Şuşada “Zəfər parkı” salınmalı və “Zəfər heykəli” ucaldılmalıdlr
Şuşada “Zəfər parkı” salınmalı və “Zəfər heykəli” ucaldılmalıdlr
Təbriz Vəfalı: "Şuşanın tarixi şöhrətinin yenidən bərpası üçün "Şuşa ili"ndən maksimum dərəcədə yararlanmaq lazımdır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ili ölkəmizdə «Şuşa ili» elan edib. Dövlət başçısı bununla bağlı deyib: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.
Bəs “Şuşa ili”ndə hansı tədbirləri reallaşdırmaq, hansı layihələri icra etmək olar ki, bu ili dövlətimiz və Azərbaycan xalqı üçün uğurla başa vuraq?
Şuşada aqrar iqtisadiyyatın inkişafı üçün kifayət qədər potensial imkan var
Azərbaycan İnformasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru Təbriz Vəfalı bildirir ki, Şuşanın tarixi şöhrətinin yenidən bərpası üçün “Şuşa ili”ndən maksimum dərəcədə yararlanmaq lazımdır. Bunun üçün ilk öncə Şuşa şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları hazırlanmalıdır. Daha sonra adıçəkilən məkanın respublikamızın əsas iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi üçün bütün potensial imkanlardan maksimum istifadə edilməlidir: “Məlum olduğu kimi, Şuşa tarixən heyvandarlıq, quşçuluq, əkinçilik, meyvəçilik, toxuculuq, ipəkçilik və digər sahələr baxımından çox populyarlıq qazanıb. Oradakı münbit torpaqlar kənd təsərrüfatına həmişə yararlı olub. Ona görə də Şuşada aqrar iqtisadiyyatın inkişafı üçün çoxşaxəli fəaliyyət planlarını həyata keçirtmək mümkündür. Sözügedən ərazidə iri fermer təsərrüfatlarının yaradılması üçün çox əlverişli mühit və şərait mövcuddur. Şuşada aqrar sahənin inkişafına marağı artırmaq üçün tenderlər keçirtmək də olar. Bunun üçün suvarma ilə bağlı problemlərin çözülməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, digər məsələlərin həlli üçün isə İqtisaidyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir. Şuşada toxuculuğun, ipəkçiliyin və digər sahələrin inkişaf etdirilməsi üçün yeni müəssisələrin, fabirk və zavodların tikintisi məsələsinə də xüsusi diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, yeni açılacaq müəssisələrdə Şuşada yaşayan və yaşayacaq insanlar işlə təmin edilsinlər. Üstəlik, həmin şəxslərin müxtəlif peşə fəaliyyəti ilə məşğul olmaları, həmçinin bu sahədə nəzəri və praktik təcrübə toplamaları üçün peşəkar mütəxəssislərin iştirakı ilə kurslar, təlimlər təşkil olunmalıdır. Bunlardan əlavə, Şuşa şəhərində istehsal olunacaq mal və məhsulların pərakəndə və topdansatışı üzrə iri bazarların, marketlərin açılması kimi məsələlər də öz həllini tapmalıdır”.
Baş redaktor əlavə edir ki, işğal edilməmişdən əvvəl Şuşada 17 məhəllə bulağı da mövcud olub. Onun dediyinə görə, həmin bulaqların və onların su təminatının yenidən bərpası, yeni bulaq mənbələrinin axtarışı istiqamətində də müəyyən işlər görmək olar: “Bundan əlavə, Şuşadakı təbii bulaqların suyundan və digər keyfiyyətli və müxtəlif müalicə əhəmiyyətli mineral sulardan istifadə etməklə qablaşdırılmış su istehsalını da həyata keçirtmək mümkündür. Şuşada bitən və vaxtilə tibbi sahədə geniş istifadə olunmuş çiçəklərin, müxtəlif dərman bitkilərinin, onların köklərinin və toxumlarının satışının və istifadəsinin təşkili də çox faydalı olacaq”.
Şuşada Şərq musiqi alətləri fabrikinin fəaliyyəti bərpa edilməlidir
Mərkəz rəhbəri qeyd edir ki, Şuşa şəhəri işğal edilməmişdən əvvəl Qafqazda yalnız adıçəkilən şəhərdə Şərq musiqi alətləri fabriki fəaliyyət göstərib. Onun sözlərinə görə, bu fabrikin istehsal etdiyi məhsullar təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da kifayət qədər tanınıb: “Şuşada belə bir fabriki yenidən bərpa etmək, yaxud, yeni musiqi alətləri fabriki tikdirmək olar. Bu, həm mədəniyyətimizin inkişafına böyük töhfə verər, həm Şuşanın musiqi alətlərimizin istehsalı mərkəzi kimi də dünya ictimaiyyətində tanınması yönümündə geniş təbliğatın aparılmasına xidmət edər, həm də musiqi alətlərinin satışından əldə olunacaq gəlirlər müəyyən sayda ailələrin sosial rifahının yaxşılaşdırılmasını təmin etməklə yanaşı dövlət büdcəsinin zənginləşməsində də mühüm rol oynayar”.
Şuşanın memarlıq şöhrəti özünə qaytarılmalıdır
Tanınmış jurnalist xatırladır ki, Şuşa şəhəri özünün xüsusi memarlıq və dizayn-qrafika üslubları, müxtəlif memarlıq simvolları, həmçinin tarixi və mədəni abidələri ilə də məşhur olub. Onun sözlərinə görə, Şuşa qalası, qaladaxili qəsrlər, Qarabağ xan sarayı və digərləri Şuşanın memarlıq tarixini özündə ehtiva edən tikililər sırasında idi: “Tarixi faktlardan məlum olur ki, Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin olub. Orada 549 qədim bina, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları, Şuşa kurqanı və sair olub. Bundan əlavə, həmin şəhərdə 72 mühüm sənət və tarixi abidə, dövlət xadimlərinin və tanınmış şəxslərin evləri var idi. Şübhəsiz ki, Şuşa işğal edildiyindən sadaladıqlarım arasında salamat qalanları demək olar ki çox azdır. Xüsusilə də ermənilər tərəfindən məscidlərdən tövlə, anbar və digər məqsədlərdən ötrü istifadə olunması, sənət və tarixi abidələrin dağıdılması və ya erməniləşdirilməsi və digər hərəkətlər Şuşanın memarlıq şöhrətinin tamamilə məhvinə yönəldimiş məkrli və çirkin niyyətlə həyata keçirilmiş siyasətə xidmətə edib. Bu səbəbdən Şuşanın memarlıq şöhrətinin özünə qaytarılması üçün də müvafiq addımlar atılmalıdır. Əgər yuxarıda haqqında danışdığımız abidələrin, qədimi tikililərin bərpası mümkündürsə, bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bunlardan əlavə, Şuşada bərpası mümkün olmayan abidələrin, memarlıq və sənət əsərlərinin oxşarlarının yaradılması varinatı barədə də düşünmək olar. Məsələn, Ağdam şəhəri işğal olunduğundan bu şəhərin məşhur «Çay evi»nin oxşarı Quzanlı qəsəbəsində qurulmuşdu. Şuşada da analoji addımları atmaq və tariximizin canlı salnamələrinin maketlərini hazırlamaq olar. Şuşada tarixi-diyarşünaslıq muzeyinin yaradılması da maraqla qarşılanar. Orada Şuşaya aid tarixi eksponatların, həm qədim döyüş silahlarının nümünələrinin, həm də şəhərin işğaldan azad edilməsində istifadə edilən silah-sursatların maketlərinin olması bu muzeyə təşrif buyuran hər kəsin marağına səbəb ola bilər”.
Kurortların və turistlik məkanlarının bərpasına diqqət artırılmalıdır
Mərkəz rəhbəri vurğulayır ki, Şuşa şəhəri həm işğal edilənədək, həm də işğaldan sonrakı dövrlərdə də özünün əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti ilə turistləri həmişə özünə cəlb edib. Onun dediyinə görə, işğaldan azad edilənə qədər ermənilər bu şəhərə təşkil olunan turistlik səfərlərindən xeyli gəlir əldə ediblər: “Bəzi məlumatlara görə, ermənilərin «Şuşi» adlandırdıqları şəhərə təkcə Ermənistandan deyil, xarici ölkələrdən də xeyli sayda turist gəlib. Onlar bununla bağlı sosial şəbəkələrdə məlumatlar, fotoşəkillər və videolar paylaşıblar. Hazırda Şuşa tamamilə bizim nəzarətimiz altındadır. Bu səbəbdən, Şuşanı kurort və turist şəhəri kimi tanıtmaq üçün də bütün imkanlardan istifadə edilməlidir. Vaxtilə adıçəkilən məkanda fəaliyyət göstərmiş kurortların və turistlik məkanlarının bərpasına diqqət artırılmalıdır. Şuşanın gəzməli, görməli yerlərindən olan Yuxarı Daşaltı adlanan məkana, «Üçmıx» dağına, Daşaltı çayına və digər ərazilərə turistlik səfərlərinin təşkilinə başlanılmalıdır. Digər tərəfdən, turistlərin Şuşa qalasını, Şuşa kurqanını və digər tarix-memarlıq abidələrini ziyarət etmələrinə də şərait yaradılmalıdır. Şübhəsiz ki, Şuşada turizm iqtisadiyyatının inkişafı dövlət büdcəsinin zənginləşdirilməsində mühüm rola malik olacaq”.
“Şuşamızı tanıyaq” devizi ilə tur-aksiyalar, ekskursiyalar təşkil olunmalıdır
Baş redaktor deyir ki, işğal edilənə qədər Şuşa şəhərinin təhsil sistemi Azərbaycanın təhsil sistemində oynadığı özünəməxsus rolu və tutduğu xüsusi çəkisi ilə həmişə fərqlənib. Bu şəhərdə vaxtilə fəaliyyət göstərən musiqi məktəbləri, texnikumlar və digərləri ölkəmizin təhsilinə böyük töhfələr veriblər: “Respublikamızın populyar insanları, ziyalıları arasında Şuşa təhsilinin yetişdirmələri də kifayət qədər olub. Bu şəhərdə fəaliyyət göstərmiş musiqi məktəblərində vaxtilə təhsil almış şəxslərdən də tanınmışları çoxdur. Ona görə də Şuşa şəhərinin təhsil sisteminin yenidən qurulması, təkmilləşdirilməsi yönümündə də addımlar atılmalıdır. Bu şəhərdə musiqi məktəblərinin, texnikumların, kolleclərin, elmi-tədqiqat mərkəzlərinin və ali təhsil müəssisələrinin filiallarının yaradılması mütləq vacibdir. Bunlardan əlavə, Şuşanın qədim və müasir tarixinin orta təhsil müəssisələrində geniş təbliğatı üçün “Şuşamızı tanıyaq” devizi ilə tur-aksiyalar təşkil olunmalı və bu tədbirlər çərçivəsində respüblikamızın ayrı-ayrı məktəblərində təhsil alan şagirdlər Şuşaya ekskursiyalara aparılmalıdır. Sonrakı mərhələdə şagirdlər arasında Şuşaya aid rəsm və inşa müsabiqələri keçirtmək də maraqlı olar. Bu şəhərin milli simvolu olan «Xarı Bülbül» devizi ilə musiqi festivallarının, muğam müsabiqələrinin, milli rəqs yarışmalarının keçirilməsi də Şuşamızın Qafqazın mədəniyyət beşiyi kimi mövqeyinin qorunub saxlanmasında yardımçı olar”.
Şuşa qələbəsinin canlı salnamələri hazırlanmalıdır
Mərkəz rəhbəri diqqətimizə çatdırır ki, Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixi qələbəsidir və bu qələbəni canlı salnamələrlə yaşatmalıyıq. Bunun üçün isə Şuşada yeni abidə və heykəllərin qurulmasına ehtiyac var: “Təklif edirəm ki, orada bu şəhərin ümumi mənzərəsini özündə əks etdirən “Şuşa abidəsi” qoyulsun. Eyni zamanda böyük zəfərimizin nişanəsi və simvolu olaraq Şuşada “Zəfər heykəli” qurulsun. Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı şəhid olmuş hərbçilərimizin xatirəsini əbədiləşdirmək üçün “Şəhidlər abidə-kompleksi”nin, yaxud, “Şəhidlər bulağı”nın yaradılması da vacibdir. Şuşanın mərkəzində “Zəfər parkı”nın salınması, orada şanlı zəfər tariximizdə xidmətləri olanların hər birinin fotoşəklindən və qısaca tərcümeyi-halından ibarət lövhələrin asılması da məqsədəmüvafiq sayıla bilər”.
Qələm əhli və yaradıcı insanlar bütün imkanlarını səfərbər etməlidirlər
Təbriz Vəfalı vurğulayır ki, “Şuşa ili”ni uğurla başa vurmaq üçün jurnalistlər, yazıçı-şairlər, yaradıcı insanlar da öz bacarıqlarını ortaya qoymalıdırlar. Baş redaktor qeyd edir ki, Şuşa haqqında sənədli və bədii filmlərin çəkilməsi, məqalələrin və kitabların yazılması, videosüjetlərin hazırlanaraq ictimaiyyətə çatdırılması və sair tədbirlər də həyata keçirilməlidir: “Bu məsələdə stimul yaratmaq üçün mətbuat nümayəndələri arasında Şuşaya həsr olunmuş müsabiqələrin keçirilməsi, kitabların yazılması üçün isə qələm əhlinə maddi dəstəyin göstərilməsi mühüm əhəmiyyətə malik olacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən ölkə vətəndaşları arasında Şuşaya aid memarlıq və digər sənət nümunələrinin hazırlanması üzrə müsabiqələrin təşkili, eyni formalı müsabiqənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillər arasında keçirilməsi də maraq doğura bilər”.
Analoq.az