azia.az
azia.az

"Ay məmurlar, cəhənnəm olsun pandemiya..." - Deputatdan ÇAĞIRIŞ

1-04-2022, 11:10

"Ay məmurlar, cəhənnəm olsun pandemiya..." - Deputatdan ÇAĞIRIŞ
Pandemiyanın ağır nəticələri qonşu ölkələrə quru yol vasitəsilə gediş-gəlişi də iflic edib. Quru yollarının hələ də bağlı olması, təyyarə biletlərinin hədsiz baha qiymətə satılması əhalinin gediş-gəlişini əməlli-başlı məhdudlaşdırıb. Məlumata görə, Rusiya-Azərbaycan sərhədində, Dağıstanda 5 minə yaxın Azərbaycan vətəndaşı Rusiya ilə dövlət sərhədinin açılmasını gözləyir. Deyilənə görə, onlardan 1200 nəfəri Kaytaq rayonundakı müvəqqəti məskunlaşma mərkəzində, 2,5 mindən çoxu Dərbənddəki mehmanxanalarda yerləşdirilib.

Bəziləri isə yerli sakinlər tərəfindən sığınacaq alıb, daha 1000 nəfərə yaxın insan isə Məhərrəmkənd rayonunda sərhədlərin açılmasını gözləyir. Xatırladaq ki, Azərbaycan və Rusiya Federasiyası arasında quru sərhədləri 31 mart 2020-ci il tarixindən etibarən bağlanıb. Problemlə bağlı millət vəkili Fazil Mustafa da feysbukda status yazıb. Deputat bildirib ki, Mahaçqalada qiyabi təhsil alan bir tələbə ona zəng edərək hönkür-hönkür ağlayıb:

“40 gündür universitetdə dərs üçün gedib, indi geri dönməyə yol yoxdur. Deyir, hökumətimiz öz ölkəmizə quru sərhədimiz bağlı olduğuna görə buraxmır”. Millət vəkili problemin həlli üçün məmurlara müraciət edib: “Minlərlə bu cür acınacaqlı durumda qalan Azərbaycan vətəndaşı var Dərbənddə, Mahaçqalada, Gürcüstanda.. Kimə başa salasan, kimə anladasan. Səfirliyimiz problemi çözməyə acizdir. Ay məmurlar, cəhənnəm olsun pandemiya, zillət içində qalan odun deyil, Azərbaycan vətəndaşıdır! Təcili açın qapıları, öz vətənlərinə dönsünlər. Təminat verirəm, heç bir xəstəlik-filan artmayacaq. Ac-yalavac nə qədər yad ölkədə çöllərdə qalacaqlar, aşağılanacaqlar!”. Millət vəkili Zahid Oruc quru sərhədlərinin bağlı olması ilə əlaqədar Milli Məclisə, o cümlədən ona çoxlu müraciətlər gəldiyini deyib. Parlament üzvü vurğulayıb ki, məsələ parlamentin mart ayında keçirilən iclasında da səsləndirilib: “Baş nazir vurğuladı ki, bu məsələ Operativ Qərargahın, eyni zamanda hökumətin diqqət mərkəzindədir. Lakin açıq danışsaq, problemin görünməyən hissəsi ətrafında tam məlumatlar ictimailəşmədi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir vətəndaşın hüquq və mənafelərinə diqqətlə yanaşmalı, qayğı göstərməliyik. Pandemiya elə arzuolunmaz vəziyyət yaratdı ki, ən qabaqcıl dünya ölkələri belə ekstremal addımlar ata bilmədilər. Hər kəs başa düşməlidir ki, Azərbaycan dövləti bütün bu çağırışların fərqindədir. Operativ Qərargah tərəfindən bu məsələ geniş təhlil edilir. İnanırıq ki, quru yolunun açılması ilə bağlı cəmiyyəti qane edən bir qərar veriləcək”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib ki, koronavirus hər birimizin həyatına mənfi təsir göstərdi. JAM rəhbərinin sözlərinə görə, biz pandemiyanın əziyyətini hələ bir müddət də çəkəcəyik:

“Həm Azərbaycan dövləti, həm də xalqımız bu bəladan maksimum az itki ilə çıxmaq üçün əlindən gələni etdi. Məncə, təhlükəli dövr artıq geridə qalıb. Gündəlik yoluxma sayı iki rəqəmlə ölçülür. Buna görə də bəzi qadağaları ləğv etmək olar. Azərbaycanın quru sərhədlərinin açılması da bu kateqoriyaya daxildir. Ermənistan istisna olmaqla qonşularımızla sərhədləri açmağın vaxtı çatıb. Dağıstandakı soydaşlarımızın üzləşdiyi problemdən mən də xəbərdaram, insanları belə çıxılmaz vəziyyətdə qoymaq olmaz. Artıq stadionlara giriş sərbəst elan olunub, tamaşaçı məhdudiyyəti aradan qaldırılıb. Bu o deməkdir ki, ya zəlzələdən, ya da vəlvələdən Çempionlar Liqasının finalı Bakıda keçirilsə, 50-60 min adam stadionda bir araya gələ biləcək. Əgər bu risk göz önünə alınaraq, stadionlarda azarkeş sayı ilə bağlı məhdudiyyət ortadan qaldırılıbsa, koronavirusla bağlı digər məhdudiyyətlər də ortadan qaldırılmalıdır. Onsuz da obyektiv və subyektiv səbəblər üzündən həyatımız xeyli çətinləşib. Rəsmi şəxslər, məmurlar getdikcə ağırlaşan həyatımızı daha da ağırlaşdırmasınlar”.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi