Bayram Səfərov: “Özbaşına deyiləm ki, Şuşada ev tikdirim”
"Şuşada gedən bərpa və yenidənqurma işlərindən xəbərim var. Şuşaya gedəndə orada aparılan işlərlə yaxından tanış oldum, bərpa işləri sürətlə davam etdirilir”.
Bu sözləri Şuşanın icra başçısı Bayram Səfərov deyib. O xatırladıb ki, müharibədən sonra Şuşada yerləşən ata evini tapıb:
"Gedib evimizi ziyarət etdim, baxdım. Dağılıb... Bərpa etməyi arzulayıram. Göstəriş necə verilərsə, ona uyğun bərpa edəcəyəm. Bilirsiniz ki, Şuşanın planı hazırlanıb, özbaşına deyilik ki, istədiyimiz kimi haranı isə qurub düzəldək, nə isə tikək. Ali Baş Komandanımız Şuşanın bərpasına çox önəm verir, müvafiq tapşırıqlarını verib, o qədər zəhmət çəkilib. El necə, mən də elə... Məsləhət nə olsa, ona uyğun işimizi görəcəyik.
Şuşaya gedəndə ən təsirləndiyim elə torpağımı yenidən görməyim oldu. Ən gözəl iş Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi idi. Dağıntılar var. Nə edək?! Hamısı erməni vandalizminin sübutudur. Əsas odur ki, torpaqlarımızı geri qaytardıq, özümüz də bərpa edəcəyik”.
İcra başçısının sözlərinə görə, artıq şuşalılar doğma yurdlarına qayıtmaq istəyirlər:
"Amma onların istəyi ilə deyil ki... Orada yaşamağa şərait olmalıdır, uşaqların məktəbdə oxumağı üçün təhsil müəssisələri qurulmalıdır, tibb xidməti təmin edilməlidir, bütün vacib işlər görülməlidir. Ölkə rəhbəri nə zaman qərar qəbul edərsə, əhalinin Şuşada yeni tikilən evlərdə məskunlaşması üçün şərait olacaqsa, onda şuşalılar ora köçəcəklər”.
Şuşa şəhərinin açıq muzey olduğunu vurğulayan Bayram Səfərov bərpa-quruculuq işləri ilə bağlı təkliflərini də səsləndirib:
"Mən istərdim ki, görkəmli şəxsiyyətlərimizin oradakı ev muzeyləri, digər mədəniyyət nümunələri elə bərpa edilsin ki, tarix və müasirlik qovuşsun. Bütün Şuşaya gələn qonaqlar şəhərin qədim tarixini görə bilsinlər və bu günü ilə müqayisə etsinlər.
Sentyabrın 18-i Şuşada Musiqi Günü ilə bağlı yüksək tədbirlər keçiriləcək. Yəqin ki, artıq xarici qonaqlar üçün tanıtım lövhələri qurulub, şəhərimizin ermənilərdən qalan çirkabı təmizlənib, dağıntılar yığılıb. Xarici qonaqların daha gözəl Şuşa ilə qarşılaşacağına inanıram. Dəvət olunsam, mən də festivala qatılacağam”.
/// Modern.az