"Anam məni söydü, dedi, bacınla biz bu yolu seçmişik..." – Kabinetdə şok
Bakının Xətai rayonunda 1990-cı il təvəllüdlü Azad Məmmədov qısqanclıq zəminində anası Validəni (ad-soyadlar şərti verilib - red.) qətlə yetirib.
Azia.az Teıegraf.com-a istinadən bildirir ki, Azad 1992-ci il təvəllüdlü bacısı Məlahət və anası Validənin Bakı şəhərində əxlaqsız həyat tərzi sürdüklərini zənn edib. Onları cəzalandırmaq məqsədi ilə 9 mart 2021-ci ildə saat 20 radələrində Lənkəran şəhərindən çıxaraq Bakı şəhərinə yollanıb.
Martın 10-da gecə saat 1 radələrində paytaxtda yerləşən "Məclis" çay evinə gedib, anası Validə ilə eşitdiyi söz-söhbətlə əlaqədar mübahisə edib. O, anasından dəfələrlə bacısı Məlahətin yerini soruşsa da, anasından konkret cavab ala bilməyib.
"Anam və bacım haqqında xoşagəlməz söhbətlər yayılmağa başladı"
Nəticədə saat 1.45-də üzərində gəzdirdiyi bıçağı çıxararaq anasının bədənin müxtəlif nahiyələrinə çoxlu sayda xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən ölüb.
İstintaq orqanı tərəfindən Azadın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azad ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 2007-ci ildə atası vəfat edib: "Anamla 2018-ci ilin sonlarına qədər birlikdə yaşadıq. 1992-ci il təvəllüdlü bacım Bakı şəhərində tək yaşadığı üçün 2018-ci ildən etibarən anam bacımın yanına köçdü. Onların harada yaşadıqlarını bilmədim.
2020-ci ildə təxminən noyabr-dekabr aylarında anam və bacım haqqında xoşagəlməz söhbətlər yayılmağa başladı. Söhbətlərin konkret hansı şəxs tərəfindən yayıldığını bilmirəm".
"Başa düşdüm ki, bacım əxlaqsızlıqla məşğul olub"
Təqsirləndirilən şəxsin sözlərinə görə, bacısı Lənkəranda yaşayan zaman 11-ci sinifdə oxuyarkən Bakı şəhərinə qaçıb: "Həmin vaxt bacımın Bakıda harada qaldığından xəbərim olmayıb. O, ilk dəfə Yusif adlı oğlana qoşulub qaçdı. Lənkərana qayıtdıqdan sonra təxminən 2012-ci ildə Mirzə adlı şəxslə evləndiyini, bir oğlu, bir qızı dünyaya gəldiyini eşitdim.
Bacım təxminən 2018-ci ildə ərindən boşandı. Bundan sonra eşitdiyim söhbətlərə inanmağa başladım. Dəfələrlə bacımla söhbət etdim, telefonunda "İnstagram" sosial şəbəkəsindəki profilinə baxdım, müxtəlif kişilərlə səsli mesajlarına qulaq asdım. Başa düşdüm ki, bacım şəhərdə əxlaqsız hərəkətlərlə məşğul olub, anam bunu bilib, qohumlardan gizlədib".
"Bu biabırçılığa dözə bilmədim"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bacısının başqa kişilərlə görüşünə anasının da şərait yaratdığını düşünüb:
"Dəfələrlə anamdan xahiş etdim ki, bacım bu hərəkətlərə son qoysun, Lənkərana qayıdaraq birlikdə yaşayaq. Lakin anam buna razılıq vermədi. Başa düşdüm ki, anam özü də şəhərdə əxlaqsız hərəkətlərlə məşğul olur. Lakin konkret kimlə, yaxud kimlərlə görüşdüyünü bilməmişəm.
Bu biabırçılığa dözə bilmədim. Çünki kəndimizdə bacıma-anama görə biabır olmuşdum. Bərbər işlədiyim üçün əvvəllər hər gün işlə bağlı yanıma müştərilər gəlirdi. Bu söhbətlər yayıldıqdan sonra yanıma heç kim gəlmirdi. Buna görə çox əzab çəkdim, faktiki olaraq küçəyə çıxa bilmədim".
"Öldürəcəyimi düşündüm"
Azadın sözlərinə görə, 2021-ci il martın 9-da saat 20 radələrində Lənkəran şəhərindən çıxaraq Bakıya gəlib:
"Məqsədim bacımı tapıb, onu Lənkəran şəhərinə qaytarmaq olub. Bacım buna etiraz etsə və əxlaqsız hərəkətlərə davam eləsə, onu öldürəcəyimi düşündüm. Çünki başqa çıxış yolum qalmamışdı. Buna görə Lənkəran şəhərində yaşadığım evdə babamdan qalmış ov bıçağını da özümlə götürdüm.
Təxminən gecə saat 00.30-da "Koroğlu" metrostansiyası yaxınlığında taksidən düşdüm, xalam oğlu Cavidanla əlaqə saxladım. Bildirdim ki, onlara qonaq gəlirəm. Təxminən yarım saatdan sonra Cavidan özünə məxsus avtomobillə arxamca gəldi, məni evinə apardı. Çay içərək söhbət etdiyimiz zaman Cavidan mənə belə işlər görməməyi məsləhət bildi, pul verib geri qayıtmağımı istədi.
Buna etiraz etdim. Cavidana yalandan anam və bacımı götürərək Lənkərana aparacağımı, orada şərait yaradıb, birlikdə yaşayacağımızı söylədim".
"Bacımla görüşmək istədim"
Təqsirləndirilən şəxs deyib ki, Cavidan ona anasının Xətai rayonunda '"Məclis" adlı çay evində gecə növbəsində xadimə işlədiyini deyib: "Cavidanla bir qədər söhbət etdikdən sonra gecə Lənkəran şəhərinə qayıdacağımı dedim, sağollaşaraq taksi ilə '"Məclis" adlanan çay evinə getdim. Yolda anamın mobil telefonuna zəng etdim. Anama bacımla görüşmək istədiyimi dedim.
Anam isə mənə "narahat olma, bacın səni qarşılayacaq" deyərək mobil telefonunu söndürdü. Təxminən saat 1.30-da çay evinin qarşısına gəldim. Yenidən anama zəng edərək orada olduğumu bildirdim. Anam qapını açaraq içəri keçməyimə şərait yaratdı".
"Anam dedi ki, biz bu həyatı seçmişik"
Azadın ifadəsinə görə, çay evinə keçdikdə bacısının orada olmadığını görüb: "Anamdan bacımı soruşdum. "Onun adını tutma, o burada yoxdur" deyərək cavab verdi. Sonra mənim üçün yemək və çay hazırlamaq üçün mətbəxə keçdi.
Anama bildirdim ki, bacım Lənkəran şəhərinə qayıtsın, əxlaqsız hərəkətlərinə son qoysun. Anam mənə kobud cavab verdi. Dedi, bacın yaxşı edir, heç bir yerə qayıtmayacaq, biz bu həyatı seçmişik. Sonra kafedə olan kabinetə girdik. Anam hazırladığı yeməkləri və çayı qarşıma qoydu.
Orada olan kresloda əyləşdim, anam da mənimlə üzbəüz divanda oturdu. Yemək yemədim, yalnız çay içib, anamdan bacımın Lənkəran şəhərinə qayıtmasını, məni biabır etməməyi xahiş etdim".
"Sayını bilmədiyim zərbələr vurdum"
Təqsirləndirilən şəxs qeyd edib ki, bu sözlərdən sonra anası əsəbləşib: "Anam ayağa duraraq məni və rəhmətlik atamı ağır söyüşlərlə təhqir etməyə başladı. Mən də həyəcanlı vəziyyətdə yerimdən qalxdım, şalvarımın kəmər yerinə keçirdiyim bıçağı çıxararaq anamın qollarına və döş qəfəsinə zərbələr vurmağa başladım. Hirsimi çıxarmaqdan ötrü sayını bilmədiyim qədər çoxsaylı zərbələr endirdim.
Bir neçə dəfə vurduqdan sonra anam yerə yıxıldı. Bundan sonra qismən sakitləşdim. Daha onu vurmadım. Əllərimi qanını stolun üstündə olan salfetka ilə sildim, bıçağı yenidən şalvarımın kəmər yerinə qoyaraq kabinetdən çıxdım. Çıxanda stolun üstündə olan "Red bul" içkisini də özümlə götürdüm".
Azadın ifadəsinə görə, yoldan taksi tutaraq "20 Yanvar" metrostansiyasının yaxınlığına gedib, taksi tutaraq Lənkəran şəhərinə qayıdıb".
"Evlərə gedərək təmizlik işi ilə pul qazandıq"
Cinayət işi üzrə təqsirləndirilən şəxsin bacısı Məlahət bildirib ki, 2008-ci ilə qədər Lənkəran şəhərində yaşayıb:
"Atam vəfat etdikdən sonra 2010-cu ildə Lənkəran şəhərində ailə qurmuşam. Birgə nikahdan 2 azyaşlı övladım var. 2018-ci ildə ərimdən qeyri-rəsmi olaraq boşanmışam, həmin vaxtdan qızımla ayrı yaşayıram, oğlumu isə ərim saxlayır. 2018-ci ildə anama bildirdim ki, Bakı şəhərinə köçsün, burada yaşayaq. Anam razılaşdı. Bakı şəhərinə köçərək kirayə ev tutduq, orada qalmağa başladıq.
Həmin vaxtdan anam və özüm müxtəlif kafe-restoranlarda aşpaz, təmizlikçi işlədik. Lakin COVİD-19 pandemiyası səbəbindən restoranlar fəaliyyətini dayandırdıqdan sonra bir müddət işsiz qaldıq.
Həmin ərəfədə sifarişlə yaşayış evlərinə gedərək evi təmizləməklə pul qazandıq. Daha sonra restoranların fəaliyyətinə icazə verildi. Anam əvvəl bir neçə restoranda işləyib, ölümündən əvvəl son 2 ayı isə "Məclis" çay evində xadimə işləməyə başlayıb".
"Qardaşım məni əxlaqsızlıqda ittiham etdi"
Məlahətin bildirdiyinə görə, anası gecə növbəsi təmizlikçi işlədiyi üçün axşam təxminən saat 20:00-da işə gedir, səhər tezdən evə gəlirdi: "2018-ci ildə ərimdən qeyri-rəsmi ayrıldıqdan sonra qardaşım Azad mənə düşmən kəsildi. Mənimlə yola getmədi, məni əxlaqsızlıqda ittiham etdi. Mən isə dəfələrlə qardaşıma bildirdim ki, boşanmaq o demək deyil, əxlaqsızlıq edirəm. Lakin qardaşım məni heç cür qəbul etmədi.
Ümumiyyətlə, Azad xaraktercə yalan danışan, yalanlar uyduraraq insanları inandıran biridir. Eyni zamanda aqressiv və əsəbi insandır. Onunla normal söhbət etmək çətin məsələdir. 2018-ci ildən onunla nə canlı, nə də telefonla danışmışam..."
"Bildirdim ki, Azada etibar yoxdur"
Məlahətin ifadəsinə görə, 10 mart 2021-ci ildə, axşam gecə anası ona zəng edib və Azadın barışıq üçün Bakıya gəldiyini deyib: "Mən anama bildirdim ki, Azada etibar yoxdur, onunla görüşməyə dəyməz. Anam cavab verdi ki, mənim yaşadığım ünvanı Azada deməyəcək, qoy gəlib iş yerində onunla söhbət etsin, görsün Azadın məqsədi nədir.
Anam həmin gecə Azadla "Məclis" çay evində görüşdü. Səhər saatlarında Azadla görüşüb-görüşmədiyini öyrənmək üçün anama zəng etsəm də, telefonu açan olmadı".
"Bildirdilər ki, içəri keçmək olmaz"
Məlahət qeyd edib ki, bundan sonra narahat olub: "Səhər saat 11 radələrində mənə polislər zəng etdilər. Bildirdilər ki, anam "Məclis" çay evində yıxılıb, gəlim ora. Çay evinə çatdıqda gördüm ki, orda çoxlu polis əməkdaşları var. Mənə bildirdilər ki, içəri keçmək olmaz, anama tibbi yardım göstərirlər. Sonradan bildim ki, qardaşım anamı bıçaqla qətlə yetirib".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Azad 16 il müddətinə azadlıqdan məhrum edilib.