Bir zamanlar bazarı araşdırırdılar, indi isə ölkəni idarə edirlər - SİYAHI
2018-ci ildən etibarən uzun müddət yüksək vəzifələrdə çalışmış məmurlar öz yerlərini gənc kadrlara ötürməyə başladılar. Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovun istefası ilə başlayan proses Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə qədər gəlib çatdı. Düzdür, digər qocaman məmurlardan fərqli olaraq, R.Mehdiyev işsiz qalmadı. Onu nisbətən kiçik, lakin digər mühüm vəzifəyə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçdilər.
Qeyd edək ki, hazırda mövcud olan 100 aparıcı vəzifədən 40-a yaxınını, təqribən 40 faizini gənc kadrlar tutur. Buna qədər ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, dövlət idarəçiliyində çalışmış şəxslər daha çox vəzifələrə təyin olunurdusa, son dövrlər daha çox texnokrat məmurlar irəli çəkilir. Onların arasında vaxtilə maliyyə və özəl sektorda təmsil olunanlar da az deyil.
Son illər Azərbaycanda yeni inkişaf edən sahələrdən biri də marketinq sahəsidir. Avropada və digər inkişaf etmiş dövlətlərdə bu sahə əsrlərdir mövcud olsa da, Azərbaycanda marketinq müstəqillik illərindən sonra, xüsusən son dövrlər təşəkkül tapmağa başladı. Təsadüfi deyil ki, hazırda yüksək vəzifələrə irəli çəkilən məmurlar arasında marketoloqlar, daha dəqiq desək, marketinq mütəxəssisləri də yer alır.
Hokm.az vaxtilə marketoloq və marketinq mütəxəssisi kimi çalışmış yüksək vəzifəli məmurlarıın siyahısını təqdim edir.
Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyev əmək fəaliyyətinə marketinq mütəxəssisi olaraq başlayıb. Ali məktəbi bitirdikdən sonra müxtəlif özəl şirkətlərin strateji inkişafına məsul olan gələcək PA rəhbəri sonradan yolunu İqtisadi İnkişaf Nazirliyindən salıb. Bu nazirlikdə Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsini daşıyıb. 2009-2013-cü illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsini tutub.
2016-cı ildən isə daha yüksək vəzifələrə təyinat alıb. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru, sonradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləyib. 2019-cu ilin noyabr ayından isə Prezident Adminstrasiyasının rəhbəri olaraq məsul vəzifəyə irəli çəkilib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev Prezident seçkilərində “İlhamla İrəli” şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində marketinq qrupunun rəhbəri olaraq çalışıb. Buna qədər isə diplomatik fəaliyyətlə məşğul olub.
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe, Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb. 2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru olaraq fəaliyyət göstərib.
Gənclər və İdman naziri Fərid Qayıbov da vaxtilə marketinq mütəxəssisi vəzifəsində işləyib. 2003-cü ildə Azərbaycan Gimnastika Federasiyasının əvvəlcə marketinq, ardınca (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib. 2005-сi ildən 2006-cı ilə kimi AGF-nin baş meneceri, daha sonra federasiyasının baş katibi postunu tutub. Ayrı-ayrı vaxtlarda paytaxt Bakıda keçirilən üç Avropa çempionatının Təşkilat Komitəsinə rəhbərlik edib. Paralel olaraq Beynəlxalq Gimnastika Federasiyasına rəhbərlik edən F.Qayıbov dörd aya yaxındır ölkədə gənclər və idman siyasətinin həyata keçirilməsinə rəhbərlik edir.
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun ilk iş yeri marketinq mütəxəssisi vəzifəsi olub. “Boğaziçi” Universitetinin “Biznesin idarə olunması” fakültəsinin məzunu olan gələcək ASC sədri “Bakcell” şirkətində bu vəzifəni daşıyıb. Ardınca “Agro Dairy” MMC-də direktoru, daha sonra “PAŞA Construction” tikinti şirkətinin direktor müavini, “Port Baku Towers”in baş direktoru, “Bravo” supermarketlər şəbəkəsinin baş direktoru vəzifələrində çalışıb. Yola saldığımız 2021-ci ildə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsində Əhməd Əhmədzadəni əvəz edib.
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov “İctimai” Televiziya və Radio Yayımları Şirkətində baş direktorun köməkçisi və şirkətin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru olub. Eyni zamanda “Azbentonit” MMC-də texniki istehsalat şöbəsinin rəisi, Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi, “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, “Eurovision Mahnı Müsabiqəsi Bakı 2012”-nin kommunikasiya meneceri, Heydər Əliyev Fondunun şöbə müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri, nazirin müşaviri vəzifələrində çalışıb.
Milli Məclisin üzvü Nigar Arpadarai deputat seçilənə qədər uzun müddət “Formula 1” Azərbaycan Qran Prisinin Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri və mətbuat katibi vəzifəsində çalışıb. Buna qədər isə Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyində, Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyində, “Azerfon” şirkətində marketinq mütəxəssisi işləyib.