“Mən nə demişəm ki?! Demişəm ki, Həcər dəfələrlə ərə gedib, onlardan biri də erməni olub” – Sərdar Cəlaloğlu
“Həcərin qohumları tərəfindən hansı rayon məhkəməsinə məndən şikayət edildiyini bilmirəm. Bu barədə mənə özləri məlumat veriblər. İstənilən halda, məhkəmə bu cür şikayəti qəbul edə bilməz. Mən nə demişəm ki?! Demişəm ki, Həcər dəfələrlə ərə gedib, onların biri də erməni olub. Həcərin nəvələri də illər əvvəl intervyularının birində onun Nəbi ilə birgə qaçaq olan bir erməniyə ərə getdiyini təsdiq ediblər. Sonra onu müdafiə edənlər dedilər ki, o, Nəbidən sonra yalnız bir dəfə Əliş adlı kişiyə ərə gedib. Hesab edirəm ki, Qaçaq Nəbi və Həcər barədə məsələlərin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Ötən gün televiziya kanallarınn birində Qubadlıdan olan iki nəfər çıxış edərək bildiriblər ki, Nəbinin adına yazılan bütün qəhrəmanlıqlar, əslində, İsfəndiyar bəy tərəfindən həyata keçirilib. Həmin vaxtlar Əli Əliyevə İsfəndiyar bəyin qəhrəmanlıqlarını sıravı bir sakinin adına yazılması barədə göstəriş verilib”.
Bunu açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, Sovet dövründə belə saxtakarlıqlar çox olub: “Birinin qəhrəmanlıqları ondan alınaraq başqasının adına yazılırmış. Misal üçün, İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən birinin qəhrəmanlıqlarını başqasının adına yazaraq ona “qəhrəman” adı veriblər. Biz xalqa sübut etməliyik ki, çar Rusiyası vaxtında sadəcə kasıb adamlar yox, imkanlı və vəzifəlilər də mövcud hakimiyyətə qarşı mübarizə aparıblar. Bu, bizim üçün üstünlükdür. Əslində, siyasi və ideoloji məsələdir, lakin şəxsi müzakirəyə çevrilib”.
S.Cəlaloğlu qeyd edib ki, onun məqsədi Həcərin və Nəbinin kimliyini ortaya qoymaq deyil, Sovet hökumətinin həmin adamları xalqın idealı kimi təqdim etməsi problemini aradan qaldırmaqdır: “Bəzi adamlar təəssübkeşlik hissi ilə bunu özlərinə qarşı yönəlmiş hərəkət kimi başa düşürlər. Bu yanaşma yanlışdır. Siyasi partiya sədri kimi maarifləndirmə aparmaq, xalqı yeni dəyər və ideallara inandırmaq mənim vəzifəmdir. Sadəcə olaraq, bəziləri mənim vəzifə borclarımı yerinə yetirməyimi şəxsi qərəz hesab edirlər”.
Nəzrin Cavid