azia.az
azia.az

Operativ Qərargahın böyük müəmması: - Sərhədlərin açılmamasından qazanan kimdir?

1-04-2022, 19:36

Operativ Qərargahın böyük müəmması: - Sərhədlərin açılmamasından qazanan kimdir?
Quru sərhədlərinin bağlı olması ilə bağlı sərhədlərdə yaranan problem davam edir.

Belə ki, Azərbaycan vətəndaşları sərhədlərdə hələ də problemlər yaşayırlar.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri də Rusiyaya reysləri dayandırıb. Rusiyadan ölkəmizə isə təyyarə biletlərinin baha olması ilə bağlı azərbaycanlılar Dağıstanla sərhəddə düşərgədə gözləməli olublar.

Azərbaycanlılar eyni problemi Gürcüstan sərhədində də yaşayırlar. Belə ki, hazırda Ukraynadan öz avtomobilləri ilə gələn azərbaycanlılar quru sərhədləri bağlı olduğuna görə, Azərbaycana buraxılmırlar. Həmin vətəndaşlara isə əsasən avtomobillərini ərazidəki dayanacaqlarda saxlamaqla təyyarə ilə Azərbaycana getmək təklif olunsa da, onlar buna maddi imkanının olmadığını deyirlər.

Vətəndaşlar sosial şəbəkələrdə qarşılaşdıqları çətinlikləri göstərərək, məcburiyyət qarşısında yenidən Türkiyəyə getdiklərini və oradan Azərbaycana gəldiklərini deyirlər ki, bu zaman yüksək məbləğdə vəsait sərf etməli olurlar. Beləliklə, bu gün quru yolu bağlı olduğundan azərbaycanlıların Rusiya və Ukraynadan vətənə yalnız təyyarə ilə gəlmək şansı qalır.

Maraqlıdır ki, bu gün müharibə ilə bağlı azərbaycanlılar Ukraynadan digər ölkələrə asanlıqla gedə bilsələr də Azərbaycana gələ bilmirlər. Ölkəmizdə quru yolunun bağlı olmasını isə əsasən pandemiya ilə bağlı Operativ Qərargahın qərarı ilə əlaqələndirirlər. Buradan belə görünür ki, digər ölkələrdə pandemiya başa çatsa da, yalnız Azərbaycanda mövcuddur. Bəlkə də azərbaycanlıların quru yolla daha ucuz qiymətə ölkəyə gəlməsindənsə təyyarə ilə gəlməsindən daha çox “qazanırlar”. Nəticə isə odur ki, bu gün sərhədlərdə problemlərlə üzləşən vətəndaşlarımız Azərbaycan hökumətindən kömək gözləyirlər.

Ancaq maraqlıdır ki, Naxçıvanla Türkiyə arasında quru sərhəd açıqdır və heç bir maneəsiz gediş-gəliş var. Hətta Naxçıvandan İğdıra müntəzəm avtobus xətləri də fəaliyyət göstərir. Biletlər də o qədər baha deyil - 8-10 manat. Taksilər isə bu yolu adambaşına 20 manata aparır.

Daha bir maraqlı məqam odur ki, Bakıdan Türkiyəyə təyyarə biletinə vəsaiti çatmayanlar İran yolu ilə Naxçıvandan keçməklə avtobus xidmətindən istifadə edə bilirlər. Bu zaman da biletin qiyməti 140-150 manatdır. Yəni marşrut-Bakı-Naxçıvan-Ankara və ya İstanbul olur. Bu istiqamət üzrə pandemiyadan əvvəl Gürcüstandan keçən avtobuslarda bilet mövsümdən və tələbatdan asılı olaraq 70-100 manat arasında dəyişirdi. İndi isə Azərbaycan vətəndaşı quru, həm də daha ucuz yolla ölkədən çıxmaq üçün bu variantlardan birini seçməlidir.

Başqa bir yol isə xüsusi icazənin alınmasıdır ki, əksəriyyət bu qaydanı bilmir və bilənlər də zaman məhdudluğu, süründürməçilik baxımından bu yolu seçmir. Haqlı olaraq düşünürlər ki, hava nəqliyyatı , yəni daha baha yolla ölkədən çıxan zaman səbəb soruşulmursa, niyə quru yolla ölkədən çıxışda xüsusi icazə və səbəb göstərilməsi tələb edilir? Amma yenə də Xarici İşlər Nazirliyinin qarşısına hər gün onlarla insan məhz bu xüsusi icazənin alınması üçün toplaşır.

Yəni quru sərhədlərin açılmamasında müəammalı məsələlər çoxdur.

Qeyd edək ki, mövcud problemlə bağlı Dövlət Gömrük Komitəsindən bildirilmişdi ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq quru sərhədləri nəqliyyat vasitələri və sərnişinlər üçün bağlıdır, ona görə də quru sərhədin açılması ancaq Operativ Qərargahın qərarı ilə mümkündür.

Milli Məclisin deputatı Musa Quliyev deyib ki, aprel ayında quru sərhədlərinin ya qismən, ya da tam açılması mümkün ola bilər.

O qeyd edib ki, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir:

“Quru sərhədlərinin açılması ikitərəfli həll olan məsələdir. Biz öz tərəfimizi aça bilərik, amma qarşı tərəfdə ölkənin epidemioloji vəziyyəti necədir, onlar açacaq, yoxsa yox, bundan da asılıdır. Ona görə də bu, hökumətlərarası danışıqlar səviyyəsində həll olunan bir məsələdir”.

Məsələ ilə bağlı deputat Rüfət Quliyev isə qeyd edib ki, quru sərhədlərinin açılması zamanı proses mərhələ-mərhələ baş tutacaq:

“Sərhədlər birdəfəlik açılsa, bu, böyük bir fəlakətə gətirib çıxara bilər. Biz Operativ Qərargahın səyləri nəticəsində xəstəliyin qarşısını kifayət qədər aldıq. Yeni yoluxmalar heç yüzə gəlib çatmır. Sərhədlər birdəfəlik açılsa, bu böyük bir fəlakətə gətirib çıxara bilər. Ona görə də darıxmayaq, biz Operativ Qərargaha inanaq. Orada hansı məsləhət olunsa, o qərar də veriləcək”. Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, əslində bu Azərbaycan Konstitusiyasının pozuntusudur:

“Hansısa bir Operativ Qərargahın verdiyi bir qərar Konstitusiyadan üstün ola bilməz. Konstitusiyada açıq şəkildə yazılır ki, Azərbaycan vətəndaşları maneəsiz şəkildə öz ölkələrinə gəlmək ixtiyarları var. Operativ Qərargah pandemiya ilə bağlı quru yollarının bağlanması barədə qərar vermişdi. Ancaq indi Ukraynadan qayıdan insanlar müharibədən qaçır. Bütün dünya Ukraynanın müharibədən qaçan vətəndaşlarını qaçqın kimi qəbul edir, ancaq Azərbaycan öz vətəndaşlarını ölkəyə buraxmır.

Bu, böyük qanun pozuntusudur, hüuquqların pozuntusudur. Bu biabırçılığa teziklə son qoyulmalıdır. Çünki dövlət olaraq Azərbaycanın imicinə və beynəlxalq etibarına da ziyan vuran bir addımdır. Artıq bununla bağlı tezliklə qərar qəbul olunmalıdır. Azərbaycan vətəndaşları istənilən şərtlər altında quru yolu ilə ölkəyə daxil olmaq hüququna malik olmalıdırlar. Konstitusiya bütün qanunlardan üstündür. Operativ Qərargahın verdiyi isə heç qanun da deyil, qərardır.

Onun Konstitusiyadan hüquqi üstünlüyü yoxdur. Ona görə də bu bəhanədir. Anlamaq olmur ki, rəsmi qurumlar niyə belə addımlar atırlar. Bunun məntiqi yoxdur. Konstitusiyaya görə Azərbaycan vətəndaşları ölkəyə rahat şəkildə daxil olmaldırlar, vəssalam. Yəni bu Operativ Qərargahın hansısa kağız parçasından asılı olmamalıdır”.

Buradan belə görünür ki, sərhədlərdə gözləyən vətəndaşlarımız Operativ Qərargahın qərarını gözləməlidirlər. Əgər quru sərhədlərinin açılması ilə bağlı qərar aprel ayının sonunda veriləcəksə, hələ sərhədlərdə çox gözləməli olcaqlar. Burada qazanan tərəf isə təyyarə reysləridir.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi