatdır, günü həyəcan və təşviş içində keçir, gecələr gözünə yuxu getmir. O, həbs olunacağı təqdirdə bütün qanunsuz göstərişlərin ona Mövlam Şıxəliyev tərəfindən verildiyini etiraf edəcəyini açıq şəkildə deyib.

Keçmiş iş ortaqlarından hər kəsə aydın olub ki, Təhsin Ağayev qulağının dibində bir çırtma çalmamış onlarının üzünə dayanacaq. Buna görə də Təhsin Ağayevin ümumiyyətlə istintaqdan kənar saxlanılması üçün yollar axtarılıb. Belə qərara alınıb ki, Təhsin Ağayev üzvü olduğu mütəşəkkil cinayətkar quldur dəstənin “istintaq-pulqoparma-azadetmə” üsuluna baş vursun.

Həmin üsul isə pul qoparılmış əksər sahibkarlara tətbiq olunub. Onlara saxta diaqnozlar qoyulub, çeşidli xəstəliklərdən əziyyət çəkmələri haqda rəylər alınıb. Sonradan da həmin rəylərə əsasən pulu qoparılan sahibkarlar həbsdən azad ediliblər.

Məsələn, Təhsin Ağayevin də iştirakçısı olduğu, sahibkar Əhməd Mirzəyevə, onun sürücüsü Arif Allahverdiyevə və Zaur Əliyevə qarşı qondarma cinayət işi başladıqdan onlardan külli miqdarda pul tələb olunub. Pul alınandan sonra isə Əhməd Mirzəyevlə Zaur Əliyevin həbsdə saxlanmalarını istisna edən xəstəlik diaqnozu təyin etdirilib. Beləcə pulu alınan hər iki şəxs azad ediliblər.

Bu yaxşı işlənmiş, illərlə Təhsin Ağayevin də üzvü olduğu mütəşəkkil cinayətkar quldur dəstəyə milyonlar qazandıran üsul bu gün onu mühakimədən kənarda saxlamaqdadır. Hətta belə xəbərlər var ki, Təhsin Ağayev Mövlam Şıxəliyevin həbsinə qədər “sağlam” olub, küçədə-bayırda gəzib.

Mətbuatda şərti olaraq “MTN işi” adlandırılan cinayət işi üzrə istintaqın qənaətinə görə, Təhsin Ağayev Mövlam Şıxəliyevin müavini olandan sonra bir çox cinayətlərdə - hakimiyyət həddini aşma, rüşvət alınması, özgə əmlakının hədə-qorxu ilə tələb edilib ələ keçirilməsi, vəzifə saxtakarlığı və digər çoxsaylı qanunsuz əməllərin törədilməsində iştirak edib. Lakin Mövlam Şıxəliyev müavini olmuş Təhsin Ağayevin istintaqa cəlb edilməsi, məhkum edilməsi və ya ona bəraət verilməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Bu məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinə sorğu ilə müraciət etmişik. Xahiş etmişik ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəis müavini postunu tutmuş Təhsin Ağayevin barəsində prokurorluq orqanında olan məlumatları bölüşüb, aşağıdakı suallara aydınlıq gətirsinlər:

1.Təhsin Ağayev 2015-ci ildən bu günə qədər mətbuatda şərti olaraq “MTN işi” adlandırılan istintaq tədbirləri çərçivəsində dindirilibmi?

2.Dindirilibsə, dindirmə hansı cinayətləri əhatə edib?

3.Təhsin Ağayev dindirməyə hansı statusda (şahid, təqsirləndirilən şəxs, zərərçəkən) çağırılıb?

4.Təhsin Ağayevin ölkədən çıxışına qadağa qoyulubmu?

5.Təhsin Ağayev barəsində axtarış işi varmı?

6.Təhsin Ağayev “MTN işi”nə təqsirləndirilən şəxs statusunda cəlb olunubmu?

Sorğumuza Baş Prokurorluğun xidmət rəhbərui Günay Səlimzadə belə cavab verib:

- Sorğuya cavab olaraq bildiririk ki, Təhsin Ağayev və digərləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ayrılmış cinayət işi üzrə hazırda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, Təhsin Ağayevin adı MTN-in 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov ilə birlikdə bir neçə zərərçəkmişə hədə-qorxu gələrək onlardan külli miqdarda pul almaqda çəkilib. “Texnikabank” ASC-nin Sumqayıt filialının müdiri Müsənnif Salahovdan 3 milyon manat tələb edib, lakin sonradan ondan 600 min manat alınmasında Təhsin Ağayev birbaşa iştirak edib.

Bu epizod üzrə Vüsal Ələkbərov mühakimə edilərkən Müsənnif Salahov deyib ki, 2012-ci ildə bankın rəhbəri Etibar Əliyev həbs olunduqdan sonra onun rəhbəri olduğu filiala bir qrup MTN əməkdaşı basqın edib.

Növbəti gün onu MTN-ə çağırıblar. Orada Nadir adlı müstəntiq qəbul edib və onu Vüsal Ələkbərovun yanına, o isə öz növbəsində Təhsin Ağayevin otağına aparıb: “Təhsin Ağayev otağında mənə ”Etibar Əliyev bankı yeyib talayıb, sən nə qədər pul verirdin Etibara" deyə soruşdu, ardınca da cavabımı gözləmədən “hara düşdüyünü bilirsən də, çıxmaq üçün 3 milyon manat verməlisən” dedi. Mən gülərək “nə özümdə, nə filialda indiyə kimi bu qədər pul görməmişəm” dedim. Pulla bağlı xeyli müzakirə etdikdən sonra Təhsin “verməsən, Etibarın dalınca sən içəri girəcəksən” dedi, Vüsal isə “nə qədər səni həbs etməmişəm, get pulu gətir” deyib hədələdi.

Evə gələndən sonra 2 həftə ərzində Təhsinlə Vüsal tez-tez zəng edib pulu tələb etdilər. Psixoloji təzyiqlərə dözmədim, həm də həbs olunacağımdan qorxub bacanağımdan 150 min manat borc alıb, evdəki qızılları da 50 minə satdım. 200 min manatı sellofan torbaya qoyub nazirliyə getdim, orada Təhsin Ağayevə zəng edib məlumat verdim, məni onun otağına apardılar. Pulu Təhsinə verib başqa pulumun olmadığını dedim. Vüsal dərhal “min dənə obyektin var, get sat pulu gətir, milyonlar qazanırsız, Misir hesablayıb” deyə reaksiya verdi. Mən onlara yalvardım, Təhsin 600 min manat versəm, həbs edilməyəcəyimə razılıq verdi. Əks halda notarius əməliyyatlarında rüşvət almağım barədə 4 nəfəri üzümə qoyaraq həbs edəcəklərini dedilər. Növbəti bir həftədə də pulu düzəldə bilmədim, Təhsin Ağayev məni nazirliyə çağırıb əvvəl verdiyim 200 min manatı qaytardı. Buna görə lap qorxuya düşdüm, xalam oğlundan 100 min, dostum Nadirdən 100 min, qardaşlarım Tahir və Səyyafın hərəsindən 50 min, ümumi 500 min manatı may ayının əvvəllərində torbaya qoyub nazirliyə gəlib orada Təhsinin otağında onun özünə verdim. Qalan 100 min manat üçün də 1 həftə vaxt verdilər, bu dəfə də yeznəm İlhamdan və dayım oğlu Əyyubdan hərəsindən 50 min alıb gətirib Təhsin Ağayevə verdim".

Müsənnif Salahovun dediyi tarixlərdə MTN-də olması qeydiyyat kitabçasında təsdiqlənib. Təhsin Ağayev Etibar Əliyev və digərləri barəsində cinayət işinin başladılması qərarı verib, Vüsal Ələkbərovu isə istintaq qrupunun rəhbəri təyin edib. Müsənnif Salahov barəsində başladılan cinayət işinə Vüsal Ələkbərov tərəfindən xitam verilib.

Mövlam Şıxəliyevin cinayət dosyesində Təhsin Ağayevin adı 46 dəfə keçir və hər bir epizodda “xəstə” rəis müavininin pul qoparmaq üçün min hoqqadan çıxdığı bəlli olur...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi