azia.az
azia.az

“Qardaşının adını de, deyim kimsən” – Azərbaycanda məmur qardaşların SİYAHISI

3-01-2022, 10:04

“Qardaşının adını de, deyim kimsən” – Azərbaycanda məmur qardaşların SİYAHISI
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəisi təyinatı olub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu posta Məmməd Aslan oğlu Abbasbəyli təyin olunub. M.Abbasbəyli bu təyinatadək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Məmməd Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşıdır. Bununla da Azərbaycanda yüksək vəzifə daşıyan məmur qardaşların sayı artıb.

Hokm.az mövzunun aktuallığını nəzərə alaraq, dövlət idarəçiliyində mühüm postlar tutan məmur qardaşlarla bağlı araşdırma aparıb.

Başlayaq elə Abbasbəyli qardaşlarından. Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli 2004-cü ildə karyera yolunu sığorta sektorundan salıb və “Standard Insurance” sığorta şirkətində baş hüquqşünas kimi əmək fəaliyyətinə başlayıb. Bu şirkətin Departament rəhbəri, İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrini tutub. Ardınca “Toyota Baku” və “Beyli Group” şirkətlərinin baş direktoru, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifələrində çalışıb. Son təyinata qədər isə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri işləyib.

Məmməd Abbasbəyli isə ABŞ-nın Corc Vaşinqton Universitetini bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə ABŞ-nın Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, daha sonra firmanın Bakı ofisində işini davam etdirib. 2004-cü ildən “Azpetrol International Holdings B.V.”də, “EUPEC Pipe-Coatings LLC” və “BP Group” kimi bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrini tutub. Azərbaycan Alpinizm Federasiyasının prezidenti, İqtisadiyyat nazirinin müşaviri, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini olub. Eyni zamanda, Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvüdür.

Ölkəmizin aparıcı holdinqlərindən olan “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımovun qardaşı Balakişi Qasımov İctimai Televiziyanın baş direktorudur. Qardaşların xalası oğlu isə İqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Cəlal Qasımov İngiltərədə “Warwick Business School”da MBA proqramı üzrə məzun olub. “Azpetrol” şirkətində Vergi planlaşdırılması və büdcə nəzarəti departamentinin direktoru, maliyyə direktoru və Direktorlar Şurasının sədr müavini, “Bank of Baku”da İdarə Heyəti Sədrinin müşaviri və İdarə Heyətinin sədri, “Unibank”da icraçı direktor, “PASHA Holding”də Baş icraçı direktorun müavini, Bankinq Qrupun (Banking Group) rəhbəri vəzifələrində çalışıb. Balakişi Qasımov isə “Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçusu, Azərbaycanda “Nə? Harada? Nə zaman?” oyununun aparıcısı və baş prodüsseri, GameTV.az prodüser mərkəzinin rəhbəri, eyni zamanda Breyn rinq üzrə Azərbaycan çempionu, Anar Əzimovun komandasında üç dəfə Cənubi Qafqaz çempionu olub.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin qardaşı Adil Əliyev Milli Məclisin sədr müavini və Parlamentin Gənclər və idman komitəsinin sədridir. Məhərrəm Əliyev paytaxtın Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 14 il Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. Son təyinata qədər isə Azərbaycanın Tacikistanda səfiri, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, Ədliyyə nazirinin müavini postlarını tutub. Adil Əliyev isə əmək fəaliyyətində polis sistemində başlasa da, polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. 2005-ci ildən Milli Məclisin üzvü və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti olub. Hazırda bu federasiyanın fəxri rəhbəridir.

Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov Maliyyə nazirinin müavinidir. Ceyhun Bayramov “Omni” hüquq şirkətinin rəhbəri, Təhsil Nazirliyi aparatının rəhbəri, Təhsil nazirinin müavini və Təhsil naziri vəzifələrində çalışıb. Azər Bayramov isə Baş Dövlət Vergi Müfəttişliyinin “Beynəlxalq vergiqoyma”, “İri vergi ödəyiciləri ilə iş üzrə” idarələrinin rəisi olub. Maliyyə Nazirliyinin “Vergi Siyasəti və Gəlirlər” Baş İdarəsinin rəisi postlarını tutub.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovun qardaşı Malik Həsənov Milli Məclisin deputatıdır. Kərəm Həsənov uzun müddət Əmlak məsələləri Dövlət Komitəsinin sədri işləyib. Malik Həsənov isə üçüncü çağırışdır Cəlilabad seçicilərini ali qanunverici orqanda təmsil edir. Uzun müddət bizneslə məşğul olub. “Azinko Holdinq”in təsisçisi və direktoru olub. Bu gün də qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iddia edilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Milli Məclisin deputatıdır. SSRİ xalq deputatı, daha sonra Azərbaycanın millət vəkili olan Şeyx 42 ildə yaxındır ki, Qafqazın dini lideridir. Cavanşir Paşazadə isə uzun müddətdir Milli Məclisin üzvüdür. Hazırda Parlamentin İctimai birliklər və dini qurumlar və Aqrar siyasət komitələrinin üzvüdür.

Mikayıl Mirzəzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi