azia.az
azia.az

İradə Gülməmmədovanın Masazırdakı nümayəndəsi səlahiyyətlərini qohumuna verib(?)-PREZİDENTƏ MÜRACİƏT

9-12-2021, 20:14

İradə Gülməmmədovanın Masazırdakı nümayəndəsi səlahiyyətlərini qohumuna verib(?)-PREZİDENTƏ MÜRACİƏT
Yenixeber.org: Redaksiyamıza Abşeron rayonu, Masazır kəndi, Y. Məmmədəliyev küçəsi, ev 17 ünvanda yaşayan Həsənov Pəhlivan Nəsib oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və digər yüksək instansiyalara ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Abşeron RİH-in Masazır qəsəbəsi üzrə icra nümayəndəsi Şahlar Həsənovun yaxın qohumu Çingiz adlı şəxs tərəfindən təzyiqlərə məruz qalmasından, yaşam rahatlığının kobud şəkildə pozulmasından və aidiyyatı strukturların anlaşılmaz susqunluğundan bəhs edir. Yenixeber.org olaraq yazıda adları yer alan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
"Hörmətli Prezident!
Yazıb Sizə bildirirəm ki, mən 2009-cu ildə Quliyev Faiq Babasən oğlu adlı şəxsin sahibliyində olan, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 0,10 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsini həmin torpaq sahəsində tikdirdiyi evlə birlikdə 85.000 (Səksən beş min) ABŞ dolları məbləğində almışam. Həmin vaxtdan da ailə üzvlərimlə birlikdə bu evdə yaşayıram. Evin bütün sənədlərini qanun çərçivəsində əldə etmişəm. Yəni, 2018-ci ildə mənim mülkiyyətimdə olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evimə ƏMDK yanında DƏDRX, 4 saylı Abşeron Ərazi İdarəsindən Texniki Pasport və Çıxarış verilərkən mənim torpaq sahəm dəqiqliklə ölçülmüş, nəticədə 0.05 ha deyil, 0.0457 kv.m olduğu göstərilmişdir. Hətta 2019-cu ildə mülkiyyətimdəki torpaq sahəsində oğluma ev tikmək məqsədilə Abşeron RİH-ə müraciət etdim, tikəcəyim evin eskiz layihəsini də verdim. Bütün bunlar Abşeron RİH tərəfindən təsdiq edildi. Ev tikilərkən küçə yolu tərəfdən evin qarşısından həyətə girmək üçün avtomobil yolu açdım. Çünki yük avtomobilləri həmin giriş yolundan istifadə edirlər. Lakin bütün problemlər məhz bundan sonra başladı. Belə ki, bir aydan çox olardı ki, Çingiz adlı şəxs yaxın qohumu olan Abşeron RİH-in Masazır qəsəbəsi üzrə icra nümayəndəsi Şahlar Həsənovun səlahiyyətlərindən və adından istifadə edərək mənim həyətimə açılan dəmir darvazanın qarşısındakı yola gecə saat 0200 radələrində qanunsuz olaraq 2 maşın mişar daşı tökdürüb burada obyekt açacağını bildirdi. Dedi ki, sənin həyətinə giriş qapısı mütləq bağlanmalıdır. Mən buna etiraz edib bildirdim ki, mənim həyətimlə küçə yolu arasında 3 metr enində olan məsafənin 1.5 metri faktiki olaraq mənə məxsusdur və həm də həmin sahədən su xətləri keçir. Ən əsası isə mühafizə zonası və piyada yoludur. Qapımın ağzına tökülən daşlar demək olar ki, gediş-gəliş yolunu tam tutmuş, bu yoldan istifadə edənlər üçün təhlükəli şərait yaratmışdır. Burada hər an qəza və təhlükəli anlar yaşana bilər. Bir sözlə, məktəblilər, yaşlı insanlar və ümumiyyətlə, hər kəs üçün böyük narahatçılıq yaranıb. Tökülən daşların mənim qapımın qarşısından yığışdırılması mütləqdir.
Lakin bütün bunlara baxmayaraq, Çingiz və onun işbaz dəstəsi nəyin bahasına olursa-olsun bu yerdə, məhz mənim evimin giriş qapısının qarşısında obyekt tikiləcəyini israrla bildirdilər. Mən bir işə məəttəl qalmışam ki, bu qədər də haqsızlıq olmaz axı. Halal pulumla ev alıb, səndələrimi də qanuni şəkildə hazırlamışam. Oğlum üçün tikdiyim ev də öz qaydasındadır. Düşünürəm ki, bəlkə də Abşeron RİH rəhbərliyinin bu işbazların əməllərindən xəbəri yoxdur. Çünki ev tikən kəs sözsüz ki, evinə də giriş qapısı qoyub çöldən girməlidir. O ki, qaldı Masazır bələdiyyəsinə, bildiyimiz kimi, bələdiyyələr yerli özünüidarə orqanı olaraq yerli kənd və qəsəbə sakinlərinin bütün sosial və digər problemlərinin həllini, quruculuq və abadlıq işlərin həyata keçirməklə məşğul olurlar. Amma nədənsə Masazır Bələdiyyəsi bu kimi işlərin icrası ilə məşğul olmaq əvəzinə, səlahiyyətlərindən sui-istifadə edərək qanunu pozan bir sıra dələduzlara şərait yaradır. Odur ki, Masazır bələdiyyəsinin mənə qarşı olan qərəzli mövqeyini heç cürə başa düşə bilmirəm. Bildirirəm ki, mən qarşılaşdığım bu haqsızlıq barədə Abşeron Rayon Polis İdarəsinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Masazır Bələdiyyəsinə yazılı surətdə mürəciət etmişəm, lakin bu günədək heç bir tədbir görülməyib.
Hörmətli Prezident!
Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu işi xüsusi olaraq nəzarətə götürüb, pozulmuş hüquqlarımın bərpa olunmasında mənə köməklik göstərəsiniz. İnanıram ki, Siz hər zaman olduğu kimi, ədalət prinsipini əldə rəhbər tutaraq, mənim Sizə olan ümidlərimi doğruldacaqsınız.
Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm".
Redaksiyadan: Müraciətdə adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi