Nazarbayevdən yeni xəbər var
İki həftədən artıqdır yoxa çıxmış, haqqında dəqiq məlumat olmayan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin harda olduğu məlum olub.
Belə ki, keçmiş prezident yanvarın 2-dən 3-dək doğulduğu Almatı yaxınlığındakı Şamalqan kəndində olub, bundan sonra Qırğızıstan üzərindən BƏƏ-yə uçub.
Xəbərə görə, bu barədə “Moskovski Komsomolets”ə Nazarbayevin həmkəndliləri məlumat verib.
“Nazarbayev Yeni ildən sonra buraya gəldi, bir müddət əvvəl Almaniyada əməliyyat olunan xəstə qardaşı Bolatı ziyarət etdi, sonra onu İsrailə apardılar. Daha sonra Şamalqana qayıtdı. Nursultan o günlərdə ailəsi ilə böyüklərimizin yanına yığışmışdı. Görüş keçirildi. Bildiyimə görə, o zaman Nazarbayev ailəsinin bəzi üzvləri ilə birlikdə zirehli maşınlara minib Qırğızıstan sərhədinə doğru gedib. Onları orada qarşılayıb, hava limanına aparıblar, oradan da Birləşmiş Ərəb Əmirliklərinə uçublar", deyə kənddə inzibati vəzifə tutan rus nəşrinin mənbəsi bildirib.
Şamalqan kəndi
Başqa bir kənd sakini əlavə edib ki, etirazlar zamanı bir müddət poliklinika kimi “gizlənən” yerli mədəniyyət ocağı kəndi qoruyanların toplaşdığı qərargah olub. Etirazçıların gəlmədiyi kəndə mühafizəçilərin nəyə görə lazım olduğu məlum deyil.
Kənd sakinləri etirazları müzakirə etməyə hazırdırlar, lakin Nazarbayev haqqında danışmaqdan çəkinirlər. “Başa düş, Nazarbayev daha heç kimin vecinə deyil”, deyə yerli sakin izah edib, - mitinqlərdə “Qoca, get!” şüarları səslənirdi. Nazarbayev də getdi. Hamı sakitləşdi. Onun hara getdiyi heç kəsin vecinə deyil. Əsas odur ki, etirazçıların xahişini yerinə yetirdi”.
Nəşrin jurnalistlərinin gəldiyi qəbiristanlığın gözətçisi deyib ki, Nursultan Nazarbayev “yanvarın 2-3-də gəldi, sonra getdi... Bəli, sağdır, əlbəttə. Onunla bağlı hər şey yaxşıdır. Əgər onun məzarını burada axtarmağı düşünürsənsə, cəhd etmə. Gizli dəfn mərasimləri olmayıb. Bəli, biz heç kimi gizli dəfn etmirik. Onların ailəsindən dəfn edilən sonuncu şəxs Nazarbayevin gəlini, qardaşı Bolatın arvadı olub... Mən Nazarbayevi şəxsən görməmişəm. Amma görənlər onun normal olduğunu bildiriblər. Kortej, təhlükəsizlik, hər şey həmişəki kimi onun yanında idi.
Nazarbayevin Qırğızıstana gedə biləcəyini soruşduqda, kişi cavab verib ki, “nəzəri olaraq kənddə də qala bilərdi. Çünki bizdə heç bir qırğın-filan olmayıb. Amma indi burada olsaydı, inanın ki, hamı bilərdi.