Lənkəranskinin yaxın adamı azadlıqda: Kriminal dünya yenidən qarışa bilər (FOTO)
Rusiyada həbsdə olan azərbaycanlı "qanuni oğru” Ülfət Tağıyev (Rufo Gəncinski) azadlığa çıxıb.
Azia.az xəbər verir ki, Rufo Gəncinskinin vəkili sosial şəbəkələrdə onun həbxanadan çıxma anının görüntüsünü paylaşıb.
Ülfət Tağıyev kriminal iyerarxiyada yüksək statusa malik olduğunua görə həbs olunmuşdu. Rusiyaya qanunsuz keçən "qanuni oğru” 8 il azadlıqdan məhrum edilmişdi.
Lakin o zaman yayılan məlumatlarda iddia olunurdu ki, Rufo Gəncinskinin Rusiya hüquq-mühafizə orqanlarının hədəfinə gəlməsinə səbəb onun 2019-cu ildə Türkiyədə qətlə yetirilən "qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın adamı olmasıdır.
Ülfət Tağıyevin adı həm də yezid əsilli "qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) qətlində hallandırılırdı.
Ded Xasanın klanı ilə Rövşən Lənkəranski və tərəfdarları arasında konflikt var idi. Münaqişənin kökü rusiyalı "qanuni oğru” Vyaçeslav İvankovun (Yaponçik) qətlinə gedib çıxır. İvankov kriminal dünyanın sonuncu mogikanı hesab edilirdi. Onun ölümündə Ded Xasanın adı çəkilirdi. İddia olunurdu ki, Aslan Usoyan kifayət qədər nüfuz sahibi olan Yaponçiki sıradan çıxarmaqla criminal dünyanı tam nəzarətə götürmək istəyib. Rövşən Lənkəranski, ümumiyyətlə azərbaycanlı "qanuni oğru”ların əksəriyyəti Vyaçeslav İvankova daha çox hörmət bəsləyiblər. Bu baxımdan, Ded Xasanın qətlində Lənkəranski və tərəfdarlarının adı çəkilirdi.
Rufo Gəncinskinin azadlığa çıxması ilə kriminal dünyada yeni təlatümlər yaşana bilər. Xüsusilə, azərbaycanlı kriminalitetlər arasında bir çox məsələlərə yenidən baxmaq üçün "sxodka”lar keçiriləcəyi gözlənilir. Bu "sxodka”ların qanlı savaşın əsasını qoyacağını da söyləyənlər var.