azia.az
azia.az

Azərbaycan Sahibkarlar Konfederasiyasının Sahibkarlara müraciəti

23-02-2022, 21:34

Azərbaycan Sahibkarlar Konfederasiyasının Sahibkarlara müraciəti
Hazırda Azərbaycan dövləti tərəfindən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində böyük işlər görülür. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması üçün infrastruktur layihələrinin həyata keçirilməsi, bu torpaqlarda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanması üçün mühüm tədbirlər həyata keçirilir.

Ölkə Prezidentinin Ağdam rayonuna sonuncu səfəri zamanı iş adamlarına müraciət edərək onları həm Ağdama, həm də işğaldan azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırdı. Azərbaycanda yeni biznes qurmaq və sahibkarlığın inkişafı üçün çox gözəl şəraitin yaradıldığını vurğulayan ölkə Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, “Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar”.

Eyni zamanda, fevralın 18-də ölkə prezidenti yeni icra başçılarının təyinatı ilə bağlı görüşdə sahibkarlara tövsiyə etdi ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türk Ticarət və Sənaye Palatasına daxil olan dövlətlərin Bakıda keçirilmiş növbədənkənar görüşündə Qarabağa investisiya qoyulması ilə bağlı iqtisadi imkanlar müzakirə edilmişdir. Həmçinin təşkilat bütün üzvlərinə müraciət edərək, şəhid ailə üzvlərinin, qazilərin işlə təminatında aktiv olmağa çağırmışdır. Azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəldilməsi məqsədilə üzv şirkətlərdən toplanan investisiya layihələri hökumətə təqdim edilmişdir.

İndiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkə Prezidentinin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük Qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə böyük töhfə verəcəkdir.

Konfederasiya öz imkanlarından istifadə edərək, azad olunmuş torpaqlarda biznesin inkişafı, mövcud layihələrə xüsusi yanaşmaların tətbiq edilməsi və sahibkarların dövlətin dəstək tədbirlərindən yararlanması üçün təşkilatı yardım göstərməyə hazırdır.

Qeyd edək ki, artıq aqrar, təhsil, emal, mədənçıxarma, ticarət, turizm sahələrini əhatə edən investisiya təklifləri mövcuddur və bundan sonra təkliflərin icra mərhələsinə keçid etmək lazımdır.

Bununla bərabər Vətən müharibəsində iştirak etmiş və fərqlənmiş gənclərimizin işlə təmin olunmaları Azərbaycan sahibkarlar Konfederasiyasının qarşısında prioritet məsələ kimi durur. Konfederasiya daima üzv olan sahibkarlara bu sahədə məsləhətlər verir və hüquqi yardım göstərir.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq dövlətin sosial tərəfdaşı kimi, təmsil etdiyimiz sahibkarlarla birlikdə həmrəylik nümayiş etdirməklə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və əmin edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacaq və bütün iş adamlarını bu şərəfli və məsuliyyətli işdə yaxından iştirak etməyə çağırırıq.

Müraciət Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin

22 fevral 2022-ci il tarixli iclasında qəbul edilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi