azia.az
azia.az

Lənkəranda axtardığım məktəb dəftərimi Şuşada tapmaq... – Yol qeydləri

29-12-2021, 16:45

Lənkəranda axtardığım məktəb dəftərimi Şuşada tapmaq... – Yol qeydləri
12.27.2021-ci il, səhər saat 6:00. Bakı Neftçilər prospekti. 70-ə yaxın həmkarla bura toplaşmışıq.


Hamımızı birləşdirən böyük bir səbəb var. Adı Şuşadır bu səbəbin.

ŞUŞA!

Şuşaya gedirik...

Hamı həyəcanlı, sevincli, təlaşlı, fikirlidir.

Elə mən də. Hər kəs kimi mən də qəribə hisslər yaşayıram.

Özümə sual verirəm, doğurdanmı Şuşaya gedirəm?.

Axı mən Şuşanı heç vaxt görməmişəm. Ancaq məktəb vaxtı, orta təhsil aldığım Lənkəranın Şirin su kənd məktəbində oxuyanda müəllimlərimdən adını eşitmişəm başı dumanlı Şuşanın.





Onda bu adı sadəcə eşidir, kitablardan oxuyur, bir də göstərilən kadrlarda görürdüm. İçimdə bir arzu böyüyürdü:

Bir gün Şuşanı görmək qismətim olsun.

Hələ məktəb vaxtından tarixə və xüsusən tarixi abidələrə ayrı bir münasibətim olub.

Həmişə valideynlərimin mənə aldığı dəftərin üzündə ya Qız Qalası, ya Şuşanın tarixi abidələri, ya da Şuşa şəhərinin qala divarlarının görüntüsü olurdu. İllərdi evimizin hər künc-bucağını axtarıb o dəftərlərdən heç olmasa birini tapmaq istəyirəm, tapmıram...

İndi sanki bütün o tarix birləşib məni Şuşaya yola salır...

Qəribə hissdir.

Səhər saat 5-də Qız Qalası yaxınlığından keçərək Şuşaya üz tuturam.

Təsadüfün bu qədəri deyirəm mən ona.

Avtobuslara yaxınlaşıram. Yenə də inanmır və dəqiqləşdirmək üçün soruşuram:

"Qardaş, bilmirsiz, bu avtobuslar Şuşaya gedir?”

Axı mən bu sualı niyə verdim? Halbuki tanıdığım əksər media nümayəndələri həmin avtobusların qarşısında gözləyir.

Nəhayət yola çıxırıq.

Hamı bir-birindən hal-əhval tutur. Hamı bir-birinə yorğun göründüyünü deyir.

Hər kəs də bu suallara eyni və yaxud oxşar cavab verir:

"Vallah, Şuşaya gedəcəyik deyə gecə yatmamışıq”. Bəziləri də deyir: "Birdən yataram, Şuşaya aparan avtobusa çatmaram deyə yatmamışam”.

Yola düşürük. Yollar nəbzimizi tutur deyəsən, ayağımızın altından var gücüylə qaçıb gedir, bizi Şuşaya yaxınlaşdırmağa çalışır.

Füzuli rayonunun Horadiz qəsəbəsinə qədər olan 5 saatlıq yolu hamı deyib-gülür, danışır, Şuşa ilə bağlı həyəcanını bölüşür.

5 saatın sonunda, müzəffər ordumuz tərəfindən işğaldan azad edilən Füzuliyə daxil oluruq.

Və ətrafı böyük bir sükut bürüyür.

Qarşılaşdığımız elə ilk mənzərədən Azərbaycanın igid oğullarının düşmən səngərlərini yararaq torpaqlarımızı hansı əziyyətlə azad etməsinin şahidi oluruq.
Hamı yol boyu ətrafı, minalanmış əraziləri, dağıdılmış evləri, bir sözlə, düşmən tərəfindən viran qoyulmuş rayonu izləyir.

"Zəfər yolu”na çatırıq.

Şuşaya aparan yol, nə mübarək yol!

Hamımız yol boyu uca sıldırımlı dağlara, dərələrə baxır və pıçıldayırıq:

"Görəsən, igid, cəsur qardaşlarımız necə bu sıldırımlı dağları dırmanıb, Şuşaya daxil olublar?”

Birdən sürücümüz avtobusu saxlayır. Bildirir ki, qarşısında gedən avtobusun mühərrikində problem yaranıb. Yenə hamı bir ağızdan deyir ki, Avropa istehsalı olan mikroavtobus bu dağları dırmana bilmir, ancaq bizim cəsur, igid qardaşlarımız görün hansı çətin şəraitdə Şuşanı işğaldan azad ediblər! Halbuki indi Şuşaya hərəkət üçün rahat "Zəfər yolu” çəkilib.

Şuşaya gedən yolun kənarlarında böyük şirkətlər salınıb. Gecə-gündüz çalışaraq, işğaldan azad olunan ərazilərin yenidən bərpası üçün iş aparırlar.
Və Şuşa...

Nəhayət, 7 saatlıq səfərdən sonra Şuşaya çatırıq. Əvvəlcə hər kəs Şuşada salnan "Qoç ət” restoranında media nümayəndələri üçün açılan süfrəyə qonaq edilir. Hamı tələm-tələsik çörəyini yeyir. Çünki gələnlərin hamısı Şuşanı gəzmək istəyir.

Axı vaxt azdır. Həm də Şuşanın yolları gecə buz bağladığından qaranlıq düşmədən Bakıya geri qayıtmalıyıq.

Bu səfərə sanki Şuşanın hər tərəfini gəzməyi yerləşdirmək istəyirik. Kim bilir Şuşa bir də nə vaxt qismətimiz olar.

Şuşa səyahəti başlayır. Əvvəlcə Cıdır düzünə gedirik. Hər kəs əlində kamera özünü çəkir, bu səfəri yaddaşına köçürməyə çalışır.

Mən Cıdır düzü deyəndə ağlıma "Yallı” rəqsini gətirirəm.

Sanki hər tərəfdən "Şuşada Cıdır düzündə yallı gedir, Zəngəzura yol çəkirdirdin. Nə oldu, Paşinyan?” – kəlmələri eşidilir.

Eynən bu dəfə də elə olur.

Birdən media nümayəndələri təklif verir:

"Gəlin, biz də Cıdır düzündə yallı gedək”.

Bu təklifə hamı bir ağızdan "hə” deyir və birləşərərk yallı getməyə başlayır.

Hamı xoşbəxtdir. Axı bura Şuşadır, axı bura Cıdır düzüdür.

Sərin və mehli olmasına baxmayaraq, heç kim Cıdır düzündən çıxmaq istəmir. Amma vaxt azdır, Şuşanın başqa gəzməli və görməli yerləri ilə də tanış olmalıyıq.

Növbəti gedəcəyimiz ünvan Vaqifin muzey-məqbərəsi olur.

Bu yerdə onu bildirim ki, bu il avqustun 29-da, Prezident İlham Əliyev Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışını etmişdi. Orda da maraqlı hisslər yaşadıqdan sonra Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddi ziyarət etdik. Məsciddə jurnalistlər namaz qılıb, dualar oxudular.

Daha sonra Şuşada düşmənin viran qoyduğu, taladığı ərazilərə də baxdıq. Demək olar ki, şəhərdə əksər tarixi binalar dağıdılıb. Şuşanın tarixi yolları da viran qoyulub. Amma buna baxmayaraq, Şuşada geniş infrastruktur layihələri icra edilir. Şuşada yenidənqurma qədim memarlıq üslubunda aparılır. Ermənilər təkcə şəhəri deyil, Şuşa qala divarlarını da dağıdıb məhv etməyə çalışıb.

Getdiyimiz sonuncu ünvanımız Şuşanın qala divarları olur.

Mənim səfərimin əsas akkordları da elə Şuşa qala divarları idi.

Qala divarlarını və qapısını görəndə bir anlığa məktəb illərim yadıma düşdü. Kövrəldim, doluxsundım. Özümə sual verdim:

"Görəsən, uşaq vaxtı dəftər üzlüklərimi bəzəyən o rəsmlər bu qala divarlarının idi?”

Bəli, bu həqiqətdir və mən o tarixi şəhərimizin qapısındayam, evimdəyəm. Mən məktəb dəftərimi, uşaqlığımı Şuşada tapdım.

Bu dəfə dəftəri kağız şəkilində deyil, real şəkildə tapdım. O reallıqdan isə uşaqlığıma boylandım, məktəbli özümə, üstü qala rəsmləri ilə bəzədilmiş dəftərimə bir daha qovuşdum.

Şuşa deyəndə hamının ağılına ilk gələcək bu ünvanda şəkil çəkib, özümüzü tarixin yaddaşına köçürdük.

Qeyd edim ki, qala divarlarında da qədim memarlıq üslubunu qorumaq şərti ilə böyük bərpa işləri aparıldığının şahidi olduq.

Şuşaya gedən böyük bir jurnalist komandası olaraq səfərin təşkilatçılığına görə Medianın İnkişafı Agentliyinə (MEDİA) təşəkkür etdik.

Sonda isə "uşaqlıq dəftərimi” Şuşada mənə qaytaran, başda şəhid və qazi qardaşlarımıza, Ali Baş Komandan İlham Əliyev olmaqla müzəffər Ordumuza təşəkkür edirəm. Bu yolda canlarından keçən şəhid qardaşlarımızın ruhları qarşısında baş əyirəm.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi