Siyasi icmalçı: “İranın təhdidlərinə boyun əyməyəcəyimizi göstərdik"
“İran rəsmilərinin bəyanatları adətən reallığa uyğun olmur. Başqa sözlə desək, onların əməli ilə sözləri üst-üstə düşmür”.
Bunu “Report”a açıqlamasında siyasi icmalçı, siyasi elmlər doktoru, professor Sabir Məmmədli İran rəsmilərinin son zamanlar Azərbaycan əleyhinə səsləndirdikləri bəyanatları şərh edərkən deyib.
Onun sözlərinə görə, cənub qonşumuz bir tərəfdən Qarabağdakı separatçı rejimin tör-töküntülərinə kömək edir, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir: “İran xarici işlər naziri bu yaxınlarda dedi ki, İran Dağlıq Qarabağ və Ermənistanla əlaqələrini artıracaq. Deməli, reallığı qəbul etmək istəmir. İran rejimi vəziyyəti gərginləşdirməyə, bir növ Azərbaycanı təhdid etməyə çalışır. Biz indiyədək daim qonşuluq münasibətlərinə uyğun davranırdıq. Lakin bu dəfə adekvat cavab verildi. Prezident İlham Əliyev açıq sual verdi ki, niyə Azərbaycan torpaqları işğal altında olanda İran həmin sərhədyanı ərazilərdə təlimlər keçirmirdi? Biz İranın təhdidlərinə boyun əyməyəcəyimizi göstərdik. Bundan sonra İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei təlimlərin qonşu dövlətlərə mesaj xarakterli olması barədə açıqlama verdi. Beləliklə, rəsmi Tehran özünü “dalana salır””.
Professor vurğulayıb ki,Azərbaycanın mövqeyi qətiyyətlidir: “Ona görə də İran rəsmilərinin yumşalma ritorikası gözlənilən idi. Belə açıqlamalar yaxın günlərdə artacaq. Çünki ciddi reaksiya ilə qarşılaşdılar. Tehran, şübhəsiz, geri addım atmalıdır. Onu da deyim ki, İran hakimiyyətinin bəzi qüvvələrdən istifadə edərək daxildə təxribat törətməsi istisna deyil. İran dini liderinin son açıqlaması kimlərisə buna təhrik edə bilər. Bu mənada hüquq-mühafizə orqanlarımız, vətəndaşlarımız diqqətli olmalıdırlar”.